Ötən il Azərbaycanda 52 nəfər QiçS-dən dünyasını dəyizib

img

21-01-2011 [02:36]


Azərbaycanda İİV-infeksiyası/QİÇS problemi ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Səhiyyə Nazirliyindən MİA-ya verilən məlumata görə, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb, lakin son illər cinsi yolla yoluxanların sayı artıb. Bununla belə, son 4 il ərzində Azərbaycanda yeni İİV-ə yoluxmuş insanların aşkar olunması eyni səviyyədə qalmaqdadır. 2010-cu ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 459 təşkil edib. Onlardan 97,4% Azərbaycan vətəndaşı, 2,6% isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış Azərbaycan vətəndaşından 80,3% kişi, 19,7% qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 244 nəfər, QİÇS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 52 nəfər olub. Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. Belə ki, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun və Səhiyyə Nazirliyinin dəstəyi ilə 08.11.2006-cı il tarixdən tədbiq edilən antiretrovirus terapiyaya hazırda 587 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 257 nəfərə müalicə 2010-cu ildə başlanılıb. Əvvəlki illərdə olduğu kimi, 2010-cu il ərzində Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri keçirilib, Respublikada İİV/QİÇS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilib. Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS üzrə Birləşmiş proqramının (UNAİDS) 23.11.2010-cu il tarixində dərc etdiyi hesabatında ilk dəfə göstərilir ki, dünya miqyasında QİÇS epidemiyasının dayandırılmasına və İİV-in yayılmasının qarşısının alınmasına nail olunub. Son 10 ildə yeni yoluxma hallarının və son 5 ildə QİÇS-dən ölüm hallarının 20% azalması, İİV-lə yaşayan insanların sayının isə stabilləşməsi qeyd edilib. Hesabatda göstərilir ki, ümumilikdə 2009-cu ilin sonuna yer kürəsində İİV-lə yaşayan insanların sayı 33,3 milyon təşkil edib ki, onlardan da 15,9 milyonu qadın, 2,5 milyonu uşaqdır. Təkcə 2009-cu il ərzində dünya üzrə İİV-ə yeni yoluxmuş insanların sayı 2,6 milyon, QİÇS-dən vəfat etmiş insanların sayı 1,8 milyon olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA