Azərbaycan tarixçisi türk deputata cavab verdi

img

14-02-2011 [07:41]


[b]Kərəm Məmmədov Şah İsmayılın milli mənsubiyyəti ilə bağlı faktlar açıqladı [/b] Xəbər verildiyi kimi, Türkiyənin hakim AK partiyasından olan deputat Reha Çamuroğlu ciddi mübahisələrə səbəb olacaq iddia ortaya atıb. AKP-nin İstanbuldan seçilən millət vəkili Reha Çamuroğlu Türkiyədə milyonlarla üzvü olan ələvilik təriqətinin Şah İsmayıl tərəfindən yaradıldığını bildirib. Millət vəkili Azərbaycan Səfəvilər dövlətinin qurucusu olan Şah İsmayılın türk olmasına da şübhə ilə yanaşıb və deyib ki, ələviliyin köçəri türklərin özünəməxsus İslamı baxışları olduğu barədə şərhləri qəbul etmir: "Bu şərhlər köhnə olduğundan yanlışdır. Şah İsmayılın milli mənsubiyyəti də müzakirə mövzusudur. Şah İsmayılın əslən kürd olması mümkündür". Türkiyəli millət vəkilinin Şah İsmayıl Xətainin türk olmaması ilə bağlı iddiayla çıxış etməsi Azərbaycanda ciddi narahatlıq yaradıb. Bakı Dövlət Universitetinin Arxeologiya və Etnoqrafiya Kafedrasının dosenti, tanınmış tarixçi Kərəm Məmmədov türkiyəli deputatın açıqlamalarına tarixi faktlarla cavab verərək, öncə ələvilik təriqəti ilə bağlı deyilənlərə aydınlıq gətirib: "Ələvilik deyilən təriqət Həzrət Əlinin İslam dinində oynadığı rolu nəzərə alaraq daha qabarıq şəkildə önə sürülməsidir. İkincisi, ələvilik Şah İsmayılla bağlı deyil. Sadəcə olaraq, xürrəmilikdən üzü bəri Azərbaycan türklərində Həzrəti Əliyə böyük məhəbbət olub. Xürrəmilər, sonra sufilər, onlardan sonra hürufilər, hürufilikdən isə qızılbaşlıq doğub. Yəni bu, bizim ideologiyamızdır və zəncir halqaları kimi üzü bəri gəlir". Şah İsmayılın kürd olması məsələsinə gəlincə, K.Məmmədov bu fikirlərin tamamiylə əsassız sayıb: "Hamımız bilirik ki, Şah İsmayılın babası Şeyx Səfidir. Şeyx Səfi də Şeyx Zahid Ceylaninin tələbəsi olub. Şeyx Zahid tələbələrini məclisə çağıranda bir gün görür ki, Şeyx Səfi yoxdu. Üzünü tələbələrinə tutub deyir: - hardadır mənim o türkzadəm? Əgər kürd olsaydı, deyərdi ki, kürdzadəm. İkincisi, Şeyx Səfinin "Qara kitab" deyilən bir kitabı var. Həmin kitab türk dilindədir. İndi Reha Çamuroğlu Şah İsmayılın kürd olmasını harasından çıxarıb, onu deyə bilmərəm. Sadəcə olaraq, bugünkü Türkiyənin şərq hissəsində ələvilik nəyə görə yayılıb, bu tamam başqa söhbətin mövzusudur. Bu da onunla bağlıdır ki, 1514-cü ildən başlayaraq, əsl türk olan qızılbaşların osmanlılar tərəfindən təqibi başlayır. Bir sıra qızılbaşlar bu təqibdən yaxa qurtarmaq üçün özünü kürd kimi qələmə verir. ?əticədə Qərbi Azərbaycan torpaqları olan indiki Şərqi Anadolu ərazisi boşaldılır. Hazırda da orda daha çox kürdlər yaşayır". K.Məmmədov, Şah İsmayılın anası barədə də maraqlı məqamlara toxunub: "Şərq mənbələrində Şah İsmayılın nənəsi bir cür adlanır, Qərb mənbələrində başqa cür. Özünün real adı isə başqa cürdür. Şah İsmayılın nənəsi Həsən padşahın həyat yoldaşıdır. Biz onu Dəspinə xatun kimi tanıyırıq. O, İslamı qəbul edəndən sonra bu adı götürüb. Əsl adı isə Fyodoradır. Dəspinə xatunla Həsən padşahdan Aləmşahbəyim dünyaya gəlir. Xirstina mənbələrində onun adı Marta kimi göstərilir. Martanı Şeyx Heydərə - Şah İsmayılın atasına verirlər. Şeyx Heydərlə Aləmşahbəyimdən də üç oğul dünyaya gəlir - Sultanəli, İbrahim, İsmayıl. Səfəvilərdə bir qayda olub, əgər uşağın anası türk qızı deyildisə, ona hökmən türk cariyə tapıb süd anası edərdilər. Şah İsmayılın da süd anası, mənbələrin göstərdiyinə görə Borçalıdan olub. Görünür, Şah İsmayılın saza, sözə meylli olması da bu səbəbdəndir". Sonda tarixçi-alim türkiyəli millət vəkilinə ismarış göndərməyi də unutmadı: "Əgər Reha Çamuroğlu tarixi şəxsiyyətləri araşdırmaq istəyirsə, əvvəlcə öz sultanlarının mənşəyini öyrənsin. Qoy gedib Osmanlı sultanlarının kökünü araşdırsın ki, Sultan Səlim kimdi, heç dədəsi də məlum deyil. Sonra isə cuhud balası Sultan Süleymanı araşdırsın. Bizim türklüyümüzə isə onların şübhəsi olmasın".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA