Cümzüd Nuriyev: "Ən böyük investisiya təhsilə, elmə qoyulan investisiyadır"

img

09-01-2011 [07:01]


Təhsil Nazirliyinin orta məktəblərdə hicaba qadağa qoyulması ilə bağlı qərarı hələ də gündəmdədir. Bu məsələyə müxtəlif don geyindirilsə də, zərər çəkən əsas tərəflərdən biri də təhsil sistemi və təhsil alan yeniyetmələrimizdir. Belə ki, belə bir qadağa bir qism yeniyetmənin təhsil davamlılığını itirməsi, yaxud diqqətinin yayınmasına səbəb olur. Bölgələrdə orta təhsilə marağın və davamiyyətin səviyyəsini nəzərə alsaq, belə qadağaların vəziyyəti daha da kritikləşdirəcəyini təsəvvür etmək çətin deyil. Təfəkkür Universitetinin professoru, siyasət elmləri doktoru Cümşüd Nuriyevlə elm və təhsil sistemindəki vəziyyətlə bağlı söhbətimizə də bu məsələdən başladıq. - Əvvəla onu deyim ki, Azərbaycanda belə bir problem yoxdur. Bunun arxasında maraqlı qüvvələr dayanır. İkincisi, Misir Mərdanov təhsil naziri kimi Azərbaycan təhsilinə cavabdeh şəxsdir və o, qanunvericiliyinə uyğun hərəkət edir. Bundan başqa, hicabın bağlanıb-bağlanmaması ilə bağlı gərək bizim hömətli Şeyxin rəyi gözlənilə. Ayrı-ayrı insanlar bu barədə fikirlərini söyləyirlər, amma Qafqaz Müsəlmanları İdarəsi belə bir fətva verməyib. Bir də ki, hələlik bununla bağlı qadağa da yoxdur. Azərbaycan sivil, Avropaya inteqrasiya edən dövlətdir. Bizə də bunu sırımağa çalışan İranın özündən soruşmaq lazımdır ki, Azərbaycanın hicab məsələsini müzakirə edən İran, nədən öz Konstitusiyasının 15-ci maddəsində nəzərdə tutulan Azərbaycan dilində bir məktəblə bağlı məsələni müzakirə etmir? Ən acınacaqlısı isə odur ki, bundan siyasi faktor kimi istifadə edənlər Cənubi Azərbaycandakı azərbaycanlılarla bağlı çıxışlar eləmirlər. Yəni məsələni bu şəkildə şişirdib, bunu elmlə, təhsillə əlaqələndirmək düzgün deyil. Vahid məktəbli forması var və onu hamı geyməlidir. Bu, dünya praktikasında da mövcuddur. İnsanlar bir şeyi də dərk eləməlidirlər ki, Azərbaycanın təhlükəsizlik konsepsiyası var. Həmin konsepsiya üç istiqamətə bölünür - atlantizm, avrosentrizm və regionalizm. Əgər Azərbaycan Atlantik hövzəsi ölkələrinə inteqrasiya edirsə, regionda lider dövlətə çevrilirsə, öz dəyərlərini saxlamaqla bərabər, özünü dünyaya açmalıdır. Bunu başqa istiqamətlərə yönəltmək lazım deyil. Guya hicab taxan uşaq savadlı olur, taxmayan savadsız? Bunlar başqa-başqa məsələlərdir. Bir də ki, burada söhbət orta məktəblərdən gedir. Amma institutlara yenə də hicabla gələnlər var və bunu qadağan edən yoxdur. - Ümumiyyətlə, bu məsələ ilə bağlı daha yüksək səviyyədə müzakirə aparıb qərar vermək olmazmı ki, nə ictimai səviyyədə narazılıq olsun, nə də təhsil sistemində problem yaransın? - Təbii ki, Milli Məclisdə müzakirə eləmək olar. Milli Məclisdə "Təhsil haqqında" Qanun qəbul edilib. Bizim 9 ali təhsil müəssisəsinin rektoru Milli Məclisin üzvüdür. Misir Mərdanov bu məsələni qaldıranda, rektorlar da onu dəstəkləyir. Türkiyədə bu məsələ ilə bağlı çox ciddi problemlər var. Orda universitetlərdə hicaba qadağa qoyurlar. Məgər Türkiyə müsəlman ölkəsi deyil? Amma onlarda bu şəkildə reaksiya olmur. Qeyd etdiyim kimi, burada elm, təhsil məsələsi yoxdur. Bunun arxasında ayrı məqsədlər dayanır. - Ancaq bəziləri belə bir qadağa olacağı təqdirdə məktəbdən imtina etməyi düşünürlər. Sizcə, bu, bəzilərinin təhsildən kənarda qalması ilə nəticələnməyəcək? - Vallah, bu gün hicablı-hicabsız olmasından asılı olmayaraq, təhsildən kənardaqalma prosesi gedir. Cənub rayonlarında, konkret olaraq, Masallıda 12 yaşlı qızı ərə verirlər. Belə olduqda isə onlar orta məktəbdən çıxarılır. Əgər İslamı bu qədər sevirlərsə, bu cür hallar dində qadağadır. 12-14 yaşında qız uşaqlarını məktəbdən çıxarıb 30-40 yaşlı kişilərə ərə vermək hansı qanuna, hansı adət-ənənəyə sığır? Bəs, bu qədər uşağın təhsilinin davam etdirilməsi barədə kim düşünür? Yəni son hicab məsələsinin təhsillə heç bir bağlılığı yoxdur. - Cümşüd müəllim, Azərbaycanda boloniya prosesinə, kredit sisteminə keçid başlayıb. Ümumiyyətlə, həm bu keçid dövrü, həm də ümumi təhsilin səviyyəsi ilə bağlı nə deyə bilərsiniz? - Bəli, artıq universitetlərdə kredit sesteminə keçmək məsələsi gündəmə gəlib. Eyni zamanda bizdə bütün özəl universitetlər boloniya sisteminə keçib. Bu, daha çox tələbələrə sərbəstlik verir və imkanı olmayanların oxumasına şərait yaradır. Yəni elə uşaqlar var ki, valideynlərinin imkanı yoxdur onları oxutmağa, amma dövlət kredit sistemi ilə onları oxutmaq istəyir. Bununla da hər kəsin Konstitusiyada olan təhsil almaq hüququ təmin edilir. Təbii ki, bu, ağrılı bir prosesdir. Əvvəl Bakı Dövlət Universiteti 100 ballıq sistemə keçəndə mətbuat nələr yazırdı. İndi də həmin məsələdir. Sözsüz ki, müəyyən çətinliklər var. Bu sistemə alışana qədər problemlər olacaq. Amma oxuyan həmişə oxuyub və onun üçün hər hansı bir problem olmayıb. Bilirsiniz, artıq təhsil sistemini qaydaya salmaq dövlətin vacib məsələsinə çevrilir. Övladları xaricdə oxuyanların özləri də gördülər ki, ölkədə normal sistem düzəltsələr, bu qədər artıq xərcə düşməzlər. Həmin təhsili vermək üçün Azərbaycanda kifayət qədər ağıllı, savadlı müəllimlər var. Təsəvvür edin ki, Türkiyədə 6 min azərbaycanlı müəllim çalışır. - Deməli, Azərbaycanda normal şərait olmadığı üçün Türkiyəyə gediblər... - Xeyr! Orda təhsil verə bilən adamlar az olduğuna görə, əməkhaqqı yaxşıdır. İndi Azərbaycanda özəl təhsil müəssisələrində yaxşı maaş verirlər. Hazırda özəl təhsil müəssisələrində əmək haqları normaldır. Yəni normal dərs deyən müəllimlər əməlli-başlı təmin olunurlar. Şəxsən məni aldığım maaş təmin edir. Çünki orda normal dərsimi deyirəm, həm də bilirlər ki, necə dərs deyirəm, ona görə də rektorluq mənim kimi müəllimlərə xüsusi diqqət göstərir. Məsələn, Təfəkkür Universitetində 10 müəllim yaxşı dərs dediyinə görə, əlavə olaraq rektor tərəfindən mükafatlandırılır. Bunun özü də bir stimuldur. Əgər yaxşı dərs dediyim üçün mənə əlavə əməkhaqqı verirlərsə, nəyə görə yaxşı dərs deməyim, rüşvət alım? Yəni təhsil sistemindəki problemləri aradan qaldırmaq üçün addımlar atılır, amma hələ də problemlər var. Bəziləri nəfsini saxlaya bilməyib rüşvət alır, bir hissəsi də bir neçə yerdə dərs dediyi üçün yaxşı dərs keçə bilmirlər. İndi bu o demək deyil ki, bütün müəllimlər rüşvət alır, bütün universitetlərdə rüşvət var. Azərbaycan dövlətinin imkanı var ki, müəllimləri lazımi səviyyədə təmin eləsin. Digər tərəfdən, artıq bizim xaricdə təhsil alanlarımız da qayıdıb burada işləyir. Çünki hər cür şərait var. Yəni Azərbaycanda həmin problemlər reysə düşmək üzrədir. İnanın ki, iki-üç ildən sonra heç kim gedib xaricdə oxumaq istəməyəcək. Ona görə ki, artıq Azərbaycan təhsili normal səviyyəyə gəlib çatır. - Siz xaricdə oxuyan tələbələrin ölkəyə qayıtmasından danışırsınız, amma reallıq bir qədər fərqlidir. Hətta bu günlərdə Misir Mərdanov xaricdə təhsil alanların ölkəyə qayıtması üçün çağırış da etmişdi... - Onların bir qismini dövlət göndərmədiyinə görə, onlar qayıdıb gəlmək istəmirlər. Göndərilənlərin əksəriyyəti dövlət məmurlarının övladlarıdır. Onlar 8-9-cu sinifdən gedirlər, yetkinlik dövrləri Azərbaycan mühitindən kənarda olduğuna görə, Nizami, Füzuli əvəzinə, Şekspiri, Bayronu, Höteni öyrənirlər. Nəticədə isə onların bəziləri kasmopalit olurlar. Yəni onlarda vətən sevgisi bir növ gec baş qaldırır. Digər tərəfdən, onu da qeyd etmək istəyirəm ki, xaricdə oxuyanlar burda təhsil alanlardan daha çox millətçi olurlar. O yaşa çatana qədər müəyyən gərginlik olur. Bu mənada sizinlə razıyam. Ancaq inanın, o uşaqlar 25-26 yaşa çatanda geri qayıtmaq istəyirlər. Bu da çox ciddi məsələ olduğu üçün dövlət o sistemə də əl qoydu. İndi dövlət göndərir və geri qayıtmağı tələb edir. Onlar geri qayıdıb burada beş il işləyəndən sonra heç geri getmək istəməyəcəklər. Bir də ki, bu problemlərin hamısını birdən həll etmək mümkünsüzdür. Bütün dövlətlər keçid dövründən sonra prosesləri yavaş-yavaş həyata keçirirlər. Biz isə istəyirik ki, bütün problemlər birdən həll edilsin. Bir problem olanda da günahı iqtidarda görürük. Əslində burada hamımız günahkarıq. Ona görə də hamı təhsilin inkişafı üçün çalışmalıdır. - Bildiyiniz kimi, dövlət proqramı əsasında xaricə təhsil almaq üçün 5 min tələbə göndərilir. Bu proqramın perspektivini necə qiymətləndirirsiniz? - Ən böyük investisiya təhsilə, elmə qoyulan investisiyadır. Bu gənclərin əksəriyyəti xarici ölkələrdə müxtəlif dillərdə təhsil alır və həmin ölkələrin adət-ənənələrini öyrənirlər. Onlar geri qayıdandan sonra Azərbaycanı dünyaya tanıtmaqda xüsusi rol oynayırlar. Baxın, on il bundan öncə ölkəmizi dünyada tanıtmaq üçün adam tapmırdıq, amma son beş ildə bizim xaricdə təhsil alan gənclərimiz orda müxtəlif birliklər yaradaraq, Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar. Yəni belə gənclərimizin təbliğat baxımından da müstəsna rolları var. Onlar ölkəyə qayıdandan sonra daha böyük işlər görürlər. Diqqət yetirin, dövlət orqanlarında nə qədər xaricdə təhsil almış gənclər çalışır. Xarici İşlər Nazirliyindəki kadrların əksəriyyəti xaricdə təhsil alıb gələnlərdir. Həmin 5 min gəncə qoyulan vəsait də neftdən əldə olunan gəlirdir. Yəni bir növ bu vəsait Azərbaycanın qızıl fonduna yatırılır. Amma unutmayaq ki, bütün inkişaf etmiş ölkələr yalnız elm və təhsilin sayəsində yüksək tərəqqiyə nail olub. Bir məsələni də qeyd etmək istəyirəm ki, artıq semestr imtahanları başlayır. Bizim universitetdə yeni sistem tətbiq olunur. Mənim dərs dediyim tələbələrdən başqa müəllim imtahan götürür, başqa müəllimin tələbələrindən də mən imtahan götürürəm. Əgər tələbənin savadı varsa, müəllim də yaxşı dərs keçirsə, qiymət ala biləcək. Əgər savadı yoxdursa, rüşvətlə, yaxud tapşırıqla qiymət yazırsansa, bunun axırı yoxdur. Artıq Təhsil Nazirliyi bununla bağlı addım atıb. Baxmayaraq ki, bizim universitet özəldir, biz bu sistemi qəbul elədik. Hesab edirəm ki, bunun özü müsbət addımdır. - Azərbaycanın elm sahəsindəki vəziyyətlə bağlı da fikirlərinizi öyrənmək istərdik. Hazırda bu sahədə vəziyyət necədir? - Elm sahəsində vəziyyət çox ciddidir. Çünki akademik Ramiz Mehdiyevin çıxışından sonra Ali Attestasiya Komissiyası daha ciddi işləyir. Müdafiələr ciddi yoxlanılır, xaricdə məqalələrin çap olunması ilə bağlı müvafiq addımlar atılır. Bundan əlavə, Elmin İnkişafı Fondu yaradılıb. Fond vasitəsi ilə maliyyələşmə məsələləri də həll olunur. Azərbaycan alimləri də bütün dünyada tanınan, öz dəsti-xətti olan alimlərdir. Yaxın beş il ərzində Azərbaycan elmi dünyaya elə töhfələr verəcək ki, kimsə bunun qarşısında dura bilməyəcək. Son iki-üç ildə Azərbaycanın arxeologiya sahəsində qazandığı nailiyyətləri heç əvvəlki 50 ildə qazana bilməmişdi. Çünki maliyyə ayrılıb və işlər görülür. Əvvəllər Azərbaycanın minillik, ikiminillik tarixdən danışılırdısa, artıq 8-10 minillik tarixdən danışılır. Bunların hamısı da arxeoloji qazıntılar, araşdırmalar nəticəsində ortaya çıxır. Bütün bunlar isə Azərbaycan elminin uğurudur. Dəqiq elmlər sahəsində də çox gözəl alimlərimiz var. Hüquq və siyasi elmlər sahəsində isə kadrlarımız bir qədər azdır. Bu problem də tədricən həllini tapacaq. - Amma elm sahəsində çalışanların əmək haqlarının aşağı olması problemi də var... - Bəli, mən də bu məsələdə sizinlə razıyam. Əməkhaqqı məsələsinə baxsalar, yaxşı olar. Müəyyən qədər artım olur, amma bu, qaneedici deyil. Son dövrlər müəyyən işlər görülür, ancaq birdən-birə əmək haqlarını artırmaq da olmaz, çünki bu, daxili bazarda bahalaşma ilə nəticələnə bilər. - Elmdə qocalma tendensiyasının olduğu bildirilir, bu isə gənclərin elmə meylli olmaması ilə əlaqələndirilir. Siz bu məsələdə hansı fikirdəsiniz? - Düzdür, Azərbaycan elmində qocalma tendensiyasının olduğunu deyirlər. Bilirsiniz, adətən elmlə məşğul olan adamlar çox yaşayır, həm də yaşlaşanda belə, işləmək imkanı olur. Bir də ki, elmdə qoca, cavan məsələsi yoxdur. Əksinə, yaşlı adamlar daha təcrübəli olurlar. Yəni onları elmdən çıxdaş eləmək düz deyil. Ancaq elm sahəsində gənc nəsil də mütləq olmalıdır ki, yaşlı nəsli tədricən əvəz eləsin.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA