05-02-2011 [01:43]
Məhkəmə-Hüquq Şurasının məhkəmə sistemində korrupsiya ilə mübarizəyə həsr olunmuş geniş iclası keçirilib. İclasda Ali Məhkəmənin, bütün apellyasiya instansiyası məhkəmələrinin rəhbərliyi, ixtisaslaşmış, habelə rayon (şəhər) məhkəmələrinin sədrləri iştirak ediblər.
Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd edilib ki, ?Korrupsiyaya qarşı mübarizə haqqında? Qanunun, Prezident İlham Əliyev tərəfindən ?Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi barədə? Fərmanın imzalanması, müvafiq Dövlət Proqramının və Milli Strategiyanın həyata keçirilməsi, korrupsiya ilə mübarizə üzrə ixtisaslaşmış mühüm dövlət qurumlarının təsis edilməsi bu təhlükəli sosial bəla ilə mübarizə üçün hərtərəfli zəmin yaradıb. Dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqlarına əsasən aparılan islahatlar zamanı məhkəmə sistemində korrupsiya ilə mübarizəyə xüsusi əhəmiyyət verilib. Belə ki, hakimlərin müstəqilliyinin real təmin edilməsi, onların müddətsiz təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi, intizam məsuliyyətinin demokratik xarakteri qanunvericilikdə təsbit olunmuş, hakimlər tərəfindən vətəndaşların qəbulu qadağan edilib, şəffaflığın təmin olunması üçün məhkəmə qərarlarının dərci nəzərdə tutulub, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə kargüzarlığın aparılmasının yeni, mütərəqqi qaydası qəbul olunub.
Məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə təkcə son illər ərzində ölkəmizdə 20-dək yeni regional məhkəmələr, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlayıb, iş yükünün azaldılması məqsədilə hakimlərin və məhkəmə aparatı işçilərinin ştat sayı 2 dəfəyədək artırılıb, yeni qaydalarla, şəffaf və obyektiv prosedurlar əsasında 235 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunublar.
Kobud qanun pozuntuları və digər mənfi hallara yol vermiş hakimlər barədə 128 intizam icraatı, o cümlədən 11 nəfər barədə korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam icraatları başlanılıb, korrupsiya ilə bağlı 7 nəfərin səlahiyyətlərinə xitam verilmiş və ya aşağı işə keçirilib. Ümumiyyətlə isə fəaliyyətlərinin qiymətləndirilməsi və yol verilmiş pozuntulara görə 60-dək hakim məhkəmə sistemindən kənarlaşdırılıb.
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülmüş tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
İclasda qeyd edilib ki, görülmüş tədbirlərə, o cümlədən kobud qanun pozuntusu və digər nöqsanlara görə hakim korpusunun hər üçündən birinin intizam məsuliyyətinə cəlb edilməsi və ya səlahiyyətlərinə xitam verilməsinə baxmayaraq, korrupsiya, süründürməçilik, vəzifədən sui-istifadə hallarını tam aradan qaldırmaq mümkün olmayıb. Təhlillər göstərir ki, bəzi hakimlər tərəflərin bərabərliyi və çəkişmə prinsipinin, müdafiə hüququnun real təmin olunmasına şərait yaratmır, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşaraq vətəndaşlarla kobud rəftara yol verirlər. Süründürməçilik, eləcə də məhkəmə proseslərinin təyin edilən vaxtda başlamaması, məhkəmə qərarlarının, habelə apelyasiya şikayətlərinin vaxtında göndərilməməsi, qərarların icraya yönəldilməsində gecikdirmələr, vəsatətlərə lazımi diqqət yetirilməməsi, iddia ərizələrinin bəzi hallarda əsassız qaytarılması, məhkəmə qərarlarının icrasına nəzarətdən hakimlərin özlərini kənarlaşdırması vətəndaşlarda haqlı narazılıq və şikayətlərlə nəticələnir.
Məhkəmə sənədlərinin keyfiyyətsiz, bəzən isə formal tərtibi, qanunvericiliyin tələblərinə zidd olaraq tərəflərlə qeyri-prosessual münasibətlərə yol verilməsi, ədalətli məhkəmə araşdırması hüququnun həyata keçirilməsində pozuntular, vahid məhkəmə təcrübəsinin və cəza siyasətinin formalaşmaması ciddi narahatlıq doğurur.
İclasda məhkəmə fəaliyyətində yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması üçün qəti tədbirlərin görülməsi, yuxarı instansiya məhkəmələri tərəfindən işlərə baxılarkən aşkar edilən korrupsiya ilə əlaqədar hüquqpozmalara və digər mənfi hallara prinsipial münasibət bəslənilməsinin vacibliyi vurğulanıb.
Geniş müzakirələr şəraitində keçən iclasda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə Məhkəmə-Hüquq Şurasına daxil olan müraciətlərin təxirəsalmadan dolğun və peşəkar araşdırılmasının təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasında korrupsiya ilə əlaqədar müraciətlərin araşdırılması üzrə ayrıca sektorun yaradılması qərara alınıb, vətəndaşların qəbulunun daha effektiv həyata keçirilməsi ilə bağlı konkret tapşırıqlar verilmişdir. Yuxarı instansiya məhkəmələrinin, Ədliyyə Nazirliyinin diqqəti hakimlər tərəfindən yol verilən korrupsiya hüquqpozmalarına, o cümlədən insan haqları ilə bağlı qanunvericiliyin və Avropa Konvensiyasının tələblərinin pozulması hallarına cəlb edilib, belə pozuntulara qarşı prinsipiallığın artırılması diqqətə çatdırılıb.
İclasda, həmçinin vahid məhkəmə təcrübəsinin və cəza siyasətinin formalaşması üzrə tədbirlər müzakirə edilib, məhkəmələrdə vətəndaşların qəbuluna diqqətin artırılması, bu işin ən səriştəli əməkdaşlara həvalə edilməsinin vacibliyi qeyd edilmiş, hakimlər üçün davamlı tədris kurslarının proqramlarında korrupsiyaya qarşı mübarizə, Hakimlərin Etik Davranış Kodeksinin tələbləri ilə bağlı mövzuların daxil edilməsi tapşırılıb.
İclasda çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev, Şura üzvləri və məhkəmə sədrləri məhkəmə fəaliyyətində qeyd edilən pozuntulardan ciddi nəticələr çıxarılaraq, icra və əmək intizamına əməl edilməsi, mənfi halların, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmaların, insanların əsassız get-gələ salınmasının qarşısının alınması üzrə qəti tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.