Əksər ali məktəb rəhbərləri istefaya göndərilməlidir

img

20-02-2011 [05:56]


[b]Etibar Əliyev: "Azərbaycanda elə ali məktəb var ki, onun rektorunun işlədiyi dövr Hüsnü Mübarəkin prezident olduğu illər qədərdir" [/b] İspaniyanın Dövlət Elmi-Tədqiqat Mərkəzi dünya ali məktəblərinin "Webometrics" adlı reytinq cədvəlini açıqlayıb. Ali məktəblərin qiymətləndirilməsində hər bir qurumun dünyada tanınma səviyyəsi, elektron məkanda tutduğu çəkisi, başqalarının ona verdiyi qiymət, müasir elmi nəşrlərin çəkisi kimi meyarlar əsas götürülüb. Bəlli olub ki, yüksək liqa hesab olunan ilk 6000 ali məktəb arasında Azərbaycandan yalnız "Xəzər" Universitetinin (5097) adı var. Məsələylə bağlı "XXI Əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev fikirlərini bizimlə bölüşdü: - Belə bir nüfuzlu cədvəldə dövlət ali məktəblərimizin yer tutmaması doğurdan da acınacaqlı haldır. Biz - ictimai sektorun nümayəndələri, neçə illərdir ki, təhsilin acınacaqlı durumu ilə bağlı həyəcan təbili çalırıq. Buyurun, bu da sizə bir göstərici. Bu cədvəlin dərc olunmasına qədər ali məktəb rəhbərləri ölkə başçısını, Azərbaycan cəmiyyətini aldatmaqla məşğul idilər. Ali təhsilin bütün ölkələrin inkişafında xüsusi çəkisi vardır. Belə bir hal mümkün deyil ki, təhsilin bir pilləsi inkişaf etsin, digərləri isə geriləsin. İnkişaf bütün pillələri əhatə etməlidir. Bu göstəricini həm də təhsilin digər pillələrinin göstəricisi hesab etmək olar. Azərbaycan ali təhsili orta və peşə təhsili kimi böhran dövrünü yaşayır. Ali məktəblərimizin böhran yaşantısı yanlış idarəçilik, şəffaflığın olmaması və korrupsiyanın geniş miqyas alması ilə bağlıdır. "Xəzər" Universitetinin həmin cədvəldə yer tutması isə ali məktəb rəhbərinin islahatlara yaşıl işıq yandırması ilə əlaqəlidir. - Etibar müəllim, bu cədvəldə Ukraynanın 38, Litvanın 17, Latviyanın 10, Estoniyanın 8, Belarusun 7, Ermənistanın 5, Qırğızıstanın 3, Gürcüstanın 2 ali məktəbinin adı var. Rəsmilərimiz bəyan edirlər ki, Azərbaycan iqtisadi imkanlarına görə regionun lider dövlətidir. Bu inkişafın təhsilə təsiri niyə görünmür? - Azərbaycan təhsilinə ayrılan vəsait Ermənistan büdcəsinin 50 faizini təşkil edir. Amma siz nəticələrə diqqət edin. Azərbaycan təhsilinə cavabdehlik daşıyan insanlar təhsili mövcud qanunlara, cəmiyyətin tələbatına, o cümlədən Prezident sərəncamlarına məhəl qoymadan özlərinin "qanunları" ilə idarə edirlər. Təhsilə ayrılan vəsait artdıqca keyfiyyət aşağı düşür. Dövlət rəsmiləri ilbəil təhsilə ayrılan vəsaitin artmasından qürur duyurlar. ?əticələrə görə isə pərt olurlarmı? Bax, bu görünmür. Təhsildə elə rüsvayçılıqlar baş verir ki, normal cəmiyyətlərdə baiskarlar nəinki vəzifələrini itirməli, hətta onların azadlıqda gəzmələri mümkün ola bilməzdi. Amma bizdə ölkənin strateji bir sahəsini bataqlığa yuvarlayanlar insanları borclu çıxarırlar. İnsanlara bozarırlar. Biz erməniləri idmandan çox intellektual savaşda udmalıyıq. Dövlət başçısı səviyyəsində universitet rektorlarından izahat tələb olunmalıdır. Ən azında vəsaitlərin xərclənməsinin hesabatı. - Sizcə, çıxış yolu nədədir? - Çıxış yollarından biri əksər ali məktəb rəhbərlərinin istefaya göndərilməsidir. Azərbaycanda elə ali məktəb var ki, onun rektorunun işlədiyi dövr Hüsnü Mübarəkin prezident olduğu illər qədərdir. Artıq vəziyyət o həddə çatıb ki, "filankəsin universiteti" anlayışı işlədilir. Bir nəfər 10 il rektor işlədiyi vaxtda islahat apara bilməyibsə, bundan sonra da apara bilməyəcək. On ildə 2 dəfə bakalavr, beş dəfə isə magistr pilləsi üzrə buraxılış olub. Bəla burasındadır ki, nəticələr indiyə qədər heç bir rəsmi qurumu maraqlandırmayıb. Prezident "Azərbaycan Respublikasının Ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalayıb. Tam məsuliyyətlə deyə bilərəm ki, bu sərəncamın bir bəndi belə icra olunmur. Sərəncamın icrasını yalnız asılı olmayan qurumlar monitorinq edə bilərlər. Buna isə imkan verilmir. Özlərinin-özlərinə verdiyi qiymət isə dünya reytinq cədvəlləri ilə başdan ayağa ziddiyyət təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA