Masallı sakini bayram axzamı əmisi oğlunu güllələdi

img

02-01-2011 [12:00]


Dünən axşam saat 20.30 radələrində Masallı rayonunun Təklə kəndində atəş səsləri eşidilib. Kənd sakini, 1964-cü il təvəllüdlü Mirzə Əlihüseyn oğlu Cəfərov öz doğma əmisi oğlu və həmkəndlisi 1949-cu il təvəllüdlü Abühüseyn Abı oğlu Abışova şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı özünə məxsus ov tüfəngi ilə 2 dəfə atəş açıb. Atəş nəticəsində ağır yaralanan Abühüseyn təcili olaraq Masallı rayon mərkəzi xəstaxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. ?Xəstə cərrahiyə şöbəsinə ağır vəziyyətdə qarın boşluğunun ön divarının odlu silah yarası ilə huşsuz vəziyyətdə daxil olub. Təzyiqi, nəbzi olmayıb. Ağır vəziyyətdə cərrahi əməliyyata götürülüb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Odlu silah yarası qarın boşluğunun sağ tərəfindən keçib, sol tərəfindən çıxıb?, - deyə xəstəxananın cərrahiyyə şöbəsinin həkimi Fəxrəddin Nəzərov ANS PRESS-ə bildirib. Masallı rayon polis şöbəsinin baş müstəntiqi Azər Bəhmənov ANS PRESS-ə bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerində olub və hadisəni törətməkdə şübhəli bilinən Mirzə Cəfərov rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanaraq şöbəyə gətirilib. Onun sözlərinə görə, artıq faktla bağlı istintaq bölməsində araşdırmalara başlanılıb. ?Təklə kənd sakini Cəfərov Mirzə Əlihüseyn oğlu ilə əmisi oğlu Abışov Abühüseyn arasında şəxsi mübahisə yaranıb. Mübahisə zamanı Mirzə Cəfərov özünəməxsus ov tüfəngi ilə Abuhüseyn Abışova atəş açaraq bədən xəsarətləri yetirib. İş üzrə maddi sübut olan tüfəng götürülüb. Faktla bağlı araşdırma davam edir?, - deyə Azər Bəhmənov bildirib. Qeyd edək ki, sözügedən şəxslərin hər ikisi spirtli içki aludəçisidirlər. Hadisədən bir gün əvvəl onlar möhkəm yeyib-içəndən sonra aralarında mübahisə yaranıb və sonda mübahisə dava-dalaşla nəticələnib. Söyüşən əmioğlular mübahisəyə dünən axşam aydınlıq gətiriblər. Mirzə Cəfərov əmisi oğlunun 44 BG 524 dövlət nömrə nişanlı "QAZ-24 markalı maşınının şüşələrini ov tüfənginin qundağı ilə sındırdıqdan sonra ona yaxın məsafədən 2 dəfə atəş açıb. İlkin istintaqa verdiyi ifadəsində Mirzə Cəfərov nəinki peşiman olduğunu, əksinə, əmisi oğlunu yerində öldürə bilmədiyinə təəssüfləndiyini bildirib. Fakt üzrə araşdırmalar davam edir. Hadisənin baş verməsinin dəqiq səbəbləri yəqin ki, istintaq zamanı bəlli olacaq. Masallı rayon mərkəzi xəstəxanasından aldığımız son məlumata görə, Abühüseyn Abışovun vəziyyəti kritik ağır olaraq qalır. anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA