MDH: iran Azərbaycanın daxili izlərinə qarızmasın

img

21-02-2011 [10:45]


Milli Dirçəliş Hərəkatının Bakı və Abşeron kəndləri Departamentinin Qurultaya hazırlıqla bağlı konfransı keçirilib. Hərəkatın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, konfransda Bakının 33 məhəlləsindən, 18 kəndindən , İçəri Şəhərdən və Xırdalan şəhərindən 220 səlahiyyətli nümayəndə iştirak edib. Konfrans rəhbər orqanları və MDH Qurultayına nümayəndələr seçib. Konfransda qonaq qismində iştirak edən Böyük Quruluş Partiyasından Ülvi Həkimov, qocaman güləşçi Hacı Ramiz, xeyriyyəçi Zakir Tağıyev, MDH Qərbi Azərbaycan Departamentinin sədri Arif Abbasov, MDH Qarabağ Departamentinin sədri Şakir Ağayev və digərləri təbrik çıxışları ediblər. Konfransda Milli Dirçəliş Hərəkatının sədri, milliət vəkili Fərəc Quliyev çıxış edib. O, bildirib ki, konfransa təşrif gətirmiş mübarizə qardaşlarımızın və bacılarımızın yerlərdəki fəaliyyətlərinə görə onlara öz minnətdarlığını bildirir: ?Bu gün sizlərlə birgə vətənimizin bütövlüyünün təmin olunması, onun inkişaf etməsi, dost olmayan ölkələrin basqılarından qorunması üçün çiyin- çiyinə mübarizə aparmaq şərəf işidir. Bakı və Abşeron kəndləri vətənin ən ağır günlərində bütün imkanları ilə ön sırada olubdur. Sovet imperiyası ilə mübarizədə Azərbaycanın ürəyi olan Bakı mümkün sayılmayanları belə, edirdi. 1990-cı il yanvar qırğınında Bakını qərənfillə örtən soydaşlarımız imperiya qırğınlarına məruz qalmış, Gürcüstan, Pribaltika respublikalarında da eyni fədakarlığı etdilər. Azərbaycanın hər bir rayonu o cümlədən Bakı və Abşeron kəndləri Qarabağ savaşında da vətənimizi şəhidləri ilə ucaltmışlar. Bu günlər Xocalı soyqırımı anım günləridir. Allah şəhidlərimizə rəhmət etsin. Gördüyümüz kimi millətin ruhən bütövləşməsi problemlərimiz müstəvisində özünü göstərir. Mən bunu həmişə xüsusi qeyd edirəm. ?Nə qədər ki, Azərbaycan bütöv millətin tarixi ərazisində bütöv dövlətinə çevrilməyib, nə qədər ki, milli problemlər və onlara münasibət ümumiləşməyib, labirintlərdə ilişib qalacaq, düşmənin təşkil etdiyi oyun qaydaları ilə oynamağa məcbur olacağıq?. Ona görə də biz MDH-da fərqli bir təşkilat strukturu qurmuşuq, hər problemə adekvat departament yaratmışıq : Borçalı Departamenti, Bakı və Abşeron kəndləri departamenti, Güney Azərbaycan Departamenti, Dərbənd Departamenti, Diaspora Departamenti. Bu departamentlər öz strukturları ilə fəaliyyət proqramı hazırlayır, lakin problemləri həll etmək üçün bütün departamentlər və təşkilatın rayon şöbələri birgə fəaliyyət göstərirlər. Bununla da həm milli birliyin institutlaşmış bazası formalaşır, həm də məşhur deyimdəki kimi:?hamı bir nəfər üçün, bir nəfər hamı üçün çalışır?. Biz icma davranışından millətləşmə davranışına keçiddə bu formanı məqbul saydıq. Mən inanıram ki, Bakı və Abşeron kəndlər departamenti Bakının, Abşeronun, bütövlükdə Azərbaycanın inkişafında önəmli rol oynayacaq. Bizə qonşu olub dost olmayan ölkələrin vətənimizdə pozuculuq işlərinin qarşısında duracaq. Bakının- dünya mədəniyyət xəzinəsi incisi olan bu diyarın qorunması üçün səmərəli təkliflər verəcək və ictimai nəzarəti quracaqdır. Bizim mürəkkəb olduğu qədərdə sadə bir istəyimiz var-İnsanlarımız rifah içində yaşasın, Dövlət və vətəndaş bir-birinə qarşılıqlı sahib çıxsın. İnsanların hüquq bərabərliyi olsun. Sərvətlər insanlar arasında bərabər bölünsün. Torpaqlarımız azad olsun. Gələcək nəsillərə töhvələr qalsın, problemlər qalmasın?. Konfransda İranın Azərbaycanın daxili işlərinə qarışması ilə bağlı, Qarabağla bağlı, əzəli Azərbaycan torpaqları Qərbi Azərbaycana Böyük Qayıdışla bağlı bəyanatlar qəbul olunub. *** MDH Bakı və Abşeron kəndlər departamentinin Qarabağla bağlı bəyanatı: Hörmətli soydaşlarımız. Allahın bizə qismət etdiyi bu zəngin və gözəl vətəndə millətin rifah içində yaşaması hamımızın arzumuzdur. Məkrli düşmənlərimiz və onların dəstəkçiləri süni problemlərlə xalqımızın rifah içində olmasını əngəlləyir. Bu problemlərdən ən başlıcası Ermənistan Azərbaycan müharibəsidir. Qarabağımızı əlimizdən almaq istəyənlər hər vəchlə problemin həllini uzatmağa çalışırlar. Bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdə olmasına baxmayaraq, BMT-nin dörd məlum qətnaməsi qəbul olunmasına baxmayaraq, böyük dövlətlər və beynəlxalq institutlar hələdə mövqesizlik nümaiş etdirirlər. Əslində Azərbaycanın müharibədə ədalətli tərəf olduğu, ərazilərinin işğal olunması, işğal edilmiş Azərbaycan ərazisindən işğalçıların çıxması zərurəti BMT-nin müvafiq qətnamələrində göstərilmişdir. Biz beynəlxalq vasitəçilərdən öz missiyalarını həmən yerinə yetirməsini tələb etməklə yanaşı, hesab edirik ki, bütün cəmiyyət öz gücünü səfərbər etməli, vətənçi platformada ölkəmiz toparlanmaqla son döyüşə hazır olmalıdır. Bizim Qarabağ dərdini gələcək nəsillərə saxlamaq istəyimiz və haqqımız yoxdur. Vətəni sevmək imandandır. Səninlə savaşanlarla savaş. *** Milli Dirçəliş Hərəkatı (MDH) Bakı və Abşeron kəndləri Departamentinin qurultaya hazırlıq konfransının İranın Azərbaycandakı səfirliyinə müraciəti: Əziz həmvətənlərimiz. Ermənistan adlanan qondarma dövlət ağalarının vasitəsilə torpaqlarımızı işğal etmişdir. Özünün heç bir hərbi və iqtisadi gücü olmayan Ermənistan bizə dost olmayan dövlətlərin yardımı ilə ayaq üstə durur və üstümüzə ayaq açır. Minlərlə məktəbləri, qəbristanlıqları, məscidləri darmadağın edən Ermənistana kim yardım edirsə düşmənimizin dostudur. Düşmənimin dostu düşmənimdir. Bunun sübuta ehtiyacı yoxdur. Müsəlman təəssübkeşliyindən danışan İran ərazisi körpü vasitəsi ilə Ermənistanaı bütün zəruri istehlak malları ilə təchiz edir, Araz üzərində öz vəsaiti hesabına tikdiyi su elektirik stansiyası ilə Ermənistanı elektirik enerjisi ilə təchiz edir, indi isə Təbrizdən Ermənistana böyük bir qaz kəməri çəkilişi reallaşdırılır. Biz iran adlanan dövlətdən tələb edirik ki, ən müxtəlif bəhanələrlə Azərbaycanda qarışıqlıq salmaqdansa, gerçək bir müsəlman təəssübkeşliyi göstərərək Ermənistana sadalanan yardımları dayandırsın, illərdir qız gəlinimizin Erməni əsirliyində qalmasına biganə qalmasın, dağıdılmış məscid və qəbirstanlıqları görməməzliyə vurmasın. Nəhayət ki, İran Azərbaycanın daxili işlərinə qarışmasın.Biz konfrans iştirakçıları bəyan edirik ki, ?öncə vətən? prinsipinə sadiq qalaraq vətənimizin daim müstəqil qalması, rifahda və təhlükəsizlikdə olması üçün bütün səylərimizi ortaya qoyacağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA