AMEA-nin I vitse-prezidentindən Misir Mərdanova dəstək

img

07-01-2011 [01:03]


"Bu gün Azərbaycan müharibə şəraitində yaşayan, torpaqları düşmən tapdağı altında olan bir dövlətdir. Ölkəmizdə hər bir gəncin də vaxtı çatdıqda ordu sıralarına çağırılması qanuna müvafiqdir və düzgündür. Bu baxımdan da, Azərbaycanda təhsilini başa vurmuş hər bir oğlan hərbi xidmət keçmək üçün ordu sıralarına çağırılması haqqında qanun qüvvədədir". Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti, akademiyanın Fizika İnstitutunun direktoru, akademik Arif Həşımov YAP-ın saytına müsahibəsində deyib. O, bildirib ki, təhsil prosesində fasilənin yaranması bu sahədə gerilələmələrin meydana gəlməsinə səbəb olur: "Məlum olduğu kimi, elmi tədqiqatlar bir-birilə zəncirvari bağlıdır. Həmin elmi tədqiqatlar zəncirinin bir halqası qopduqda, elmin inkişafı prosesi pozula bilər. Ümumiyyətlə, akademiyanın əməkdaşlarının mövqeyi belədir ki, təhsili davamlı şəkildə aparmaq üçün mümkün şəkildə oğlanlara möhlət verilsin. Bilirsiniz, ali təhsilin bakalavr və ya magistr səviyyəsini bitirən gənclərin ordu sıralarına çağırılması onları bir növ elmi fəaliyyətdən, tədqiqatlardan ayrı salmış olur. Bunun nəticəsində isə həmin gənclərdə ya tədqiqat işini yenidən aparmaq həvəsi itir, ya da onların tədqiqat mövzuları köhnəlmiş olur. Digər bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Ali təhsilin bakalavr və ya magistr səviyyəsini bitirən oğlanların orduda xidmətə getməsi nəticəsində doktoranturaya qəbul olanların mütləq əksəriyyətini qızlar təşkil etmiş olur. Lakin sonradan bu sahədə təhsilini davam etdirən qızların ailə qayğılarının artması tədqiqat işlərinin uzun müddət ləngiməsinə, hətta, dayanmasına gətirib çıxarır. Beləliklə də, bu proses elmin və təhsilin inkişafına müəyyən mənada mənfi təsir göstərmiş olur. Bu nöqteyi-nəzərdən də düşünürəm ki, bakalavriatların və ya magistrantların təhsillərini davam etdirməsi üçün onlara möhlətin verilməsi elmin inkişafına böyük töfhə olardı". Qeyd edək ki, magistraturaya daxil olan bakalavrlara hərbi xidmətdən möhlət verilməsi təklifi ilə təhsil naziri Misir Mərdanov çıxış edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA