Nəqliyyat Nazirliyində kollegiya iclası keçirilib

img

16-02-2011 [01:50]


Nəqliyyat Nazirliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı toplantı keçirilib. Toplantıda nazirliyin müvafiq qurumlarının rəhbərləri iştirak edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kollegiyanın sədri, nəqliyyat naziri Ziya Məmmədov çıxışına Azərbaycanın Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yanvarın 27-də keçirilən iclasında qaldırılmış məsələlərlə başlayıb və əlavə olaraq Nazirlər Kabinetinin 2010-cu ilin yekunlarına həsr olunmuş iclasında Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycanda bürokratik əngəllərin aradan qaldırılmasına, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da ciddi aparılmasında ictimai nəzarətin gücləndirilməsinə dair müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb. Kollegiyanın işində dövlət başcısının tövsiyə və tapşırıqlarına uyğun olaraq nazirliyinin müvafiq strukturlarının fəaliyyətində şəffaflığın artırılması üzrə qarşıda duran vəzifələr təhlil olunub. Kollegiya sədri Z. Məmmədov qeyd edib ki, bu məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin söylədiyi irad və tövsiyələr ciddi olaraq müzakirə olunmalı və qarşıya qoyulmuş vəzifələrin icra edilməsi üçün konkret tədbirlər görülməlidir. Nazirlik tərəfindən dəniz, dəmir yolu, avtomobil yolu və avtomobil nəqliyyatı sahəsində verilən tapşırıq və tövsiyələrə diqqət artırılmalı, nəzarət mexanizmi, xüsusilə daxili nəzarət daha da gücləndirilməlidir. Kollegiyada o da vurğulanıb ki, nazirliyin qaynar xətti aktivləşdirilməli və daxil olan müraciətlərə həssaslıqla yanaşılmalıdır. Kollegiya sədri bütün təsərrüfat rəhbərlərinə lisenziyaların verilməsi və rüsumların yığılması qaydalarının qanunvericiliyə uyğun şəkildə aparılmasını ciddi şəkildə tapşırıb. Eyni zamanda nazir Z. Məmmədov şəffaflığın daha da artırılması, korrupsiyaya, süründürməçiliyə qarşı mübarizə sahəsində tədbirlərin bundan sonra da intensiv şəkildə davam etdirilməsinin, həmçinin nəqliyyatda təhlükəsizlik məsələlərinə diqqətin artırılmasının zəruriliyini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA