03-01-2011 [06:47]
[b]Qüdrət İsaqov: "Layiq olmayanların idarəetmə sistemində olması nəinki elmin inkişafını tormozlayır, hətta elmimizə dağıdıcı zərbə vurur" [/b]
Məlum olduğu kimi, Nazirlər Kabineti doktoranturaya qəbul keçirəcək ali təhsil və elm müəssisələrinin siyahısını təsdiqləyib. Gələn ilin fevral ayına qədər doktoranturaya qəbulun başlanacağı bildirilir. Azərbaycan elmindəki vəziyyət, gənclərin bu sahəyə marağı və digər sualları cavablandırmaq üçün AMEA-nın Fizika-Riyaziyyat İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Qüdrət İsaqovla söhbətləşdik.
- Təsdiqlənən siyahıda ölkədə fəaliyyət göstərən bütün elmi tədqiqat institutlarının, ali təhsil və digər elm müəssisələrinin adları yer alıb. Demək olar ki, bütün elm müəssisələrinə fəlsəfə doktoru və elmlər doktoru hazırlamaq üçün imkan yaradılıb. Hesab edirəm ki, doktoranturaya qəbul ölkənin əksər elm və təhsil müəssisələrini əhatə edir. Düzdür, elə müəssisələr var ki, orda elmlər doktorluğuna qəbul keçirilməyəcək. Fikrimcə, bu müəssisələrdə maddi-texniki baza, elmlər doktorlarının sayı, doktorların hazırlanmasına və doktorluq dərəcəsi verən şuraların yaradılmasına imkan vermir.
- Ümumiyyətlə, doktoranturaya qəbulla bağlı yeni sestemi necə qiymətləndirirsiniz?
- Əslində mən burada prinsipial fərq görmürəm. Əvvəllər doktoranturanın yerinə aspirantura var idi. Aspirantura elmlər namizədləri hazırlayırdı. Bundan sonra elmlər namizədi fəlsəfə doktoru adlanacaq. Mənə elə gəlir ki, bu dəyişiklik elm adamlarımızın xarici ölkələrdə problemsiz təqdimatına hesablanıb. Əvvəllər xaricə gedən elm adamlarımızın diplomlarına baxanda görürdülər ki, fizika elmləri namizədi, biologiya elmləri namizədi və s. yazılıb. Bu da xaricdə başa düşülmürdü. Yəni indi birinci mərhələdə tədqiqatçıya elmlər namizədi elmi dərəcəsi əvəzinə, fəlsəfə doktoru elmi dərəcəsi verilir.
- Qüdrət müəllim, Azərbaycan elminin hazırkı vəziyyəti ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Həm elm sahəsində çalışanların, həm də elmin inkişafı baxımından vəziyyət necədir?
- Azərbaycan elminin dünya elmi üzrə reytinqi ilə bağlı mətbuatda məqalələrlə çıxış etmişəm. "Ramiz Mehdiyev həyəcan təbili çalır",- başlıqlı məqaləmdə bu barədə ətraflı fikirlərimi qeyd etmişəm. Gəlin görək, bütün elmlər üzrə Azərbaycan elmi hardadır? Dünyada bütün elmlər üzrə nəticələrə diqqət yetirsək, Azərbaycan elmi 86-cı yerdədir.
- Sizcə, bu aşağı göstərici deyilmi?
- İnkişaf etmiş ölkələrlə müqayisədə bu göstərici çox aşağıdır. Həmin ölkələrlə müqayisədə bütövlükdə elmimizi kafidən aşağı qiymətləndirmək olar. Lakin biz bütün amilləri nəzərə alsaq, dünya ölkələri sırasında Azərbaycan elmini kafi qiymətləndirə bilərik. Yəni Azərbaycanı elm sahəsində İsraillə, ərazicə və əhalisinin sayına görə bizə yaxın olan Avropa ölkələri ilə müqayisəyə cəhd etsək, böyük yanlışlığa yol vermiş olarıq. Ancaq birmənalı şəkildə demək olar ki, dəqiq elmlər sahəsində Azərbaycanın yeri kafi qiymətləndirilə bilər. İctimai və humanitar elmlər sahəsində isə Azərbaycanın yeri qeyri-kafi kimi qiymətləndirilməlidir. Dəqiq və ictimai elmlər haqqında dediklərim Azərbaycan alimlərinin dünya elminə daxil edilən əsərlərinin sayı ilə müəyyənləşir.
- Son dövrlər Azərbaycanda elmin inkişafı üçün dövlət səviyyəsində bir sıra addımlar atılır, büdcədən müəyyən miqdarda vəsait ayrılır. Bu istiqamətdə atılan addımlar elm adamı kimi Sizi qane edirmi?
- Bu gün Azərbaycanda elmə əlavə vəsaitin ayrılması yeni yaradılan Elmin İnkişafı Fondu tərəfindən həyata keçirilir. Bu fond müxtəlif elmi layihələri maliyyələşdirir. Artıq belə müsabiqələrdən biri keçirilib. Düzü, mən birinci müsabiqəyə layihə təqdim eləməmişəm. Ona görə də hazırda gözləmə mövqeyindəyəm, görək birinci müsabiqədə qalib olmuş layihələr necə həyata keçəcək və nəticələri nə olacaq. Ancaq hökmən ikinci müsabiqəyə layihə təqdim edəcəyəm. Yəqin ki, o zaman vəziyyəti daha dəqiq analiz etmək imkanım olacaq.
İlkin mərhələdə Elmin İnkişafı Fondunun altı milyon manat vəsaiti var idi. Azərbaycanda fəaliyyət göstərən universitetlər və elmi tədqiqat institutları isə kifayət qədər çoxdur. Bu mənada həmin maliyyə vəsaitinin böyüklüyü haqqında danışmaq da çətindir.
- Bununla yanaşı, elm sahəsində çalışanların əmək haqlarının aşağı olduğu, sosial-iqtisadi vəziyyətlərinin ürəkaçan olmadığı da göz önündədir...
- Bəli. Elm sahəsində çalışanların əmək haqları olduqca azdır. Yəni Azərbaycan elmində əməkhaqqı məsələsi acınacaqlı vəziyyətdədir. Elmlər doktoru 220 manatdan 400 manata yaxın əməkhaqqı ala bilir. Əlbəttə, bu məbləğ Azərbaycanın bazarlarındakı indiki qiymətlərlə müqayisədə çox azdır. Məsələ ondadır ki, Azərbaycanın elm adamlarının əksəriyyətinin aldığı məvacib orta aylıq əməkhaqqından aşağıdır. Halbuki elm adamları cəmiyyətin yaxşı təmin olunan təbəqəsi olmalıdır.
- Bəs, belə bir şəraitdə elmin inkişafına nail olmaq mümkündürmü?
- Bu əməkhaqqı ilə elmin inkişafına nail olmaq olmaz. Elmin inkişafı üçün stimul lazımdır, stimul isə yüksək əməkhaqqıdır. Mən bu günə kimi mətbuatda çıxış etdiyim məqalələrimdə də, müsahibələrimdə də bildirmişəm, çox əfsuslar olsun ki, bəzən layiq olmayan insanlara çox yüksək əmək haqları yazılır, verilir və çox yüksək vəzifələr bəxş edilir. Bu cür yanaşmalar elmlə məşğul olan insanların özündə elmə ikrah yaradır. Bu cür mənfi rəy yaradan hərəkətlərə yol vermək olmaz. Belə yanaşmalarla elmin inkişafına nail olmaq mümkün deyil.
- Azərbaycan elminin milli strategiyasında göstərilir ki, elmdə qocalma tendensiyası var. Bu barədə nə deyə bilərsiniz?
- Bu tendensiya obyektiv səbəblər üzündən 1990-2000-ci illərdə yarandı. İndi bu tendensiya aradan qalxmaqdadır.
- Hazırda gənclərin elmə marağı hansı səviyyədədir, bu sahədəki vəziyyət Sizi qane edirmi?
- Azərbaycanda işsizliyin səviyyəsi yüksək olduğuna görə, gənclərin bir hissəsi hələ ki, elmi tədqiqat institutlarında çarəsizlikdən işləməyə gəlirlər. Yəni onlar da hardasa işləməli, az da olsa, əməkhaqqı almalıdırlar. Bu baxımdan gənclərimizin elmə axını var. Çox təəssüflər olsun ki, gələcəkdə onlar yaxşı məvacibli bir iş tapan kimi buranı atıb gedə bilərlər. Ümumiyyətlə, elmin maddi-texniki bazası aşağı səviyyədədir. Xüsusiylə də texniki elmlər sahəsində maddi-texniki baza çox aşınıb, demək olar ki, əksəriyyəti dağılıb. Hesab edirəm ki, bu səbəbdən kifayət qədər yüksək səviyyəli işlərin görülməsi problemə çevrilib. Amma gənclərimizin bir çoxunun elmə marağı var. Ən ağrılısı odur ki, bu gün elmlə məşğul olan gəncləri onların valideynləri dolandırır. Bu gün elm adamına verilən maaşla gənclər nə özlərini, nə də ailələrini saxlaya bilirlər. Bu mənada gənclərimizin vəziyyəti pisdir.
- Belə bir vəziyyəti görən gənc nəsli elmə necə təşviq etmək olar?
- Mən yenə deyirəm, bu əmək haqları ilə elmin inkişafına nail olmaq qeyri-mümkündür. Elmə gələn gənclər də digər sahələrdə iş tapa bilmədiklərinə görə, bura axın etməli olurlar. Yəni bu gün elmi müəssisələrdə boş yerlər yoxdur, bütün yerlər dolur.
- Bu yerlər daha yaxşıları ilə dolur, yoxsa məcburiyyət qarşısında elm sahəsinə gələnlərin hesabına dolub?
- Hər iki hal mövcuddur. Bu gün elmə məcburiyyət qarşısında gələnlər də var, daha yaxşıları da. Adətən elmə gələnlərin əksəriyyəti yaxşılar olur. Çünki magistratura pilləsinə yüksək balla qəbul olurlar, əksəriyyət yüksək savada malik olur. İndi elmi tədqiqat institutları həmin magistr diplomu almış şəxsləri işə qəbul edir. O baxımdan, həmin gənclər bakalavr pilləsini bitirən digər gənclərdən daha üstün biliyə sahib olurlar. Yəni elmə gələnlər aşağı səviyyədə olmurlar. Sadəcə olaraq, onlar elm sahəsinə gələndən sonra öz potensiallarını sona qədər göstərə bilirlər, yoxsa bilmirlər? Bax, əsas məsələ bundan ibarətdir.
- Həmin gənclər öz potensiallarını üzə çıxara bilirlərmi?
- Mənim fikrimcə, yox! Bu da bayaq qeyd etdiyim kimi, elmdə əmək haqlarının aşağı olması, maddi-texniki bazanın bərbad vəziyyətdə olması ilə bağlıdır. Əgər lazım olan şərait yaradılsa, gənclərimiz öz potensiallarını göstərə bilərlər.
- Həm gənclərin elmə təşviqi, həm də gələnlərin potensiallarının üzə çıxarılması üçün hansı addımlar atılmalıdır? Bu istiqamətdə hansısa təklifləriniz varmı?
- Yenə də qeyd edim ki, gənclərimizin elmə gəlməsində elə də ciddi problem yoxdur. Amma onların potensiallarının reallaşdırılması üçün öncə elmin maddi-texniki bazası gücləndirilməlidir. Bunun üçün Azərbaycan elminə dövlət büdcəsindən indikindən qat-qat artıq maliyyə vəsaiti ayrılmalıdır. Dünyanın əksər ölkələrini götürsək, elmə ayrılan vəsaitlər ümumdaxili məhsulun 2-4 faizi, bizdə isə 0,2 faizi həcmindədir. Yəni dünyanın qabaqcıl ölkələri ilə müqayisə etsək, bizdə ümumdaxili məhsula nisbətdə elmə ayrılan vəsait 15-20 dəfə aşağıdır. Odur ki, elmə investisiya qoyuluşları artmalıdır. Məhsul hər zaman qoyulan investisiyaya adekvat olur. Bu gün həmin investisiya qoyuluşları aşağı səviyyədə olduğu üçün nəticə də aşağıdır.
İkincisi, dünya ilə inteqrasiyanı gücləndirmək lazımdır. Elm sahəsi dövlət tərəfindən maliyyələşdirilməlidir ki, inkişaf olsun və dünya elmi ilə ayaqlaşa bilək. Əlbəttə, burada özəl sifarişlər və investisiyalar da ola bilər. Bu da o zaman baş tuta bilər ki, həmin şirkətlər elm tutumlu məhsullar istehsal etsinlər. Daha doğrusu, bunun üçün Azərbaycanda istehsal sahələri inkişaf eləməlidir. O zaman həmin müəssisələr özlərinin institutunu yaradacaqlar, yaxud da dövlət təhsil müəssisələrini bitirən məzunları işə götürəcəklər, onların xarici ölkələrdə təcrübə keçməsinə şərait yaradacaqlar. Yəni ümumilikdə proses elmin inkişafına xidmət edəcək. Bu gün isə bizim əsas istehsal müəssisələrimiz dövlətin olduğuna görə, bütün investisiyaları dövlət qoymalıdır.
- Qüdrət müəllim, elm sahəsində çalışanların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı proqramın qəbulu gözlənilir. Bunun müsbət nəticələrini gözləyirsinizmi?
- Ümumiyyətlə, belə bir proqramın olması çox yaxşı olardı. Yəni proqramın olmamağındansa, hansısa proqramın olması çox yaxşıdır. Hətta o proqram pis yerinə yetirilsə belə, müəyyən qədər müsbət nəticələri ola bilər. Çünki o proqram müəyyən istiqaməti göstərəcək, istiqamətsizlik olmayacaq. Kor-koranə addımlar atılmayacaq. Amma bütün proqramları insanlar icra edirlər. Bu mənada kadrlar da öz yerində olmalıdır. Bu gün Azərbaycan elminin idarəetmə sistemində kifayət qədər öz yerində olan və olmayan kadrlar var. Layiq olmayanların idarəetmə sistemində olması nəinki elmin inkişafını tormozlayır, hətta elmimizə dağıdıcı zərbə vurur. Əgər inkişaf istəyiriksə, məsələyə kompleks yanaşaraq bütün problemləri həll etməliyik.