27-02-2011 [06:10]
[b]"Bu gün Azərbaycan müəllimi cəmiyyətə korrupsioner olaraq tanıdılır. Müəllim adı qürur, şərəf qaynağı olmaqdan çoxdan çıxıb" [/b]
Məlum olduğu kimi, Azərbaycan Avropa təhsil sisteminə iqteqrasiya kursunu götürüb. Artıq neçə ildir ki, ali məktəblərimizdə Boloniya prosesinə keçilib. Həttə bu prosesin müsbət nəticə verdiyi ali təhsil müəssisələri də var. Ancaq Azərbaycan təhsilində kifayət qədər prolemlər də qalmaqdadır. Görəsən, Azərbaycan gənclərinin təhsil aldığı Türkiyənin təhsil sahəsindəki vəziyyəti necədir? TOBB Universitetinin Beynəlxalq münasibətlər bölümünün dosenti, siyasi elmlər doktoru Toğrul İsmayıl Azərbaycanın təhsil sistemi ilə Türkiyənin təhsil sistemi arasındakı fərqli cəhətlər, müsbət və mənfi xüsusiyyətlər barədə fikirlərini bizimlə bölüşdü.
- Toğrul bəy, hazırda Türkiyədə çalışırsınız. Öncə Türkiyə ilə Azərbaycan təhsil sistemindəki fərqli cəhətlər barədə fikirlərinizi öyrənmək istərdik.
- Çox çətin sualdır. Ümumiyyətlə, təhsil sistemlərini muqayisə etmək, özəlliklə də fərqli yollarla inkişaf edən bu sistemlərin müqayisəsi olduqca çətin məsələdir. Belə ki, hər iki ölkədə müsbət və mənfi cəhətlər görmək olar və ya sadəcə, əksikliklər üzərində fikri yocunlaşdıraraq işin müsbət tərəflərini ikinci plana da atmaq mümkündür. Ona görə də mən burada əsas məsələlərə vurğu vurmaq istəyirəm. Birincisi, Türkiyədə təhsil azaddır. Hər hansı bir basqı sistemini görmək çətindir. Eyni zamanda, xüsusilə də ali təhsildə təşviqlər və alternativlər olduqca çoxdur.
İkinci əsas məsələ, Türkiyədə təhsildə rüşvət və ya hər hansı bir yolverilməz variantlardan danışmaq yersizdir. Belə bir hadisə ağlagəlməzdir və bu yola getmək cəhdləri acımasızca cəzalandırılır. Əminliklə deyə bilərəm ki, Türkiyənin təhsil sistemində rüşvətə yer yoxdur. Bu da Türkiyədə ölkənin gələcəyi olan gənclərin yetişdirilməsinə nə qədər önəm verildiyinin göstəricisidir.
Qeyd etdiyim bu iki məsələ təhsildəki fərqi ortaya qoymaq üçün yetərlidir. Bunun yanında texnologiyanın nailiyyətlərindən istifadə məsələsini də qeyd etmək lazımdır. Buradakı universitetlər demək olar ki, internetdən maksimum dərəcədə istifadə edirlər. Müəllim və tələbələrin bu nailiyyətlərdən istifadəsi üçün maksimum şərait yaradılıb. Məsələn, bizim universitetdə hər bir müəllim və tələbə kompüterlə təmin edilib, hər birimizin elektron adresimiz var və tələbələr də, müəllimlər də hər bir şey haqqında internet vasitəsilə universitet saytından istifadə edirlər.
- Türkiyə təhsil sisteminin hansı təcrübəsi Azərbaycanda tətbiq edilsə, yaxşı olar?
- Elə yuxarıda sadaladığım təcrübələrin Azərbaycanda tətbiqi çox yaxşı olardı. Bu, təhsilin açıq və şəffaf olmasını təmin edir. O biri yandan, Türkiyədən öyrənəcəyimiz çox şeylər var. Mən bunları qeyd edərkən heç də bizim elm adamlarımızın bilik və bacarığını kiçiltmək istəmirəm. Bir çox sahədə xüsusi istedadlı azərbaycanlı alimlərimiz var. Lakin metodik gerilik və texologiyanın nailiyyətlərindən yetərincə istifadə etməmək, ya da edə bilməmək, bizi geri atır. Mən hələ təhsilimizdə olan subyektiv mənfi halları demirəm. Bütün bunlar həm bizdəki təhsil siteminə, həm də bizim alimlərin çalışmalarına kölgə salır.
- Bizim ali məktəblərlə Türkiyə ali məktəblərinin dünya səviyyəsində qəbul olunmasındakı vəziyyəti analiz edə bilərsinizmi?
- Bu sahədə fərq olduqca böyükdür. Ona görə də müqayisə yanlış olardı. Türkiyənin bir çox universitetlərinin diplomları demək olar ki, dünyanın hər yerində tanınır. Dünyada 15 min universitet üzərində yapılan araşdırma nəticəsində ODTÜ və Bilkent ilk 500-lüyə girdi. Ən yaxşı 1000 içində 7 Türkiyə universiteti var. Bu yetərlidirmi, xeyr, əsla?! Türkiyədə də problemlər çoxdur, burada da təhsil tənqidin hədəfindədir. Amma iş orasındadır ki, Türkiyədə hər deyilən təklifə qulaq asılır, gərəkən dəyişikliklər ən qısa zaman da gerçəkləşdirilir.
- Tələbələr arasında hansı fərqli cəhətlər var? Bizim gəncliyimizlə Türkiyə gəncliyi həm təhsil, həm də ictimai-siyasi düşüncə də fərqli düşünürlər, yoxsa...
- Gənclər hər yerdə eynidir. Azərbaycan gəncliyi heç də Türkiyədəki həmyaşıdlarından geri qalmır. Ən əsas fərq Türkiyə gəncliyinin daha azad, daha sərbəst olmasıdır. Buradakı gənclər fikirlərini söyləməkdə daha sərbəstdirlər. Müəllim-tələbə münasibətləri də bu müstəvidədir. Universitetlərdə də bütün məsələlər tələbə lehinə həll edilməyə çalışılır. Universitetlərdə və ondan kənarda çox sayda tələbə gənclər birlikləri vardır. Universitetlərdə bu birlikləri həm maddi, həm də mənəvi cəhətdən dəstəkləyirlər. Türkəyədə gənclik azad ruhda böyüyür, bu da əsas fərqimizdir.
- Bildiyiniz kimi, Azərbaycanda ali məktəblərdə tapşırıq və rüşvət amili təhsil sitemindən də yan keçməyib, bu baxımdan hansısa oxşarlıqlarımız varmı?
- Məncə, sual yanlış oldu. Türkiyədə təhsildə tapşırıq və rüşvət amilindən söz gedə bilməz. Bu cəhətdən heç bir oxşarlıq yoxdur və olamaz da. Belə bir şeyi ağla gətirmək yersizdir. Yuxarıda da qeyd etdiyim kimi, əsas fərq budur. Vurğulamaq istədiyim bir düşüncəm var. Hər bir ölkənin təhsil sistemində problemlər var və olacaq da. Çünki elm də, cəmiyyət də davamlı inkişafdadır. Bu problemlər isə həll oluna biləcək problemlərdir. Amma təhsildə rüşvət problem deyil, bəladır, müalicəsi olmayan xəstəlikdir. Qanqrenadır. Onu bir dəfəlik kəsib atmaq lazımdır.
- Təhsil sahəsində çalışanların maddi rifahı barədə nə deyə bilərsiniz?
- Azərbaycandakı bugunkü müəllim maaşı ilə, təhsilə olan münasibətlə mövcud olan problemləri necə həll edəcəklər, əslində mənim üçün də maraqlıdır. Bu gün Azərbaycan müəllimi cəmiyyətə korrupsioner olaraq tanıdılır. Müəllim adı qürur, şərəf qaynağı olmaqdan çoxdan çıxıb. Heç də uzaq olmayan keçmişdə idealizə edilən müəllim obrazı indilərdə məsxərə, parodiya hədəfi olub. Müəllimin şərəfli adını özünə qaytarmaq vacibdir. Belə olarsa, müəllimə də, təhsilə də olan münasibət dəyişər. Dünya da Azərbaycan elminə gərəkən qiyməti məhz o zaman verər.
- Toğrul bəy, Türkiyədə elm sahəsində vəziyyət necədir? Elmi araşdırmalar, tədqiqat işləri hansı səviyyədə aparılır?
- Türkiyə son zamanlar elm sahəsinə diqqəti daha da artırır. Doğrudur, bu sahədə çatışmazlıqlar olsa da, beynəlxalq müstəviyə yüksəlmək əsas məqamı təşkil edir. Cümhuriyyətin onuncu ilində (1933), Faşist Almaniyasından qaçaraq Türkiyəyə gələn Alman elm adamlarının qatqılarıyla ilk universitet islahatı reallaşdırılmışdır. 2252 saylı qanunla qüvvəyə minən bu islahatın məqsədi; maarif, təhsil, elm və araşdırma işlərinin müasir səviyyəyə çatdırılmasıdır. Bu qanun Türkiyədə müasir mənada elmin və elmi işlərin başlanğıcı olaraq qəbul edilir. Bu gün də Türkiyə elmi nailiyyətlərinə görə irəlidədir. Qısaca demək olar ki, Azərbaycanla müqayisədə Türkiyədə elm və texnologiya bir çox nailiyyətlər əldə edib.
- Bizdə elm sahəsində çalışanlar maddi cəhətdən yüksək səviyyədə təmin olunmurlar. Türkiyədə sıravi elmi işçinin sosial problemləri ilə azərbaycanlı alimin vəziyyəti müqayisə oluna bilərmi?
- Əslində sosial problemlər hər yerdə eynidir. Lakin türk elm işçisinin maddi vəziyyəti Azərbaycandakı məsləkdaşı ilə müqayisə edilə bilməz. İstər maaş, istər də maddi dəstək nöqteyi-nəzərindən bu ölkədə elm adamlarına yönəlik xeyli müsbət çalışmalar var. Dövlət və elm müəssisələri hər cəhətdən maddi və mənəvi olaraq elmi araşdırmalara dəstək verirlər. Gənc araşdırmaçıların xaricdə təhsilinə və araşdırmalarına qurumlar ciddi şəkildə sahib çıxırlar. Ölkədə modern universitetlərin sayı artmaqdadır. Bunun nəticəsidir ki, son illər ölkədən "beyin köçü" azalıb. Ən əsası isə Türkiyə xaricdə işləyən istedadlı elm adamlarının ölkəyə dönməsini təşviq edir. Bu da çox vacib məsələlərdən biridir. Azərbaycan dövləti də ölkədən ildən-ilə artan beyin köçünün, yəni intellektual axının qarşısını almalıdır.