ADP ölkə ictimaiyyətinə ünvanlanmız müraciət qəbul edib

img

26-01-2011 [07:51]


Bu gün Azərbaycan Demokrat Partiyasının yaradılmasından 20 il ötür. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, 20 illik yubileyi ilə əlaqədar ADP İdarə Heyəti partiyanın üzv və tərəfdarlarına, habelə ölkə ictimaiyyətinə ünvanlanmış müraciət qəbul edib. Müraciətdə deyilir: ?Əziz demokratlar! Hörmətli xanımlar və bəylər! Bu gün birlikdə yaratdığımız və inkişaf etməsində dəstək olduğumuz Azərbaycan Demokrat Partiyasının 20 illik yubileyidir. Azərbaycan Demokrat Partiyası dövlət müstəqilliyinin əldə edilməsində mühüm rolu olmuş, ölkəmizdə demokratiya və insan hüquqlarının bərqərar olunması, hüquqi dövlətin yaradılması prosesində avanqard mübarizəsi ilə seçilən bir siyasi təşkilatdır. ADP yarandığı ilk gündən başlayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, təhlükəsizliyi, eyni zamanda xalqımızın azadlığı və xoşbəxtliyi uğrunda ən müxtəlif ideyalarla daim çıxış etmiş və bu ideyaların həyata keçirilməsi üçün qüvvələrini səfərbər etmişdir. ADP-nin bir çox məsələlərdə siyasi uzaqgörənlik nümayiş etdirərək başqalarından xeyli əvvəl bu gün üçün aktual olan və bəziləri artıq həyata keçirilən regional və beynəlxalq layihələrin - ?Qara dəniz İttifaqı?, ?Qafqaz evi?, ?Türkdilli ölkələr Birliyi? və s. ideyalarının müəllifi olaraq da tarixə düşməsi şübhəsizdir. ADP özünün qəhrəman demokratiya fədailərinin ardıcıl və prinsipial mübarizəsinə görə Azərbaycanın müstəqillik tarixinə həm də ölkənin ən mübariz partiyası kimi daxil olmuşdur. ADP eyni zamanda Azərbaycan ictimai-siyasi fikrinə müxtəlif siyasi qüvvələri birləşdirə bilən, siyasi konfliktlərin aradan qalxmasına çalışan və fərdlərin siyasətdə iştirakına ciddi səylər göstərən bir siyasi partiya olaraq yaxşı tanışdır. Əziz dostlar! Biz birlikdə apardığımız mübarizədə qarşıya qoyduğumuz bütün vəzifələrin həllinə, xüsusilə də ölkəmizin azad və demokratik, hər bir fərdin hüquqlarının qorunduğu bir məkana çevrilməsinə nail ola bilməsək də bu yolda əlimizdən gələni etmişik və ən başlıcası yolumuzu böyük əzmlə davam etdirmək niyyətindəyik. Ona görə də sizin hamınızı ? ADP-nin yaranmasında və inkişafında xidmətləri olmuş şəxsləri, seçkilərdə bizim namizədlərə dəstək vermiş və demokratiyaya dəstək verməyi düşünən vətəndaşları, habelə ölkədə Demokrat Partiyasının mövcud olması və fəaliyyətini izləyən bütün insanları bu yubiley münasibəti ilə təbrik edir, sizə şəxsi həyatınızda xoşbəxtlik, fəaliyyətinizdə böyük uğurlar arzu edir, sizi ruhdan düşməməyə, demokratiya və insan azadlıqları uğrunda daha böyük əzmlə mübarizə aparmağa çağırırıq.? Həmçinin yubileylə əlaqədar partiya qərargahında tədbir keçirilib. Tədbirdə partiyanın rəhbərliyinə daxil olan şəxslər, Bakı rayonlarının təşkilat sədrləri və fəallar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ADP sədri Sərdar Cəlaloğlu partiyanın tarixinə, keçdiyi yola və hazırkı siyasi vəziyyətə dair fikirlərini diqqətə çatdırıb. Sonra isə partiyanın tarixindəki ən mühüm hadisələri əks etdirən foto slayd şou nümayiş etdirilib. Çay süfrəsi ətrafında davam edən tədbirdə daha sonra partiya fəalları fəaliyyətləri zamanı yadda qalan xatirələri haqqında danışıblar. Tədbir partiyanın qərargahı qarşısında iştirakçıların xatirə şəkli çəkdirməsi ilə başa çatıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA