Sabirabadda fövqəladə vəziyyət elan olunub

img

10-02-2011 [02:59]


Sabirabadda mitinq qorxusu və həbslər başlayıb. Buna səbəb son zamanlar rayonun Cavad kənd sakinlərinin kifayət qədər aktivləşməsi olub. Belə kənd sakinləri bir sıra problemlərlə bağlı olaraq yerli icra hakimiyyətinə, o cümlədən də prezidentə və əlaqədar dövlət qurumlarına müraciətlər ünvanlayıblar. Problemlər əsasən işıq, qaz və yollarla bağlıdır. Dünən axşam saat 8 radələrində Sabirabad rayon mərkəzindəki çayxanada iki nəfər Tofiq Zeynallı və Zaur Ağayev həbs ediliblər. Onları rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları həbs edərək aparıblar. Yarım saat bölmədə saxlanıldıqdan sonra məlum olub ki, polis rəisi Aqil Vəliyev şəxsən həbs edilənlərə hədə-qorxu gəlib. Həbs edilənlərdən biri Zaur Ağayevin cibindən isə rayonun Cavad kənd sakinlərinin şikayət məktubu çıxıb. Məktubda problemlərinin həll edilməyəcəyi təqdirdə sakinlər aksiyalara başlayacaqlarını bildiriblər. Daha sonra isə rayonda təşvişə düşən icra hakimiyyəti polisə bütün siyasi aktiv insanların həbs edilməsi barədə göstəriş verib. Səhər saatlarında Alim Əliyev və Elman Mirzəyev də həbs edilərək bölməyə aparılıblar. Hələ də onların taleyi barədə heç bir məlumat almaq mümkün deyil. Daha sonra isə Sahib Rüstəmli də həbs edilərək polis bölməsinə aparılıb və bir saatdan sonra mitinq keçirməklə bağlı narahatlıqlarını ifadə edərkən hədə-qorxu gələrək buraxılıb. Bu barədə MİA-ya Ümid Partiyasının funksioneri, əslən sabirabadlı olan Razi Abasbəyli məlumat verib. ?Rayonda fövqəladə vəziyyət yaranıb. Çevik Polis Alayanın 100-ə yaxın əməkdaşını rayona gətiriblər. Xüsusilə də Cavad kəndinin sakinlərini rayon mərkəzinə xüsusi yoxlama ilə buraxırlar. Bu da təbii ki, insanların ciddi narazılıqlarına səbəb olur. Biz çalışırıq ki, vəziyyəti süni şəkildə drammatikləşdirənlərlə danışıqlar apararaq boş yerə əhali arasında təxribat yaradılmasın. Heç bir qanunsuz fəaliyyə göstərməyən insanlara polis tərəfindən hədə-qorxu gəlinməsin. Bu günlərdə rayonun Əlicanlı, Zəngənə, Həsənli kəndlərindən mənə də müraciətlər olub ki, rayon mərkəzi ilə bu kəndləri ayıran Kür çayı üzərindəki körpü problemi ilə bağlı icra hakimiyyəti binasına yürüşə hazırlaşdıqlarını əlaqədar dövlət qurumları qarşısında qaldırmaqda onlara yardım edim. Onların bu problemi ilə bağlı olaraq lazımi ünvanlara müraciətlər yollamışıq. Lakin hər hansı bir aksiyanın keçirilməsinin ertələnməsi barədə də məsləhətləşmələrimiz olub. Düşünürük ki, daha sivill formada problemlərin həllinə nail olaq. Əlbəttə ki, əgər yenə də əlaqədar qurumlar və vəzifəli şəxslər 50 minə yaxın əhalisi olan 7 kəndin əhalisinin müraciətinə məhəl qoymasa etiraz aksiyaları da qaçılmaz olacaq? deyə R.Abasbəyli bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA