26-01-2011 [07:57]
Bir qrup naxçıvanlı hərəkatçı tərəfindən Müsavatdaxili proseslərlə bağlı saytımıza məqalə gondərilib. Məqaləni qısa ixtisarla təqdim edirik.
Son dövrlər Azərbaycan siyasi mühiti Müsavat Partiyasında baş verən qarşıdurmalar, bunun nəticəsində də bir çox önəmli şəxslərin təşkilatdan ayrılması ilə diqqət çəkməkdədir. Başda partiya başqanı İsa Qəmbər olmaqla, Müsavat rəhbərliyinin yarıtmaz və antidövlətçilik siyasəti yürütməsi situasiyanın bu həddə qədər gəlib çatmasında həlledici rol oynamışdır. Təsadüfi deyil ki, partiyadan ayrılan sabiq divan üzvləri mətbuata açıqlamalarında bəzən açıq, bəzən də siyasi diplomatiya gərəkcəsilə üstüörtülü formada Müsavat Partiyasının artıq hadisələrə təsir etmək imkanında olmadığını önə sürərək, istefalarının səbəblərini məhz bu faktorla əlaqələndirmişlər.
G?zləmək olardı ki, ard-arda gələn istefalardan sonra Müsavat Partiyasının mövcud rəhbərliyi vəziyyətdən çıxış yolu arayacaq, daha böyük itkilərin qarşısını almaq məqsədilə özünütənqid metoduna baş vuraraq partiyanın gələcək perspektivini təhlükə altına qoymaqdan çəkinəcəkdir. Lakin bütün bunlardan nəticə çıxarmaq əvəzinə, İsa Qəmbər-Arif Hacılı-Rauf Arifoğlu triosu partiyadaxili ziddiyyətlərin daha da kəskinləşməsinə yol açmaqdadırlar. Heç şübhəsiz ki, bu da Müsavat Partiyasının siyasi gələcəyinin tamamilə fiaskodan ibarət olacağını açıq şəkildə ortaya qoymaqdadır.
İlk olaraq partiyadan ayrılan Sülhəddin Əkbər və İbrahim İbrahimli haqqında ?Yeni Müsavat? qəzetində, eləcə də partiya rəhbərliyinə yaxın digər mətbuat orqanlarında b?htan və şantajçı materialların dərc edilməsi Müsavat Partiyasının nə qədər qeyri-səmimi siyasət üzərində bərqərar olduğunun bariz sübutudur. Halbuki hər iki şəxs uzun illərini bu partiyaya həsr etmişlər. Onlar Müsavat Partiyasında göstərdikləri fəaliyyət nəticəsində hətta həbsxanalardan belə keçmişlər. Bütün bunlara baxmayaraq, həm S.Əkbər, həm də İ.İbrahimli hal-hazırda sabiq partiya yoldaşları tərəfindən olmazın təhqirlərilə üzləşməkdədirlər. Onlara siyasi vəfasızlıqdan tutmuş, iqtidarın Müsavat Partiyasındakı köstəbəkləri olmasına qədər hər cür aşağılayıcı yarlıqlar qoşmaqdadırlar. Halbuki ən böyük siyasi vəfasızlığı məhz İsa Qəmbər sabiq həmkarlarına göstərmişdir. Belə ki, İ.İbrahimli partiyanın son məclisində siyasi etika çərçivəsində hərəkət edərək, partiyanın yalnış siyasət yürütdüyünü faktlar və dəlillər əsasında önə sürdükdən sonra Müsavat Partiyasından istefa verdiyini bildirmiş və partiya yoldaşları ilə əl verib görüşmək istəmişdir. Lakin İsa Qəmbər cənabları siyasi etika normalarına sığmayan hərəkətə yol vermiş, ömrünün 20 ilini bu partiyaya verən sabiq müsavatçının əlini sıxmaqdan imtina etmişdir. ?Yeni Müsavat? qəzeti isə daha da irəli gedərək İ.İbrahimlinin istefa səbəbini onun korporativ maraqları ilə bağlayaraq, bunu sabiq Divan üzvünün Mərkəzi Seçki Komissiyasında partiyanı təmsil etmək istəyinin reallaşmaması ilə əlaqələndirmişdir. Halbuki elə bu qəzetin özü bir neçə il öncə - məlum 2003-cü il hadisələri vaxtı həbs edilən İ.İbrahimlinin barmaqlarının həbsxana qapıları arasında qoyulmasından, ona fiziki və mənəvi işgəncələr verilməsindən yazaraq ajiotaj yaradırdı. Burdan o nəticə çıxır ki, həbsxanada doğrudan da İ.İbrahimliyə işgəncə verilibsə, o, bu işgəncələrə dözərək partiyasının tutduğu mövqedən geri çəkilməyibsə, deməli, belə bir adamın korporativ maraqlardan çıxış etməsi o qədər də inandırıcı görünmür. Digər tərəfdən, tutaq ki, həqiqətən də İ.İbrahimli Müsavat Partiyasının MSK-da təmsilçisi olmaq istəyibmiş. Bəs bu faktı şişirdən müsavatçılar nədən o suala cavab vermirlər ki, MSK-ya yolladıqları şəxs hansı keyfiyyətləri ilə İ.İbrahimlidən üstün imiş. Məgər işgəncələrdən keçmiş bir müsavatçı (əgər İ.İbrahimliyə işgəncə verilməsi haqqında müsavatçıların iddiaları doğrudursa) öz partiyasının mənafeyini daha əzmlə qorumazdımı?
İ.İbrahimliyə olduğu kimi, S.Əkbərə qarşı da sərt ittihamlar irəli sürülmüşdür. Hətta A.Hacılı və R.Arifoğlu digər müsavatçılardan da irəli gedərək onu xarici xüsusi xidmət orqanlarına alət olmaqda günahlandırmışlar. İstər-istəməz sual ortaya çıxır: əgər doğrudan da S.Əkbər hansısa xüsusi xidmət orqanının adamı idisə, o zaman hansı səbəblərdən onu partiyanın ikinci şəxsi səviyyəsinə qaldırmışdılar? Belə çıxır ki, Müsavat Partiyası uzun illər xarici xüsusi xidmət orqanlarının əlində maşa rolunu oynayıb. Çünki partiyanın xarici siyasəti tamamilə S.Əkbərin nəzarətində idi və Müsavatın siyasi strategiyasının müəyyən olunmasında o, mühüm rol oynayırdı.
Partiyadan istefa verən sabiqlər haqqında irəli sürülən əsassız ittihamlardan biri də ondan ibarətdir ki, hər ikisi əslən naxçıvanlıdır və bu səbəbdən də hakimiyyətin sifarişini yerinə yetiriblər. Partiyadaxili ziddiyyətlərin əsas səbəblərini gizlətmək üçün regionçuluq faktorunu önə sürən məlum müsavatçı trio bir məqamı unudur ki, onlar özləri Azərbaycanda ən böyük regionçular kimi tanınıblar. Əslində Müsavat Partiyası regional maraqlar üzərində bərqərar olmuş bir partiyadır. Bunun bariz sübutu kimi partiyanın əsas ruporu rolunu oynayan ?Yeni Müsavat? qəzetinin 2003-cü il saylarını göstərmək olar. O zaman az qala hər sayında naxçıvanlılar və qərbi azərbaycanlılar haqqında ən təhqiredici ifadələri işlədən, ?Naxçıvanlılar və ermənistanlılar düzlən, dənizə doğru marş!?, ?Biz hakimiyyətə gəldikdən sonra məlum regiondan olanları dənizə tökəcəyik!? sayaq aşağılayıcı, Azərbaycanın müxtəlif regionları arasında siyasi qarşıdurma yaradan şüarları qəzetlərinin manşetlərinə daşıyan müsavatçılar sözün bütün mənalarında regional maraqlardan çıxış edirdilər. Yəni bu cür şüarların səsləndirildiyi bir dövrdə Müsavat Partiyası sıralarında qalmaqda davam edən naxçıvanlı müsavatçıların bu gün regionçu və hakimiyyətin adamları kimi qələmə verilməsi olduqca gülünc görünür. Digər tərəfdən, S.Əkbər və İ.İbrahimlidən sonra daha iki divan üzvünün, eləcə də Sumqayıt təşkilatından 15 nəfərin istefa vermələri Müsavat Partiyasında ziddiyyətlərin son həddə çatdığını göstərməkdədir. Deməli, məsələni heç də partiyadan gedənlərin regional maraqları ilə sınırlandırmaq qətiyyən doğru deyildir. Diqqət çəkən başqa bir məqam da ondan ibarətdir ki, istefa verənlər yenə də müxalifətçi mövqelərini qoruyub saxlayırlar və heç də hakimiyyət partiyasına transfer olmamışlar.
Bəs bu istefaların əsas səbəbi nədir? Bizim qənaətimizə görə, Müsavat Partiyasında ortaya çıxan ziddiyyətlərin kökünü yaxın keçmişdə axtarmaq lazımdır. Müsavat Partiyasından ilk ciddi qopmalar 1999-cu ildə baş vermişdi. O zaman Şərur rayon təşkilatından 91 nəfər, Ağstafa rayon təşkilatından 46 nəfər, Ağdam rayon təşkilatından isə 32 nəfər istefa verdilər. Doğrudur, sonralar bu səviyyədə kütləvi istefalar olmasa da, 1999-cu il hadisələri ciddi siqnal idi. Belə ki, istefa verənlər əsas səbəb olaraq partiyanın siyasi kursunun dəyişməsini göstərirdilər. Həm ?Bakı-Ceyhan boru xətti?nə qarşı çıxması, həm Kosovo məsələsində, həm də Güney Azərbaycan probleminə baxışda Müsavat Partiyası antimilli və antidövlətçilik mövqeyindən çıxış edirdi. Bu da partiya daxilində ilk çatların əmələ gəlməsinə yol açdı. Sonrakı illərdə də Müsavat Partiyası İsa Qəmbərin rəhbərliyi altında milli mövqedən kənara çıxmasını davam etdirdi. Partiyanın Avropa Liberallar İttifaqına qoşulması müsavatdakı milliyyətçi qüvvələrin tamamilə demoralizasiyasına gətirib çıxardı. Artıq Müsavat Partiyası milli partiya olmaqdan çıxmış, qlobalizm adı altında yad təfəkkürün, yad düşüncənin Azərbaycandakı qoruyucusu rolunu oynamağa başlamışdı. Düzdür, İsa Qəmbər xaricdən aldığı qrantlar hesabına bir neçə il partiyasını ayaqda tuta bildi. Bu zaman əsasən söz azadlığı, demokratiya, azad seçki kimi faktorları önə sürərək diqqətləri əsas məsələdən yayındırmağı bacara bildilər. Lakin bunun uzun sürməyəcəyi aydın idi. Tezliklə aşkar oldu ki, Müsavat Partiyasının əsas şüarları şablonçuluqdan başqa bir şey deyildir. Siyasi səbatsızlıq, verilən sözün tutulmaması, siyasi riyakarlıq kimi mənfi imici ortaya çıxan Müsavat Partiyası rəhbərliyinin arxasında duran xarici havadarları da geri çəkilmək məcburiyyətində qaldılar. Maliyyə qaynaqları kəsilən partiya rəhbərliyi artıq təşkilatı ayaqda tutmaq imkanında deyillər. Digər tərəfdən, uzun illər ərzində yalançı vədlərlə aldadılan sıravi müsavatçılar da İsa Qəmbər və komandasının siyasi bivecliyindən beziblər. Belə bir situasiyanın yarandığı dövrdə milliyyətçilik duyğularını itirməmiş müsavatçılar da nəhayət ki, partiyanı Avropa liberalizminin və qlobalizm adı altına sionist dairələrin ağuşuna atan rəhbərliyə qarşı çıxacağı qaçınılmazdır. Yəni bütün baş verənlərdən o nəticəni çıxarmaq mümkündür ki, antimilli və antidövlətçilik mövqeyində olmayan müsavatçıların İsa Qəmbər və komandasına qarşı çıxacaqları real görünür.
Sülhəddin Əkbər, İbrahim İbrahimli, Adil Qeybulla, Qabil Hüseynli kimi divan üzvlərinin, eləcə də Sumqayıt təşkilatından 15 nəfər müsavatçının istefaları gecikmiş addım olsa da, hər halda alqışlanmalıdır. Ümid edirik ki, Müsavat Partiyasında bu proses davam edəcəkdir. Son olaylar onu göstərir ki, partiyanın Naxçıvan MR təşkilatı və Nərimanov rayon təşkilatı da bütövlükdə istefa verməyə hazırlaşır. Hətta partiyadakı məlum triodan olan Arif Hacılı mətbuata açıqlamasında bu tip istefaların gözlənildiyini gizlətməyib. Təbii ki, antimilli mövqe sərgiləyən, Azərbaycanın milli maraqlarını hakimiyyət hərisliyinə qurban verən bir partiyadan hər cür istefalar təqdirəlayiqdir və alqışlanmalıdır.