"Azərbaycan yeganə ölkədir ki, burda övladının savadsızlığını pulla alırlar"

img

01-02-2011 [06:08]


[b]Astan Şahverdiyev: "Əgər təhsildə rüşvət varsa, o zaman 50 faiz müəllim günahkardırsa, 50 faiz də şagird, tələbə və onların valideynləri günahkardırlar" [/b] Məlum olduğu kimi, təhsil naziri Misir Mərdanov magistraturaya qəbul olan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi təklifi ilə çıxış edib. Təhsil nazirinin bu təklifi bir sıra ali təhsil ocaqlarının rəhbərləri tərəfindən də müsbət qarşılanıb. Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Doktorluq Müdafiə Şurasının sədr müavini, Milli Məclisin deputatı Astan Şahverdiyevlə Azərbaycanda elm və təhsil sahəsindəki vəziyyətlə bağlı söhbətimizə də bu mövzudan başladıq. - Öncə onu deyim ki, magistrlara hərbi xidmətdən möhlət hüququ verilməsi təklifini mən də müsbət qiymətləndirirəm. Mən vaxtiylə Milli Məclisdə çıxış edib, bu barədə fikrimi söyləmişəm. Bu gün Azərbaycanda magistr və aspirantların sayı 3 min nəfərdən yuxarı deyil. Onlardan təxminən 500 nəfəri aspirantdır, magistrların sayı isə 2500-dür. Bunun da 50 faizə qədəri qadınlardır. Yəni hesab etmirəm ki, təxminən 1500 nəfərlə Azərbaycan Ordusu uduş əldə edəcək. Bununla ordumuz heç nə itirməz, amma elmimizin itirəcəyi şeylər ola bilər. Mənim təklifim odur ki, təhsildə fasiləsizlik daim təmin edilsin. Orduya gedən oğlanların əksəriyyəti isə bakalavr pilləsindən sonra təhsillərini davam etdirmək istəmirlər. Hətta elələri olur ki, magistraturaya daxil olsa belə, sonradan təhsilini davam etdirmir. Bu mənada Misir Mərdanovun təklifi müsbət dəyərləndirilməlidir. Bundan başqa, istər ali təhsil ocaqlarında, istərsə də Elmlər Akademiyasında elmlə məşğul olanlar nəslinin davam etdirilməsi vacib məsələdir. Bu gün elmimizdə qocalma prosesi gedir. Orta yaş universitetlərdə 55-60 arasındadır. Müsbət haldır ki, mənim rəhbərlik etdiyim kafedrada bu hədd 50-dən aşağıdır. Digər tərəfdən, elmdə gənc nəslin olması daha məqsədəuyğundur. Bir qədər yaşlı insanlarda çeviklik olmur, yeni informasiya texnologiyalarının qavranmasında problemlər yaşanır. Klassik bilikləri var, amma bəzən elə olur ki, yeniliklə uyğunlaşa bilmirlər. Bunu da nəzərə alaraq, gənclərin elmdən uzaqlaşmamasını təmin etmək üçün qeyd etdiyiniz təklifin qəbul olunması müsbət olardı. Bu barədə son qərarı Milli Məclis verəcək. Məclisdə məsələ müzakirə olunan zaman da öz fikrimi bildirəcəyəm. - Əvvəllər magistrlara möhlət hüququ verilirdi. Amma elə Sizin də təmsil olunduğunuz Milli Məclisin qərarı ilə bu hüquq ləğv edildi. ?ecə olur ki, o vaxt lazım deyildi, indi lazımdır? - Mən o zaman da fikirimi söyləmişdim. Sadəcə olaraq, mənim kimi düşünən millət vəkilləri az olduğuna görə təklifimiz reallaşmadı. İndi məsələ yenidən gündəmə gəlib. Əgər məsələ Milli Məclisin müzakirəsinə verilərsə və pozitiv qərar qəbul edilərsə, yaxşı olar. - Mart ayında Milli Məclisdə "Elm haqqında" qanun layihəsi müzakirə edilib, "Təhsil haqqında" Qanuna yenidən baxılacaq. Hansı dəyişikliklər gözlənilir? - Bildiyiniz kimi, "Təhsil haqqında" Qanun artıq qəbul olunub və 2009-cu ilin sentyabr ayından qüvvəyə minib. İndi 10-a yaxın məsələ ilə bağlı əlavə və dəyişikliklər ediləcək. Bura məktəbəqədər, orta və ali təhsil haqqında bir sıra məsələlər daxildir. O cümlədən "Elm haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq. Mən, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü deyiləm, amma bilirəm ki, qanun layihəsi artıq hazırdır. Lakin qanunların qəbul olunması o demək deyil ki, problemlər o dəqiqə həll olunacaq. Qanunların həyata keçirilməsi, nəzarət mexanizmi olmalıdır. Bu gün təhsildə çox problemlər var. Ali təhsil müəssisələrində oxuyan tələbələrin, bakalavr və sonrakı mərhələdə təhsil alanların bazası orta məktəbdə qoyulur. Ali məktəblərdə isə təhsil genişləndirilir, dərinləşdirilir. Onu da qeyd edim ki, cənab Prezident təhsilin inkişafı, maddi-texniki bazasının yaxşılaşdırılması üçün birbaşa tapşırıqlarını verib və bunun üçün müvafiq sərəncamlar imzalanıb. Bu proseslər də müvvəfəqiyyətlə həyata keçirilir. Son ildə tikilən məktəblərin sayı 70 illik sovet dönəmində tikilən məktəblərin sayından çoxdur. Kompüterləşmə prosesi demək olar ki, bütün ölkəni əhatə edib. Əgər 5-6 il əvvəl 1000 şagirdə 1 kompüter düşürdüsə, bu gün bu rəqəm 20-yə yaxındır. Düşünürəm ki, bu gedişlə yaxın gələcəkdə hər şagirdə bir kompüter düşəcək... - Maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində görülən işlər məlumdur, bəs təhsilin səviyyəsi necədir? - Aparılan islahatlar, maddi-texniki bazanın gücləndirilməsi təhsilimizin səviyyəsinə bir o qədər də dəlalət eləmir. Bu barədə isə təhsil siyasətini həyata keçirən müvafiq qurumlar düşünməlidir. Təhsilin səviyyəsinin yüksəldilməsi öyrədən və öyrənəndən asılıdır. Təəssüflər olsun ki, bu gün orta məktəblərdə yaşı 60-ı keçmiş müəllimlər çalışır. Onların da əksəriyyəti konservativ düşüncə sahibləridir. Yenilərə gəlincə, görünür, ali məktəblərdə o qədər də yüksək təhsil ala bilmirlər. Bu da təhsilin keyfiyyətinə təsir edir. Amma o qədər də qorxulu deyil. Mən Avropa təhsil sisteminə yaxşı bələdəm, Almaniyada, Hollandiyada, İngiltərədə olmuşam. Ümumiyyətlə, hazırda bütün dünyada bir növ təhsilə qarşı biganəlik var. Bu gün dünyada elm, inkişaf eləmiş dövlətlərin hesabına irəli gedir. Ola bilsin ki, təhsil də spiralvari inkişaf edir, müəyyən müddət durğunluq olur, müəyyən müddət yüksəliş müşahidə edilir. - Məsələ ondadır ki, nümunə gətirdiyiniz ölkələrin təhsil müəssisələrində rüşvət yoxdur... - Mən 40 ildir ali məktəbdə işləyirəm, onun 20 ilini elmlər doktoru, professoram və rüşvət anlayışı mənim düşüncə tərzimə yaddır. Bir nəfər tapılmaz ki, mənə rüşvət verdiyini desin. Əlbəttə, mən rüşvət hallarına çox pis baxıram. Onu da qeyd edim ki, rüşvət nəinki təhsildə, digər sahələrdə də dövlətin təhlükəsizliyinə bir başa təhlükə yaradan amildir. Əgər rüşvət halları varsa, onun qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınmalıdır. - Təhsilin səviyyəsinin yüksək olmamasını, rüşvət amilinin ortaya çıxmasını əməkhaqqının aşağı olması ilə əlaqələndirənlər də var. Bu barədə nə deyə bilərsiniz? - Təbii ki, əmək haqlarının aşağı olması həm təhsilin keyfiyyətinə təsir edir, həm də rüşvət kimi neqativ halların ortaya çıxmasına səbəb olur. Açığı, bu gün xüsusiylə də mənim çalışdığım Texniki Universitetdə imtahanlar test üsulu ilə götürülür. Yəni bu proses praktiki olaraq, rüşvətin qarşısını alır. Elə bir sistem yaradılıb ki, nəinki müəllim, heç universitetin rəhbərliyi də imtahan prosesinə müdaxilə edə bilmir. - Ancaq o fikirlər də səslənir ki, bu sistemin yaradılması rüşvətin vahid mərkəzdən alınmasına xidmət edir... - Bu fikirlər əsassızdır. Hazırki sistemlə tələbənin rüşvət vermək, müəllimin almaq imkanı yoxdur. Bəli, doğru deyirsiniz ki, Avropa təhsil sistemində rüşvət hallarına rast gəlinmir. Belə hallar yalnız post-sovet ölkələrində var. Mən məsələyə başqa tərəfdən də yanaşıram. Hesab edirəm ki, bunun səbəbini valideynlərdə axtarmaq lazımdır. Çıxışlarımda da demişəm, bəlkə də Azərbaycan yeganə ölkədir ki, burda övladının savadsızlığını pulla alırlar. Əgər təhsildə rüşvət varsa, o zaman 50 faiz müəllim günahkardırsa, 50 faiz də şagird, tələbə və onların valideynləri günahkardırlar. Mən inanmıram ki, Azərbaycanda ya orta məktəbdə, ya ali məktəbdə elə nadürüst müəllim olsun ki, yaxşı oxuyan uşaqdan nəsə tələb eləsin... - Bildiyiniz kimi, dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq üçün 5 min tələbə göndərilib. Bu barədə nə deyə bilərsiniz? - Bu, dövlət tərəfindən atılan müsbət addımlardan biridir. Bu proses 2013-cü ildə başa çatacaq. Onların əksəriyyəti yəqin ki, ölkəyə qayıdacaqlar. Özü də fərqli təfəkkürdə, fərqli düşüncədə olacaqlar. Bayaq qeyd etdiyiniz o neqativ hallar onların düşüncə tərzində olmayacaq. Təbii ki, bununla elmimizin də, təhsilimizin də sürətlə inkişafı baş verəcək. - Astan müəllim, Siz həm də Texniki Universitetin nəzdində fəaliyyət göstərən Doktorluq Müdafiə Şurasının sədr müavinisiniz, elm sahəsindəki vəziyyətə yaxından bələdsiniz. Bu sahədəki vəziyyəti necə qiymətlindirirsiniz? - Azərbaycanda aparılan elmi-tədqiqat işlərinin təxminən 60 faizi ali məktəblərdə cəmləşib. Deyərdim ki, energetika sahəsində xeyli irəliləyişlər var. Xüsusiylə də informasiya, kompüter texnologiyası, müasir idarəetmə sistemlərinin yaradılması sahəsində müsbət işlər görülür. Bundan başqa, elmimizin dünya səviyyəsinə çıxarılması üçün də addımlar atılır. Bunun üçün müəyyən kriteriyalar var. Məsələn, onlardan biri dünyada nüfuzlu jurnallarda məqalələrin çap olunmasıdır. Bu jurnallarda çapolunma sayına görə ölkədə birinci yeri Bakı Dövlət Universiteti, fərəhli haldır ki, ikinci yeri də Texniki Universitet tutur. Texniki Universitetin ikinci yer tutmasında bizim kafedranın çox böyük əməyi var. Universitetdə 50 kafedra var, o məqalələrin 50 faizi bizim kafedranın payına düşür. Bu gün dünyanın bir sıra ölkələri, o cümlədən Almaniya ilə bizim daha sıx əlaqələrimiz var. Hər il bizim əməkdaşlar elmi ezamiyyətdə olurlar, birlikdə elmi-tədqiqat işləri həyata keçirirlər, xeyli sayda birgə məqalələrimiz var. İndi Azərbaycanda mineral suların xassələri haqqında monoqrafiya hazırlayırıq, bu monoqrafiya ingilis dilində Almaniyada çap olunacaq. Bu da elmimizin inkişaf etdiyini göstərir. Əvvəllər isə bunu ancaq arzulamaq olardı. Bir vaxtlar mən ancaq Rusiyadakı jurnallara diqqət yetirirdimsə, indi Avropanın nüfuzlu jurnallarına meyylənmişəm. Bizim sahəmizdə ən məşhur jurnallar "Kimyəvi termodinamika", "Beynəlxalq istilik fizikası", "Mühəndislik" və digərləridir. Müntəzəm olaraq bu jurnallarda məqalələrlə çıxış edirik. Elmin istehsalatda təbiqi vacib məsələlərdəndir. Ola bilsin ki, bu gün bu əlaqə zəifdir. Sovet dönəmində istehsalat müəssisələri gəlirlərinin müəyyən faizini elmi-tədqiqat müəssisələrinə ayırırdı. Təəssüflər olsun ki, bu gün Azərbaycanda çox az müəssisələr bunu həyata keçirir. Yəni elmin stimullaşması lazımdır. Əgər elmin stimullaşdırılması lazımi səviyyədə aparılarsa, müsbət nəticələr əldə olunur. - Siz elmdə qocalma tendensiyasına da toxundunuz. Ümumiyyətlə, gənclərimizin elmə meylli olmamasının səbəbi nə ilə bağlıdır? - Mən deməzdim ki, gənclərimizin elmə meyli azalıb. Oxuyan Afrikada da, Marsda da, harda olsa, oxuyacaq, oxumayana hansı şəraiti yaradırsan-yarat, yenə oxumayacaq. Yenə də deyirəm, burada insan faktoru önəmlidir. Bu gün yaxşı oxuyan, xaricdə yüksək təhsil alaraq, gəlib mühüm dövlət vəzifələri tutan gənclərimiz var. İqtisadiyyat, maliyyə, bank sektorunda belə gənclərimiz çoxluq təşkil edir. Artıq Azərbaycan gəncliyi həm xarici dilləri mükəmməl bilir, həm də müasir kompüter texnologiyasını lazımi səviyyədə mənimsəyir. Yəni gənclərimizin təhsilə, elmə marağı normal səviyyədədir. - Amma elm sahəsində çalışanların maddi təminatının aşağı olması gənclərimizin fərqli istiqamətlərə yönəlməsinə səbəb olur... - Bəli, bu, bayaq qeyd etdiyim stimul məsələsidir. Bu gün elə gənclərimiz var ki, universitetdə, yaxud hansısa elmi-tədqiqat institutunda verilən maaş onu qane eləmir. Amma elə şirkətlər var ki, orada çox yüksək əməkhaqqı ala bilir. Təbii ki, hər şeyin əsası onun maddi tərəfinin təmin olunması ilə bağlıdır. Tam əminəm ki, bu gün maddi təminatı yüksəltməklə elm və təhsildəki neqativ halları aradan qaldırmaq olar. - Siz, əhalisi məcburi köçkün olan rayondan deputat seçilmisiniz. Bu gün məcburi köçkün olan gənclərimizin təhsilə, elmə marağı hansı səviyyədədir? - Əgər söhbət Cəbrayıl rayonundan gedirsə, bu rayonun insanları həmişə elmə, təhsilə meylli olublar. Cəbrayıl əhalisinə görə ölkənin çox cüzi hissəsini təşkil edir, amma 300-dən yuxarı alimi var, əksəriyyəti elmlər doktorudur. Azərbaycan dilçiliyinin tədqiq olunmasında Tofiq Hacıyev kimi alim var, Elmlər Akademiyasının müxbir üzvüdür. Biologiya sahəsində ?ovruz Quliyev kimi alim var və s. Bu ənənə bu gün də davam edir. Ermənilər torpaqlarımızı işğal etsələr də, elmimizi, təhsilimizi əlimizdən ala bilməyib. Bu gün yeni tikilən qəsəbələrdə köçkün şagirdlər üçün müasir tipli məktəblər tikilib, təhsilin də keyfiyyəti aşağı deyil. 2010-cu ildə 400-ə yaxın ərizə verən şagirddən 206-ı ali məktəbə qəbul olub. Bu cür şərait tək Cəbrayıl rayonuna deyil, bütün rayonlardan məcburi köçkün düşənlərə yaradılıb. Aspiranturaya qəbulda da Cəbrayıldan olan gənclər fəal iştirak edirlər. Digər universitetləri deyə bilmərəm, Texniki Universitetdə iki nəfər doktoranturaya qəbul olunacaq. Biz də əlimizdən gələni edirik. Amma həmişə demişəm ki, təhsildə güzəşt olmamalıdır. Dövran elə gətirdi ki, insanlarımız məcburi köçkün həyatı yaşamalı oldular. Burada bircə güzəşt ola bilər, o da ödənişli təhsildə dövlət tərəfindən təhsil haqqının ödənilməsidir. Bir sözlə, məcburi köçkün olan tələbələrə yaradılan şərait olduqca müsbətdir və bunun nəticəsi özünü göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA