31-01-2011 [03:56]
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə 2011-ci il yanvarın 27-də keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmiş tapşırıqların icrasına həsr edilmiş operativ müşavirə keçirilib.
MİA-nın xəbərinə görə, Əmlak Məsələləri Dövlət Komitəsinin struktur bölmələrinin, tabeliyindəki qurumların məsul şəxslərinin iştirakı ilə keçirilmiş geniş tərkibli müşavirədə çıxış edən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov qeyd etmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində dinamik artım templəri müşahidə olunur. Bu işlər nəticəsində regionların tarazlı inkişafı, bölgələrdə infrastrukturun yenidən qurulması, sahibkarlığın daha da genişləndirilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması sahəsində böyük uğurlar əldə edilmişdir.
Bildirildi ki, Nazirlər Kabinetinin son iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqində qeyd olunduğu kimi, bəzi sahələrdə iqtisadiyyatın inkişafına mane olan nöqsanlar və çatışmazlıqlar var. Ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmaq aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirmişdir.
Komitə sədri Kərəm Həsənov çıxışında bildirdi ki, Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətində uğurların əldə edilməsi ilə yanaşı dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahələrində bir sıra çatışmazlıqlar və neqativ hallara rast gəlinir.
Komitə sədri bu nöqsanların aradan qaldırılması ilə bağlı bir sıra ciddi tapşırıq və göstərişlər verdi.
Qeyd olundu ki, Azərbaycan Respublikası Prezidentinin ?Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə? 2007-ci il 28 iyul tarixli Sərəncamı ilə verilmiş tapşırıqların və Milli Strategiyanın icrası üzrə komitənin 2011-ci il üçün təsdiq edilmiş illik tədbirlər planının icrası təmin edilməli və ciddi nəzarətdə saxlanılmalıdır.
Bildirildi ki, şəffaflığın və səmərəliliyin daha da artırılması məqsədi ilə daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin aparılması sahələrində qanunvericilik təkmilləşdirilməlidir. Bununla bağlı yeni normativ hüquqi aktların layihələri hazırlanıb təqdim edilməlidir.
Müşavirədə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı komitəyə və qurumlara daxil olan müraciətlərə, ərizə və şikayətlərə baxılmasında operativliyin artırılması, süründürməçiliyin qarşısının alınması barədə tapşırıqlar verilib. Eləcə də, vətəndaşların qəbulu və şikayətlərə baxılmasının gücləndirilməsi, müraciətlərin elektron üsulla qəbulunun artırılmasının diqqət mərkəzində saxlanılmasının vacibliyi bildirildi.
Qeyd edilib ki, yeni özəlləşdirmə mexanizmləri səmərəli tətbiq edilməli, özəlləşdirmədə şəffaflıq daha da artırılmalıdır.
Bundan əlavə şəffaflığın artırılması və mənfi halların qarşısının alınması üçün daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurlar və sənədləşdirilmələrin sadələşdirilməsi, lüzumsuz sənədlərin tələb edilməsinə və təkrarçılığa yol verilməsi vacib məsələlərdən sayılıb. Vurğulanıb ki, qeydiyyat prosedurlarına sərf edilən müddət azaldılmalı, xidmət keyfiyyəti yaxşılaşdırılmalı və müasir tələblərə uyğunlaşdırılmalıdır.
Qeyd olunub ki, vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsi üçün idarələrdə sənədlərin qəbulu və vətəndaşlarla davranış təcrübəsi nizama salınmalı, hüquqi izahat və maarifləndirmə işləri önə çəkilməlidir.
Müşavirədə bildirilib ki, Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin təkmilləşdirilməsi, məlumat bazalarının mərkəzləşdirilməsi, avtomatlaşdırılmış korporativ şəbəkənin qurulması işi başa çatdırılmalıdır.
Tədbirdə ərazi qeydiyyat idarələrinin fəaliyyətinə ciddi nəzarət olunması, onların hesabatlılığı və fəaliyyətlərinə səmərəli nəzarətin inkişafı vacib sayılıb.
Qeyd olunub ki, dövlət əmlakından istifadə və sərəncam verilməsi, dövlət müəssisələrinin idarə olunması sahələrində nəzarətin səmərəliliyi artırılmalıdır. Bu sahədə korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizə gücləndirilməlidir.
Eyni zamanda komitənin fəaliyyət sahələri üzrə rüsum, xidmət haqqı və icarə haqlarının yığılması işinin daha da təkmilləşdirilməsi, bu sahələrdə nağd ödənişlərin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Tədbirdə komitədə çalışan dövlət qulluqçuları və işçilərin etik davranış qaydalarına riayət edilməsinə diqqət yetirilməsi, bu sahədə nəzarətin gücləndirilməsi tapşırıqları verilib. Eləcə də dövlət qulluğu və korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar treninqlərin təşkil olunması barədə göstərişlər verilib. Qeyd edilib ki, işçilərin peşəkarlığı artırılmalı və bu məqsədlə işə müasir təfəkkürlü peşəkar kadrlar cəlb edilməlidir.
Müşavirədə xüsusi vurğulanıb ki, ictimaiyyətlə əlaqələr və qaynar xətlərin fəaliyyəti gücləndirilməlidir. Fəaliyyət sahələri barədə məlumatların əldə olunması və informasiya işi nəzarətdə saxlanılmalıdır. Bununla yanaşı ictimai məlumatlandırma və maarifləndirmə tədbirləri daha da genişləndirilməlidir.
Qeyd edilib ki, fəaliyyətlərində neqativ hallara yol vermiş 15 nəfər işdən azad edilib, 40-a yaxın işçiyə qarşı ciddi tənbeh tədbirləri görülüb.
Eyni zamanda nəzərə çatdırıldı ki, neqativ hallara, korrupsiya ilə əlaqədar hüquqpozmalara və bu sahədə nöqsanlara yol vermiş işçilərə qarşı ciddi və təxirəsalınmaz tədbirlər görüləcəkdir.