07-03-2011 [06:45]
[b]Əvəz Temirxan: "Əgər iqtidar qanlı inqilab istəmirsə, o qanlı inqilab nəticəsində təkcə hakimiyyəti yox, xalqdan oğurladığı milyardları da son qəpiyinə qədər itirmək, hətta bəziləri həyatını itirmək istəmirsə, ağ inqilaba getməlidir" [/b]
Son günlər Azərbaycan müxalifəti ərəb dünyasındakı təlatümlərdən ilhamlanaraq inqilabdan danışmağa başlayıb. Müxalifətin hazırda əsas koordinasiya olunmuş qüvvələri isə İctimai Palatada toplanıb. Amma bəzi siyasi qüvvələr kənarda qalıb. Azərbaycan Liberal Partiyası (ALP) müxalifətin faktiki birliyindən kənarda olsa da, yeni birlik istiqamətində fəaliyyətə başlayıb. ALP-nin sədri Əvəz Temirxan müsahibəsində öncə İctimai Palatada fəaliyyət göstərməmələrinə aydınlıq gətirdi:
- Bizə İctimai Palatanın təsisçisi rolunda iştirak etmək təklif olunub. Amma biz hələlik o qurumda təmsil olunmağı məsləhət bilməmişik. Onu da qeyd edim ki, İctimai Palatada olan partiyalarla əməkdaşlığın əleyhinə deyilik. Amma bizim əməkdaşlıqla bağlı öz yanaşmamız var. Biz, son parlament seçkilərində rəsmən iştirak etmiş partiyaların bir araya gəlməsinin tərəfdarıyıq. Bunlar 8 partiyadır - ALP, VİP, ADP, Ümid, Müsavat, AXCP, AMİP və KXCP. Bu partiyalar İctimai Palatanın fəaliyyət sürətini azaltmadan, işinə xələl gətirmədən bir araya gələ bilərlər.
- Bu partiyaların bir araya gətirilməsi üçün Sizin hansısa bir planınız varmı?
- Biz təkcə bu 8 partiya ilə birliyi məhdudlaşdırmaq fikrində deyilik. Tanınmış ictimai-siyasi xadimlər, QHT rəhbərləri, ziyalıları da bu birliyə cəlb etməyi nəzərdə tuturuq. Sadəcə, ilk addımı atacaq subyektlər kimi 8 partiyanı görürük. Hesab edirik ki, nəzərdə tutulan birliyin nüvəsində bu təşkilatlar dayana bilər. Təbii ki, bu qüvvələr ortaq məxrəcə gələ bilsələr.
- Təklif etdiyiniz birliyə ən yaxın format İctimai Palatadır. Niyə ora qoşulmursunuz?
- İctimai Palatada əməkdaşlıq prinsipləri bir qədər fərqlidir. Mən dərinə getmək istəmirəm, bu, onların öz yanaşmasıdır. Hesab edirəm ki, indiki şəraitdə əsas məsuliyyəti bu 8 partiya götürə bilər. Yaradılacaq birlik formatı da İctimai Palatadan fərqli olmalıdır.
- Elə təəssürat yaranır ki, İctimai Palataya sonradan qoşulmağı, yaxud orada təşəbbüs başqa partiyalarda olduğundan getməyi özünüzə sığışdırmırsınız...
- Xeyr. Bu fikrinizlə razı deyiləm. Çünki İctimai Palataya qoşulmamaq bizim öz seçimimiz olub. ALP də, VİP də əvvəlcədən bu quruma dəvət ediliblər. Yanaşmalarımızda fərqlilik olduğuna görə getməmişik. Amma indi vəziyyət başqadır. Bilirsiniz ki, iki aya yaxındır ərəb ölkələrində inqilablar baş verir və bunun Azərbaycana da təsiri göz önündədir. Ona görə də, belə bir vəziyyətdə təşkilatlanmış, peşəkar siyasi qüvvələr əsas məsuliyyəti öz üzərilərinə götürməlidir. Bu baxımdan hesab edirik ki, İctimai Palatada siyasilərin, ayrı-ayrı şəxslərin, ziyalıların bir araya gəlməsi irəliyə doğru bir addımdır. Yəni onları gözdən salmaq niyyətində deyilik. Ancaq daha yaxşı olar ki, 8 partiya ictimai-siyasi qüvvələrin, ayrı-ayrı şəxslərin əməkdaşlığında öndə olsun.
Onu da nəzərə çatdırım ki, təşəbbüsün mərkəzində olmaq vacib məsələ deyil. Sadəcə, biz prosesə bir balaca fərqli yanaşırıq.
- O fikirlər də səslənir ki, ALP AXCP və Müsavatla ötən ildə yaşadığı gərginliklərə görə, onların avanqardı olduğu quruma qoşulmur. Hətta Sizin bu addımınızın hakimiyyətin xeyrinə olması da bildirilirdi.
- Liberal Partiyaya, Lalə Şövkətə heç kim nəsə sifariş edə bilməz. Əgər bizim mövqeyimiz kiminsə mövqeyindən fərqlidirsə, bu heç də o demək deyil ki, kiməsə xoş gəlmək üçün bu mövqedən çıxış edirik. Əgər biz sifariş qəbul etsəydik, 17 il bundan öncə yüksək vəzifədən imtina eləməzdik. Hazırda hakimiyyətin mübarizə apardığı korrupsiyanın Azərbaycana bir bəla olacağını deyərək Lalə Şövkət dövlət katibi vəzifəsindən gedib. Bizim öz mövqeyimiz var, o da nə hakimiyyətdən, nə də iqtidardan asılıdır. Bizim hesabat verdiyimiz qüvvə Allah, cəmiyyət və vicdanımızdır. Odur ki, heç kim bizi hakimiyyətə işləməkdə, yaxud bu kimi mövqe tutmaqda ittiham edə bilməz.
- Bir müddət öncə Qarabağ və Respublika Uğrunda Hərəkatı bərpa etmək barədə qərarınız var idi, amma deyəsən, baş tutmadı. Çünki bu hərəkatda təmsil olunması nəzərdə tutulan ADP sədri Sərdar Cəlaloğlu QRUH-un bərpasına ehtiyac olmadığını bildirdi...
- Biz Sərdar bəylə İqbal bəyə müraciət edəndə Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpasını nəzərdə tutmurduq. Təklifimiz o idi ki, bir araya gələk və bütün siyasi qüvvələri vahid mərkəzdə birləşdirək. Məqsədimiz də Azərbaycanı ağır iqtisadi, sosial, siyasi vəziyyətdən çıxarmağın yollarını birgə müzakirə edib, çıxış yolları tapmaq idi. Bu məsələ hələ Tunis hadisələrindən öncə gündəmə gəlmişdi. O zaman İqbal bəylə Sərdar bəy məsləhət gördülər ki, Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpasından başlayaq. Sonradan belə anlaşıldı ki, Müsavatla AXCP Qarabağ və Respublika Uğrunda Hərəkatın bərpasına meylli deyillər. Görünür, Sərdar bəy artıq bu hərəkatın bərpası ilə bağlı bu cür vəziyyət yarandığına görə, belə bir fikir səsləndirib. Amma həmin format olmasa belə, müxalifətin başqa bir formatda bir araya gəlməsi labüddür. Hazırda adıçəkilən partiyalar arasında məsləhətləşmələr gedir.
- 12 martda ümumrespublika mitinqinin keçirilməsi ilə bağlı məsələ gündəmə gəlib. Bu barədə Siz nə düşünürsünüz?
- Bu məsələ hələlik müzakirə olunur, hər hansı bir qərar yoxdur. Məlum olduğu kimi, bununla bağlı İctimai Palatada fikir ayrılığı var, ancaq bizim başqa bir qurumdakı fikir ayrılığına münasibət bildirmək niyyətimiz yoxdur.
- ALP-nin də kütləvi aksiyalar keçirmək niyyətində olduğunu bildirmişdiniz, nə zaman başlayırsınız? Ümumiyyətlə, hazırda kütləvi tədbirlərin zamanıdırmı?
- Bu gün cəmiyyət mənən mitinqlərə hazırdır. Amma hər şeyin zamanı var. Ola bilər ki, kütləvi aksiyalar başlayandan sonra fasiləsiz mitinqlərə keçirilsin. İnsanların soyuq havada meydanlarda qalması məqbul deyil. Mən bilmirəm, Müsavat Partiyası hansı məqsədlə 11-12 martda mitinq keçirmək istəyir. Düşünürəm ki, aprel-may aylarında mitinqlərə start verilməsi daha əlverişlidir.
- Əvəz bəy, indiki vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Əgər bu iqtidar özünü qorumaq instinktini itirməyibsə, bu "amansız bələdiyyə mübarizəsinə",- son qoymalıdır. Azərbaycan iqtidarı bu gün bataqlıqdadır. Onun son günlər apardığı "antikorrupsiya mübarizəsi" isə bataqda çabalamağa bənzəyir. Bataqlıqda çabaladıqca daha dərinə gedirsən. Hakimiyyətin apardığı kampaniya belə bir fikir yaradır ki, bunlar islaholunan deyil, bunları yola salmaq lazımdır. Bu da onu göstərir ki, iqtidar həmişəki kimi səhv yoldadır. Bilirsiniz, hakimiyyət heç vaxt ekstremal situasiyaya düşməyib. Hakimiyyət bu günə kimi nəhəng bir korrupsiya eşelonunu avtopilotda idarə edib, indi bunu dayandırmaq lazımdır. Məsələ odur ki, onu dayandırmaq mümkün deyil. Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizənin ən vacib şərti şəffaflıqdır. Söz, mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, azad və ədalətli seçki keçirmək şəraiti, demokraktik siyasi fəaliyyət mühiti olmadığı yerdə şəffaflıq olmur. Ona görə də Şamaxıda iki bələdiyyə başqanını, yaxud hansısa torpaq şöbəsi müdirini həbs etməklə korrupsiyaya qarşı mübarizə aparmaq olmaz. Bu, hakimiyyətə qarşı acınacaqlı münasibəti daha da qıcıqlandırır. Ümumiyyətlə, cəmiyyətdə bu hakimiyyətə inam yoxdur, olmayacaq da. Əgər hakimiyyət doğrudan da vəziyyətdən çıxmaq istəyirsə, yaxın zamanlardan başlayaraq yüz islahat və dialoq günü elan etməlidir. Yəni müxalifət başda olmaqla, cəmiyyətin geniş təbəqəsi ilə dəyirmi masa keçirməlidir.
- Konkret təklifləriniz nədir?
- Güc strukturları, təhlükəsizlik orqanları dövlət başçısının nəzarəti altında qalmaqla, Nazirlər Kabineti buraxılmalıdır. Sosial-iqtisadi blok YAP-dan, müxalifətdən, müstəqillərdən və yaxşı mütəxəssislərdən təşkil olunmalıdır. Ölkədə ciddi Konstitusiya islahatları aparılmalıdır. Həm hakimiyyət, həm müxalifət biri-birinə qarşı hüquqi, şəxsi təhlükəsizlik öhdəliyi götürməlidir, zəmanət verməlidir. İqtidar nümayəndələri bilməlidirlər ki, sabah hakimiyyətdən gedəndə repressiyaya məruz qalmayacaqlar. Hesab edirəm ki, referenduma gedilməli, deputatların sayı 201-ə qaldırılmalı, parlamentin səlahiyyətləri genişləndirilməli, proporsional seçki sistemi bərpa olunmalıdır. Güc nazirlikləri, təhlükəsizlik və Xarici İşlər nazirlikləri istisna olmaqla, ?azirlər Kabinetinin tərkibi parlament seçkilərində qalib gəlmiş partiyalar tərəfindən formalaşdırılmalı və sosial-iqtisadi siyasətə ?azirlər Kabineti cavab verməlidir. Referendumdan sonra parlament seçkiləri keçirilməlidir. 2013-cü ilə kimi cəmiyyətdə daxili düşmənçilik səngiyər və seçkidə hakimiyyət xalqın iradəsi ilə formalaşar.
- Bəs, hakimiyyət Siz deyən islahatlara getməsə, nə olacaq?
- Hakimiyyət başa düşməlidir ki, ya inqilabi islahata getməlidir, ya da xalq onu inqilab yolu ilə tarixin arxivinə atacaq. Əgər iqtidar qanlı inqilab istəmirsə, o qanlı inqilab nəticəsində təkcə hakimiyyəti yox, xalqdan oğurladığı milyardları da son qəpiyinə qədər itirmək, hətta bəziləri həyatını itirmək istəmirsə, ağ inqilaba getməlidir. Ağ inqilab yuxarıdan başlayan, köklü islahatlardır. Yəni hakimiyyət inqilabi dəyişiklik etməlidir, yoxsa qanlı inqilab olacaq. Onu da nəzərə alsınlar ki, vəziyyət ayba-ay yox, saatba-saat dəyişir. Artıq Azərbaycanda bıçaq sümüyə dirənib. Hakimiyyət bundan nəticə çıxarmalıdır.
Z.ƏHMƏD