10-02-2011 [11:11]
?2010-cu ilin nəticələri çox müsbətdir. Baxmayaraq ki, dünyada maliyyə-iqtisadi böhran hələ də hökm sürürdü, biz iqtisadi sahədə böyük uğurlara nail ola bildik. Həm yoxsulluğun səviyyəsinin azaldılmasında, həm də iqtisadiyyatın inkişafında Azərbaycan qarşıda duran bütün vəzifələri icra edib?.
Azərbaycan Prezidenti İlham Əliyev bunu Qazax rayon ictimaiyyəti ilə görüşdə deyib. Dövlət başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı da uğurla icra edilir: ?Əgər 2004-cü ildə biz birinci proqramı qəbul etməsəydik, əlbəttə ki, bu gün regionların inkişafından söhbət gedə bilməzdi. Ancaq bu proqramın icrası nəticəsində görülən işlər indi bu reallıqları yaradıb. Biz bunu Qazax rayonunun timsalında da görürük. Burada həm sosial obyektlər, sənaye müəssisələri tikilir, həm də şəhər abadlaşır, yollar çəkilir, bir sözlə, rayon inkişaf edir. Əvvəlki illərdə burada olarkən bu gözəl Heydər Əliyev Mərkəzinin açılışında birlikdə iştirak etmişdik, müalicə-diaqnostika mərkəzi açılmışdı. İndi İcra hakimiyyətinin başçısı mənə məlumat verir ki, bu diaqnostika mərkəzinin açılışının çox böyük, müsbət təsiri olmuşdur. İnsanlar keyfiyyətli, pulsuz tibbi xidmət alırlar. Nəinki Qazax rayonunun sakinləri, Gürcüstanda yaşayan soydaşlarımız da bu imkanlardan istifadə edirlər. Burada indi tikilməkdə olan böyük konserv zavodu həm Qazax fermerlərinin məhsullarını emal edəcək, eyni zamanda, Gürcüstanda yaşayan soydaşlarımıza da bunun böyük müsbət təsiri olacaq?.
?Azərbaycanda Qazax rayonunun xüsusi əhəmiyyəti var, xüsusi yeri var?, - deyən Prezidentin sözlərinə görə, bu rayonun inkişafı, əlbəttə ki, çox böyük məna daşıyır. Bütün rayonların inkişafı çox vacibdir. Amma xüsusilə sərhəd bölgələrinin, paytaxtdan uzaqda yerləşən rayonların inkişafına daha da böyük diqqət göstərilir: ?Burada infrastruktur layihələrinin həyata keçirilməsinə böyük diqqət verilib. Bu gün artıq Bakı-Gürcüstan sərhədi avtomobil yolu, demək olar ki, hazırdır. Sadəcə olaraq, onun kiçik bir hissəsində işlər tamamlanır. Bu da qazaxlılar üçün böyük imkanlar yaradır. Çünki yol inkişaf deməkdir, rahatlıq deməkdir. İndi buradan Bakıya rahat getmək olar. Dəmir yolu nəqliyyatının inkişafı üçün də tədbirlər görülür. Bir sözlə, infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı, sosial obyektlərin tikilməsi, - Azərbaycanda bütün bunlar planlı şəkildə aparılır?.
Ölkədəki ümumi vəziyyətdən danışan Prezident İlham Əliyev deyib ki, planlar həyata keçirilir, iqtisadiyyat artır. Energetika sektorunda əldə edilmiş uğurlar, xüsusilə neft-qaz sənayesində görülmüş işlər həm Azərbaycanın maliyyə imkanlarını artırır, həm də dünyadakı mövqelərini möhkəmləndir: ?Bizim artıq böyük valyuta ehtiyatlarımız var və özümüzü çox rahat və əmin hiss edirik. Bununla bərabər, bütün bu görülmüş işlər onu göstərir ki, planlı şəkildə qurulmuş iş olan yerdə nəticə də olacaq. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, daha da böyük işlər görməliyik, iqtisadiyyatımızı daha da gücləndirməliyik, sosial siyasəti daha da gücləndirməliyik. Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırılıb. Azərbaycanda orta əməkhaqqını dollarla hesablasaq, 400 dollardan artıqdır. Ancaq yenə də deyirəm, bu, bizi qane edə bilməz. Bütün səylərimiz ona yönəlməlidir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Düzdür, son yeddi ildə yoxsulluğun səviyyəsinin 4 dəfə aşağı düşməsi böyük nəticədir. Təxminən 44 faizdən 9,1 faizə düşməsi görülmüş işlərin nəticəsidir. Amma bu da çoxdur. Son yeddi ildə 900 mindən çox iş yeri açılıb ki, onlardan 700 minə qədəri daimi iş yeridir. İşsizliyin böyük hissəsi aradan qaldırılıb, amma hələ də işsizlik var. Xüsusilə 2011-ci ildə və ondan sonrakı illərdə biz bu sahələrə xüsusi diqqət göstərəcəyik ki, bütün çatışmayan məsələləri həll edək, çatışmayan cəhətləri aradan qaldıraq?.
Dövlət başçısı deyib ki, sahibkarlığın inkişafına böyük diqqət göstəriləcək: ?Azərbaycanda sahibkarlar sinfi formalaşır və mən daim sahibkarlarla görüşürəm. Hətta xarici səfərlərə də özümlə aparıram ki, biz onları beynəlxalq bazarlara çıxaraq. Biz Azərbaycan iş adamlarının beynəlxalq bazarlara çıxması üçün siyasi fəaliyyət də göstəririk. Ölkə daxilində sahibkarlığın inkişafı üçün güzəştli şərtlərlə uzunmüddətli kreditlər, subsidiyalar ayrılır. Əlbəttə, siyasi dəstək çox vacibdir. Bəzi hallarda xüsusilə sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün son zamanlar çox ciddi tədbirlər görülür. Bu tədbirlər mütəmadi qaydada görülür, amma mən hesab edirəm ki, biz bu sahədə səylərimizi daha da gücləndirməliyik. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır. Azərbaycan öz iqtisadiyyatını tam şəkildə bazar münasibətləri prinsipləri üzərində qurub. Bazar iqtisadiyyatının qanunları tələb edir ki, sahibkarlıq sinfi güclənsin. Bizim böyük sənaye müəssisələrimiz var, - neft-qaz sənayesi, digər sənaye müəssisələri. Ancaq ölkəmizin inkişafı üçün sahibkarlığın, orta və kiçik sahibkarlığın inkişafı başlıca şərtdir. Bu məqsədlə biz son illər Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayırmışıq, vəsait vermişik. Bütün bu işləri görmüşük, bununla bərabər, yenə də deyirəm, bütün bu sahələrdə şəffaflıq olmalıdır, ədalət olmalıdır?.
Prezidentin fikrincə, ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Onun sözlərinə görə, bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir. Dövlət başçısı Azərbaycanın bütün vətəndaşlarını bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat verməyə çağırıb ki, bu nöqsanlar tezliklə aradan qaldırılsın.