Tovuzda da etiraz aksiyası keçirilib

img

02-03-2011 [11:39]


Sosial müavinətlərin 7 aydır verilmədiyi Tovuz sakinləri şəhərin mərkəzi küçəsini bağlayıblar. Sakinlərin MİA-ya verdiyi məlumata görə, fevralın 28-də Tovuz şəhərinin Həzi Aslanov küçəsində 100 nəfərədək sakinin iştirak etdiyi etiraz aksiyası keçirilib. Aksiyaçılar şəhərin əsas küçəsini 1 saata yaxın bağlı saxlayıblar. Saat 10 radələrində başlayan aksiya sosial müaviətlərin ödənilməməsi ilə bağlı olub. Aksiya iştirakçılarının müxbirimizə dediyinə görə, Sosial Müdafiə Mərkəzinin Tovuz rayon şöbəsindən onların son 7 aylıq müavinətləri əllərindən alınıb, üstəlik sonuncu 5 ayınkını da vermirlər. Aksiya iştirakçıları qeyd ediblər ki, onların kartı özlərinə verilmir, Mərkəz əməkdaşlarının özləri tərəfindən çıxarılır və mənimsənilir. Yaşlı bir qadın ağlayaraq mağazaya çörək üçün xeyli borcu olduğunu və bu səbəbdən ona daha çörək verilmədiyini deyib. O, bu ağır vəziyyətdən çıxmaq üçün sosial ödənişinin verilməsini istədiyini bildirib. Polis aksiyaya müdaxilə etməyib, lakin bir saat sonra İH-nin nümayəndələri və polis aksiya iştirakçılarından dağılmalarını xahiş edib. Aksiya dinc şəraitdə başa çatıb. Qeyd edək ki, Sosial Müdafiə Mərkəzinin Tovuz rayon şöbəsinin rəis müavini rayon İcra hakimiyyətinin başçısı Tofiq Zeynalovun kürəkənidir. Ölkədə korrupsiyaya qarşı mübarizənin gücləndiyi bir vaxtda belə halların baş verməsi bəzi məmurların bu işdə maraqlı olmadığını göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA