19-12-2010 [04:46]
[b]Əvəz Temirxan: "Bəzi beynəlxalq təşkilatların nümayəndələri demokratiyanı yox, korrupsiyalaşmış siyasi sistemi müdafiə etdi" [/b]
Parlament seçkilərindən sonra ən passiv mövqedə dayanan müxalif qüvvə Azərbaycan Liberal Partiyası oldu. Digər müxalif qüvvələr seçkinin nəticələrinə etiraz etmək üçün bir araya gələrək forumlar keçirsə də, bəziləri növbəti mərhələ üçün fəaliyyətlərini koordinasiya etmək üçün addımlar atsalar da, ALP prosesləri kənardan izləməklə kifayətləndi. Bu və ya gidər məsələlərlə bağlı fikirlərini bizimlə bölüşən ALP sədri Əvəz Temirxan isə deyilənlərlə razılaşmır və digər müxalifət qüvvələrinin imitasiya ilə məşğul olduğunu düşünür.
- Mən gündəmdə qalma cəhdlərini görürəm, amma müxalifətin koordinasiya olunması istiqamətində hər hansı bir fəaliyyəti görmürəm. Bu mənada Liberal Partiya gündəmdə qalmaq xatirinə addımlar atmaq niyyətində deyil. Amma doğrudan da Azərbaycan cəmiyyətində gündəmi dəyişmək, ciddi dəyişikliklərə nail olmaq üçün fəaliyyət göstərmək lazımdırsa, biz hazırıq.
- Seçkinin nəticələrindən narazı qalan namizədlərin geniş forumu oldu, amma Sizi orda da görmədik...
- Bilirsiniz, forum naminə forum keçirməyə ehtiyac yoxdur. Kiminsə gündəmdə qalması naminə, kiminsə uzun illərdir istifadə etdiyi fəndlər vasitəsi ilə liderə çevrilmək məqsədini güdən tədbirlərdə bizim iştirakımıza ehtiyac yoxdur. Çünki belə forumlar forum, toplantı, birlik ideyasını gözdən salır. Ona görə də biz nəticə etibarı ilə müxalifətin birliyi ideyasını gözdən salan tədbirlərə qoşulmuruq və qoşulmayacağıq da.
- Bu forumlar kimin lider kimi görünməsinə hesablanıb?
- Siz jurnalistsiniz, Azərbaycanın siyasi gündəmini məndən də yaxşı bilirsiniz. Yəni söhbətin kimdən getdiyini yaxşı başa düşürsünüz.
- Yəqin ki, söhbət İsa Qəmbərlə Əli Kərimlidən gedir?
- Mən konkret ad çəkmək istəmirəm. İnsanlar bilir ki, kim gündəmdə qalmaq üçün birləşmə məsələsini ortaya atıb, kim fürsətdən istifadə edib başqalarının enerjisindən faydalanmaq istəyir. Hamıya məlumdur ki, kim öləzimiş avtoritetini bərpa etmək üçün fəaliyyət göstərir.
- Niyə qeyri-müəyyən danışırsınız, ad çəkməkdən çəkinirsiniz?
- Məkim kimsədən çəkinəcəyim yoxdur. Enerjimi boş-boş qalmaqallara itirimək istəmirəm. Bu gün Azərbaycanda elə vəziyyət yaranıb ki, kimin doğrudan da günahkar olduğunu desən belə, cəmiyyət bu qarşılıqlı ittihamlardan bezdiyi üçün artıq müxalifətdaxili ziddiyyətlərin izahatında haqlılara belə qulaq asmaq istəmir. Ona görə də ad çəkməyə, müxalifətdaxili ziddiyyətlərlə bağlı fikir bildirməyə ehtiyac duymuram.
- Əvəz bəy, 2010 parlament seçkiləri müxalifətin məğlubiyyəti ilə başa çatdı. Budəfəki seçkilərdə müxalifətin məğlubiyyətinin səbəblərini necə izah edərdiniz?
- Müxalifət seçkilərdə uduzdu,- fikri ilə raz deyiləm. Azərbaycan iqtidarı bəzi beynəlxalq təşkilatların, bir sıra güclü dövlətlərin dəstəyi ilə xalqın qolunu burdu, onun az bir hissəsinin gəlib verdiyi səsləri saymadı. Yəni hakimiyyət Azərbaycan xalqını saymadı deyin, Azərbaycan müxalifəti uduzdu deməyin. Nəticə etibarı ilə müxalifət dövlət zorakılığına məruz qaldı. Çox təəssüf ki, bəzi beynəlxalq təşkilatların nümayəndələri demokratiyanı yox, korrupsiyalaşmış siyasi sistemi müdafiə etdi. Əgər bu hakimiyyətin arxasında doğrudan da böyük çevrələr durursa, Azərbaycanda marağı olan qüvvələr varsa və bu dövlətlər Azərbaycan xalqından güclüdürsə, bu iqtidarın yeritdiyi siyasətdən sui-istifadə vasitəsi kimi faydalanırsa, müxalifət nə edə bilər?
- Siz siyasətçiniz, çıxış yolunu da özünüz tapmalısınız. Belə çıxır ki, bu gün çıxılmaz vəziyyətdəsiniz?
- Bəli. Etiraf edirəm ki, bu gün Azərbaycan müxalifəti çıxılmaz vəziyyətdədir. Eyni zamanda Azərbaycan xalqı da çıxılmaz vəziyyətdədir. Bəziləri döşünə döyür ki, "bizdən güclüsü yoxdur", "ən nüfuzlu bizik", "bizim yerli təşkilatlarımız var". Mən müxalifətin nikbinlik yaratmaq niyyətini başa düşürəm. Amma sən o nikbinliyi yaratmağa elə cəhd eləməlisən ki, millət səndən iyrənməsin. Ona görə də müxalifət çıxılmaz vəziyyətə düşüb. Ancaq hər bir çıxılmaz vəziyyətin özündən bir çıxış yolu var. Birinci addım heç zaman təslim olmamaqdır. İkincisi, xalqa hər şeyi açıq-aşkar demək lazımır. Üçüncü addım ondan ibarətdir ki, müxalif qüvvələr birləşməlidir. Dördüncüsü, əsasdan da vacib odur ki, müxalifətdaxili əməkdaşlıqda səmimiyyət olsun. Əgər müxalifətdaxili əməkdaşlıqda səmimiyyət yoxdursa, qarşılıqlı etimad, xalqa hörmət yoxdursa və sən ardıcıl deyilsənsə, yaxşı olar ki, ümumiyyətlə, bu birlik təşəbbüsünə qoşulma. Biz isə bu gün birlik haqqında danışanların bəzilərinin səmimiyyətinə inanmırıq. Mən vaxtiylə deyirdim ki, birlikdən danşanlar görək 8 noyabrda necə olacaqlar. Artıq 18 dekabrdır. Nə görürük? Açığı, mən bəzilərinin yerinə utanıram. İndi bəziləri söz oynatmaqla məşğuldurlar. Biri deyir ki, dar çərçivədə yox, geniş müstəvidə tərəfdarıyıq, digəri də deyir ki, iki partiyanın birləşməsi yaxşıdır. Yəni bu gün müxalifətin bəzi nümayəndələri səmimi şəkildə mövqelərini ortaya qoymurlar.
- Müxalifət nümayəndələrindən də biri Sizsiniz, amma cəsarətsiz və ünvansız danışırsınız. Problemin olduğunu deyirsiniz, ancaq həlli yolunu göstərmirsiniz...
- Biz problemin həllini istəyiriksə, səmimi olmalıyıq. Bir də ki, mənə jurnalist cəsarəti lazım deyil. Yaxşı olar ki, siz jurnalist cəsarəti göstərib deyəsiniz ki, kimdir əsas günahkar? Əgər mən bir qüvvənin tərəfini tutub digərini ittiham eləsəm, deyəcəklər ki, yenə də didişirlər. Ona görə də didişmələrə rəvac vermək istəmirəm.
- Üstüörtülü də olsa, AXCP-Müsavat birliyinə işarə verdiyinizi anlayıram. Fikrinizi öyrənmək istərdim, bu birlik istiqamətində gedən danışıqları necə qiymətləndirirsiniz?
- Bu birliyi səmimi istəyənlərin atdığı addımları alqışlayıram. Vaxtında AXCP ilə bizim "Azadlıq" blokunda yollarımız ayrılanda, biz "AXCP-Müsavat birliyi cəmiyyətin sosial sifarişidir",- deyənlərə uğurlar dilədik. Mən onda da demişdim ki, uğurlar diləyirəm, ancaq bu uğurun baş tutacağına əmin deyiləm. Görürsünüz ki, mənim pessimizmim əsassız deyilmiş. Təəssüf ki, bu gün AXCP ilə Müsavat birləşə bilmir.
- Birləşmənin baş tutmamasının səbəbləri Sizə bəllidirmi?
- Bir sıra səbəbləri mənə bəllidir. Bu məsələ iki partiyanın daxili işi olduğuna görə bu səbəbləri açıqlamaq istəmirəm. Çünki səmimi şəkildə bu iki partiyanın birləşməsini istəyirəm.
- Bir müddət öncə AXCP ilə bir yerdə idiniz, amma Sizi yarı yolda qoyub Müsavata yaxınlaşan Əli Kərimli oldu. Bu mənada birləşmənin baş tutmamasında Əli Kərimlinin rolu nə dərəcədədir?
- Mən kimisə ittiham etmək niyyətində deyiləm, amma siz öz münasibətinizi sual formasında elə qoyursunuz ki, mən istədiyiniz cavabı verim. İstəmirəm ki, indi bir qalmaqal cəbhəsi açım ki, Liberal Partiya AXCP-Müsavat birliyini istəmir, yaxud kimisə haqlı-haqsız sayır. Əvəz Temirxanın, ALP-nin tutduğu mövqedən asılı olmayaraq, cəmiyyət onsuz da bilir ki, kim birləşmə tərəfdarıdır, kim yox.
- ALP sədri olandan bəri xeyli loyallaşmısınız. Əvvəllər ünvanlı danışmaqdan çəkinməyən Əvəz Temirxana nə oldu belə?
- Sədr olandan bəri mənim cəsarətim azalmayıb, amma məsuliyyətim artıb. Ona görə də hər radikal sözü deməzdən əvvəl ölçüb-biçirəm. Əgər dünən yüz ölçüb-biçirdimsə, indi min dəfə düşünməli oluram ki, partiyalararası münasibətləri korlamayım və cəmiyyətə yeni bir qalmaqal mövzusu verməyim.
- Əvəz bəy, seçkidən əvvəl lideriniz Lalə Şövkət seçkiyə qatılmasa da, blokdaşlarını və demokratik düşərgə nümayəndələrinin müdafiəsinə qalxacağını bəyan etmişdi. Amma nə seçkidə, nə də seçkidən sonra Lalə xanımın bu istiqamətdə fəaliyyətini görmədik. Hətta deyilənə görə onun seyriçi mövqeyi narazılığa da səbəb olub...
- Lalə xanımın tutduğu mövqedən narazılığı sezmirəm. Yəqin, sualı oxucu marağı yaratmaq üçün verirsinizsə, bu, artıq sizin professional fəndlərinizdir. Lalə Şövkət nəinki "İnsan Naminə" blokunun namizədlərinə, bütün müxalifətə dəstək verməyə hazır idi. Təəssüf ki, 61-dən çox dairədə deputatlığa namizədlərimiz qeydə alınmadığı üçün Lalə xanım pulsuz efir vaxtı ala bilmədi. Ona görə də Lalə Şövkətin efirdə görünməməsi sizin belə sual verməyinizə bəhanə yaradıb. Lalə Şövkət Azərbaycan siyasətindədir, öz fəaliyyətini davam etdirir. O, müxalifətin səmimi, nəticəli birliyi üçün indiyə kimi çox şey edib, bundan sonra da etməyə hazırdır. İmkan düşdükcə və bunun doğrudan da səmimi birlik olacağına inam olduqca, yenə də müxalifətin birliyi naminə bütün qüvvəsi ilə çalışacaq.