07-02-2011 [04:45]
Hesablama Palatası 2010-cu ilin yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirib. Palatanın sədri Heydər Əsədov 2010-cu ilin yekunları barədə ətraflı çıxış edərək ötən ildə qlobal maliyyə-iqtisadi böhranın nisbətən səngiməsi fonunda əksər ölkələrdə iqtisadi gərginliyin davam etməsinə baxmayaraq, respublikamızda iqtisadi sabitliyin qorunub saxlanıldığını qeyd edib.
O, ölkə iqtisadiyyatının dayanıqlılığının təmin edildiyini, əsas makroiqtisadi göstəricilər üzrə yüksək nəticələrin əldə olunduğunu, bir sıra sahələrdə önəmli irəliləyişlərin baş verdiyini, qlobal miqyasda ölkənin enerji, ərzaq və hərbi təhlükəsizliyinin təmin olunduğunu, sosial müdafiə tədbirlərinin daha da gücləndirildiyini, yoxsulluq səviyyəsinin 9,1 faizədək endiyini qeyd edib.
İclasda Azərbaycan prezidentinin tapşırığı ilə bu ilin yanvar ayının 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında da bir daha dövlət başçısının vurğuladığı nöqsan və çatışmazlıqlara toxunularaq ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsinin, onun formal xarakter daşımamasının və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri kimi qəbul olunmasının, bu sahədə səmərəli nəzarət və hesabat sisteminin yaradılmasının zəruriliyi qeyd olunub.
Palatanın sədri iclas iştirakçılarının diqqətini dövlət başçısının cəmiyyətin bütün təbəqələrində sosial inkişafın təmin edilməsi üçün vətəndaş məmur əlaqələrinin daha da yaxşılaşdırılmasının vacibliyi, bu sahədə yol verilmiş nöqsanların görülmüş nəhəng işlərə az da olsa xələl gətirməsi, vəzifədən sui-istifadə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların, əsassız yoxlamaların, vətəndaşların incidilməsinin, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına əngəl törədilməsinin yolverilməz olması və qarşısının bundan sonra da qətiyyətlə alınacağı barədə tapşırıqlarına yönəldərək Palatanın gələcək fəaliyyətində bu məsələlərə daha həssas yanaşılmasının və prioritet vəzifələrdən biri kimi qəbul edilməsinin vacibliyini bildirib.
Ölkə başçısının özəl sektorun inkişafına xüsusi önəm verdiyini nəzərə alaraq Palatanın həmin sektorla təmasının olmamasına xüsusi nəzarət edilməsi barədə Palata rəhbərliyi tərəfindən verilmiş tapşırığa bundan sonra da ciddi əməl olunması, bir qayda olaraq nəzarət tədbirlərinin yalnız büdcə vəsaitlərindən istifadə edən təşkilatların fəaliyyətini əhatə etməsi, eyni zamanda müvafiq dövlət orqanları ilə birgə nəzarət tədbirlərinin keçirilməsinə üstünlüyün verilməsi bir daha əməkdaşların nəzərinə çatdırılıb, əvvəllər olduğu kimi gələcəkdə də Palatanın səyinin büdcə vəsaitlərindən səmərəli istifadə edilməsi üçün nəzarətin təşkili və aparılmasına yönəldilməsinin zəruriliyi qeyd olunub, bütün büdcə təşkilatlarının auditi üçün tələb olunan kadr və texniki imkanların məhdudluğuna baxmayaraq, Palatanın ötən ilki fəaliyyəti nəticəsində qurumun saxlanılması xərclərindən bir neçə dəfə çox vəsaitin büdcəyə bərpasının və səmərəsiz istifadə olunmasının qarşısının alınmasının təmin edildiyi vurgulanıb.
Daha sonra palatanın sədri diqqəti Kollegiya qərarlarında müəyyən edilmiş tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün səylərin gücləndirilməsinin, müvafiq fəaliyyət istiqamətləri üzrə məsul şəxslərin məsuliyyətlərinin artırılmasının vacibliyinə yönəldib. Qeyd olunub ki, Azərbaycan prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş ?Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya?da nəzərdə tutulmuş tədbirlərin icrası olaraq Palata tərəfindən hazırlanmış ?Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Hesablama Palatasında görüləcək işlər barədə Tədbirlər Planı (2007-2011-ci illər)? ilə müəyyən edilmiş vəzifələrin icrası təmin olunmalı, nəzarət tədbirləri zamanı dövlət vəsaitlərindən sui-istifadə edilməsinə və korrupsiya hüquqpozmalarına şərait yaradan halların qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir. Nəzarət tədbirlərinin təsirlilik səviyyəsi yüksəldilməli, yoxlanılan qurumlara göndərilən təqdimatlarin vaxtında və tam icra edilməsi təmin edilməli, nöqsan və çatışmazlıqlara yol verən şəxslər barəsində müvafiq tədbirlərin görülməsinə nail olunmalıdır. Ölkəmizdə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması istiqamətində ölkə başçısı tərəfindən mütəmadi həyata keçirilən tədbirlərə səlaiyyətləri daxilində Palata tərəfindən dəstək göstərilməli, yerlərdə dövlət vəsaitlərindən istifadə zamanı korrupsiya hüquqpozmaları ilə bağlı Palataya vətəndaşlardan daxil olan müraciətlərə daha çevik baxılmalı, həmin müraciətlər üzrə aidiyyəti araşdırma və təhlillərin aparılmasının qanunvericiliklə müəyyən edilmiş prosedurlara müvafiqliyi təmin olunmalıdır.
Dünya Bankının dəstəyi ilə CAPSAP layihəsi çərçivəsində Palatanın Strateji İnkişaf Planının reallaşdırılması zamanı korrupsiya hüquqpozmalarının qarşısını almağa imkan verən daha mütərəqqi audit metodologiyaları üzrə beynəlxalq təcrübənin öyrənilməsinə və milli audit standartlarının hazırlanmasına xüsusi diqqət yetirilməlidir.
Çıxışının sonunda palatanın sədri nəzarət tədbirlərinin gedişində, təşkilat və müəssisələrin əməkdaşları ilə təmaslarda INTOSAI-ın Lima Bəyannaməsinin və Etika Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlarla münasibətdə yüksək mədəniyyət nümayiş etdirməyi, insanlara qarşı etik davranış qaydalarına ciddi riayət etməyi, xeyirxah, öz peşə fəaliyyətində dürüst və ədalətli olmağı, həmişə obyektivlik, peşəkarlıq göstərməyi, nöqsan və çatışmazlıqların, habelə korrupsiya elementlərinin aşkar olunduğu hallarda belə soyuqqanlılıqla, yalnız fakta və audit sübutlarına əsaslanmağı tapşırıb, Palatanın bundan sonra da ölkə Prezidentinin korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması sahəsində fəaliyyətini var qüvvəsi ilə dəstəkləyəcəyini və həyata keçirilən bütün tədbirlərə imkan və səlahiyyətləri daxilində xidmət edəcəyini bildirib.
Yekun olaraq bu il qarşıda duran vəzifələr kimi nəzarət tədbirlərinin nəticələri üzrə yoxlanılan qurumlar tərəfindən müvafiq tədbirlərin tam yerinə yetirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə olunmasına, habelə səmərəli dövlət idarəçiliyi sayəsində təkamülə və təkmilləşməyə yardım göstərmək məqsədilə müvafiq təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması, nəzarət tədbirlərinin səmərəliliyinin artırılması məqsədilə Palatanın mövcud normativ-hüquqi aktlarına yenidən baxılması, qurumda nizam-intizama diqqətin daha da artırılması və s. məsələlər üzrə müvafiq struktur bölmələrinin rəhbərlərinə konkret tapşırıqlar verilib.