25-01-2011 [05:38]
Azərbaycanın rabitə və informasiya texnologiyaları (RİTN) naziri Əli Abbasov ölkə ərazisində fəaliyyət göstərən mobil rabitə operatorlarını kəskin tənqid edib. Nazir ölkədə fəaliyyət göstərən mobil operatorların qiymət sistemini qeyri -şəffaf adlandırıb, onların beynəlxalq və rouminq danışıqları üçün şişirdilmiş qiymətlər tətbiq etdiyini bildirib. Nazir bəzi mobil operatorların konturdan manat sisteminə keçmədiyindən narazıdır.
RİTN stasionar (ev) telefonlarda da danışıqlarda dəqiqə hesabına keçməyi planlaşdırır. Naziri bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində rəqabətin vəziyyəti də qane etmirmiş. ?Araşdırmalarımız göstərir ki, özəl sektora daha çox imkanlar açılmalıdır?. APA-nın məlumatına görə, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Nazirliyin kollegiya iclasında Əli Abbasov həmçinin rabitə müəssisələrinin özəlləşdirilməsinə də hazırlıq getdiyini bildirməklə, bu prossesin gecikdiyini də dolayısı ilə etiraf etmiş olub. Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, Əli Abbasov yaxın vaxtlarda nazirlik tərəfindən ?Bakcell? və ?Azercell? şirkətlərinə də 3G texnologiyası üzrə lisensiya veriləcəyini vurğulayıb. Onun sözlərinə görə, artıq hər iki şirkət lisenziya almaq üçün hazırlıqları başa çatdıraraq nazirliyə müraciət edib: ?Onlar ən yaxın vaxtlarda bu lisenziyanı alacaqlar?.
Nazirin çıxışından belə bir nəticəyə gəlmək olur ki, rəhbərlik etdiyi sektorda ciddi problemlər mövcuddur. Nazirin rəhbərlik etdiyi sektordakı problemləri dilə gətirməsi müsbət haldır. Amma mövcud problemləri başqalarının üstünə atması təəssüf dogurur. Ona görə də onun bu problemləri dilə gətirməsi özünətənqid kimi qiymətləndirilə bilməz. İndiki halda isə belə təəssürrat yaranır ki, nazirlik problemləri həll etmək gücündə deyil. Ona görə də, imkan dərəcəsində özünü sığortalamaq üçün onların səbəbini başqalarına yönəltməyə cəhd edir.
Məsələn mobil rabitə operatorlarının rouming tariflərinin bahalığından şikayətlənən nazir gözəl bilir ki, beynəlxalq çıxışlar Aztelekom üzərindən gedir. Ona görə də, bu təşkilat (Aztelekom) mobil rabitə operatorlarına beynəlxalq çıxış tariflərini endirməlidir ki, operatorlar da anoloji addımı ata bilsinlər. Əgər beynəxalq çıxış tarifləri çox yüksəkdirsə, mobil rabitə operatorları bu endirimi öz cibləri hesabına etməlidirlər? Diqqətli oxucuların yadındadırsa, son illərə kimi, ölkəmizdə internet tarifləri çox baha idi. Çünki Rabitə Nazirliyi internet provayderlərinə trafikləri çox baha kirayə verirdi və bunu öz monopoliyasında saxlayırdı. Bu gün də beynəlxalq danışıq çıxışlarını Aztelekomun monopoliyasında saxlamaqla anoloji faktla rastlaşırıq. Ona görə də, hədsiz bahalıq və aşağı keyfiyyət şəraiti hökm sürür. Beynəlxaq çıxış xidməti göstərmək istəyən özəl şirkətləri bazara buraxmayan nazirliyin bahalığı başqasının üstünə yazması yumşaq desək başa düşülmür. Digər tərəfdən, heç kimə sirr deyil ki, bu gün uzaq və yaxın xaricdən Azərbaycana zəng etmək daha ucuzdur, nəinki Azərbaycandan xaricə. Görəsən bu fakt haqqında nazir niyə susur, bu faktı niyə dilə gətirmir? Tarif mövzusunda danışarkən RİTN-nin mobil rabitə şirkətləri arasındakı tariflərinə də toxunmaq artıq olmazdı. Belə ki, nazirlik burada da qeyri-bərabər şərait yaratmaqla, rəqabət şəraitini pozur və diskriminasiyaya yol verir. Belə bir imtiyaz , məsələn ?A? operatorundan ?B? operatoruna zəng etməyi daha sərfəli edir, nəinki ?B?-dən ?A?-ya.
Nazir bu gün mobil operatorların danışıqların konturla hesablanmadığını da tənqid edib. Qeyd edək ki, hazırda 3 operatordan biri - ?Azerfon? danışıqları dəqiqə hesabı ilə aparır. ?Azercell? şirkətinin nümayəndələri də mətbuata bildiriblər ki, bu şirkət də, cari ilin birinci yarısında dəqiqə hesabına keçəcək. Şübhəsiz ki, 3-cü operator Bakcell də, bu faktı nəzərə alıb anoloji addımı atacaq. Amma etiraf edək ki, bu problem istər mobil rabitə, istərsə də bütöv rabitə sektorunda bir nömrəli problem deyil. Amma stasionar telefon xidmətlərin haqqının toplanması və abonentlərə telefon qovşaqlarında və poçt şöbələrində göstərilən xidmətlərin səviyyəsi bu gün daha aktual problem olsa da, nazir bu haqda da danışmayıb. Şəxsən bu haqda xəbər agentliklərində məlumata rast gəlinmir. Məsələn, görəsən biz telefon abunə haqqını və ya Bakinternet, Aztelekom internet xidmət haqqını niyə telefon qovşağında və poçt şöbəsində növbələrə durub, ödəməliyik? Niyə biz magazalardan kartları alıb, onu yükləyə bilmirik? Nəyə görə vətəndaşlar öz işlərini atıb, uzun yolu qət edib, bu vəsait nəqd ödəməlidir? Digər tərəfdən, dövlət rabitə müəssisələri özəl operatorlardan nümunə götürüb, xidmət haqqını fiziki və hüququ şəxslərə hesabı e-mail və ya ənənəvi poçtla göndərmir. Borc yaranan kimi rabitəni kəsir, hüquqi şəxslər gedib öz ayagı ilə hesabı telefon qovşaqlarından götürüb, sonra da həmin vəsaiti ödəməyə məcbur olur. Elektrik və təbii qazdan istifadə haqqı kart vasitəsilə ödənildiyi bir vaxtda, rabitə haqqı hələ də sovetlər dönəmində yatıb qalıb.
Nazir rəhbərlik etdiyi sektorda rəqabətin aşağı səviyyəsindən də narazılığını bildirib. Maraqlıdır ki, nazirlik indiyə kimi, belə iddiaları qəbul etməmiş, onunla razılaşmırdı. İndi nazirlik özü bunu dilə gətirir. Və yenə də bildirir ki, 3G xidməti Bakcellə və Azercellə bu yaxınlarda veriləcək. Qardaş, bu yaxınlar nə deməkdir? İndi 21-ci əsrdir, rəqəmsal dünyasıdır. Vaxt əvvəlkindən fərqli olaraq illə, əsrlə ölçülmür. İndi saniyə ilə ölçülür. Bu süründürməçiliyin səbəbini bəlkə açıqlayasınız? Mobil rabitə şirkətləri əgər bu xidməti göstərməyə hazır oluqlarını bildiriblərsə, formallıq daşıyan lisenziya sənədini imzalamamaqda məqsədiniz nədir? Regionda ümumi inkişaf səviyyəsinə görə lider adlandırdığımız ölkənin rabitə sisteminin Ermənistan və Gürcüstandan 3-5 il geridə qaldığına görə məsuliyyətin Sizin üstünüzdə olduğunu bəlkə dərk etmirsiniz?
Nazirliyin stasionar telefonların dəqiqə hesabına keçməsinə hazırlaşması isə yeni xəbər deyil. Belə ki, bu sistemə keçməyin vacibliyi hələ Nadir Əhmədovun nazir olduğu dövrdən danışılır. Sadəcə ölkənin yerli rabitə şəbəkəsinin səviyyəsi bu keçidi indiyə kimi ləngidib. Belə ki, nəinki rayonlarda, heç paytaxtın özündə köhnə analoq ATS-dən imtina mümkün olmayıb. Cari ilin sonuna kimi bütün Bakı ATS-nin elektronlaşdırılacağı nazirliyin illər öncə planlaşdırdığı ideyaya start vermək imkanı qazandıracaq. Məlumdur ki, nazir bu tariflərin cox ucuz olacagını indidən bildirməklə, qarşılanacaq sosial narazılığı nəzərə alır. Minimum əmək haqqı 80 manat olan ölkə vətəndaşları üçün dəqiqə danışıq sisitemi əlavə xərc sayılacaq. Digər tərəfdən bu gün yüzlərlə enerji və kommunal xidmət haqqı ödəyə bilməyən dövlət səhiyyə, təhsil, mədəniyyət və s. müəssisələri üçün dəqiqə danışıq sistemi yeni baş ağrısı yaradacaq. Dəqiqə sistemində danışığın ən böyük zərbə vuracağı sektor isə KİV olacaq. KİV-in stasionar telefonlardan nə qədər aslı olduğunu qeyd etmək artıqdır. KİV-in indiki maddi texniki bazasının səviyyəsini nəzərə alsaq, bu sistemin tətbiqi onları sözün əsl mənasında blokadaya salmış olacaq.
Naziri bu gün informasiya-kommunikasiya texnologiyaları sahəsində rəqabətin vəziyyətinin qane etməməsi isə əsl sürpriz sayıla bilər. Nazir bildirir ki, onun araşdırmaları göstərir ki, özəl sektora daha çox imkanlar açılmalıdır. Əslində bu haqda informasiya cəmiyyəti 10 ildir ki, həyacan təbili çalır. Və Rabitə sektorunu tənzimləyən qurumu bu sektorda bizneslə məşğul olmaqdan imtina etməyə çağırır, rəqabət şəraitinin yaradılması və özəlləşdirməni sürətləndirməyə çağırır. Belə ki, RİTN-nin tabeliyində olan qurumlar ?Bakinternet? və ?Aztelekom.net? şirkətləri yaradaraq internet xidməti göstərirlər. Bakintenet hazırda paytaxtda, ?Aztelekom.net? isə respublika rayonlarında internet bazarında bu gün də hökmranlıq etməkdə davam edir. Azetelekom İB hətta lisenziya almadan CDMA mobil rabitə xidməti göstərir. ATS-lərin özəlləşdirilməsi praktiki olaraq dayandırılıb. Bu sektorda çalışan Ultel, Azevrotel və digər özəl şirkətlərə süni maneələr yaradılır. Əlavə şərhə ehtiyac qalmır...