Sənaye və Energetika Naziri Natiq Əliyevin Misir səfəri baza çatıb

img

19-12-2010 [02:01]


Misir Ərəb Respublikasının Neft Naziri Samih Fəhminin dəvəti əsasında Azərbaycan Respublikasının Sənaye və Energetika Naziri Natiq Əliyev 2010-cu ilin 14-17 dekabr tarixlərində Misirin İsgəndəriyyə və Qahirə şəhərlərində səfərdə olub. Səfər müddətində Nazir Natiq Əliyevi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndələri və Azərbaycan Dövlət Neft Akademiyasının rektoru akademik S.Qarayev müşayiət edib. Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyindən MİA-ya verilən məlumata görə, səfər çərçivəsində Nazir N.Əliyev MƏR-in Baş Naziri Əhməd Nəzif, Neft Naziri Samih Fəhmi ilə görüşmüş, İsgəndəriyyə şəhəridə yerləşən ?MİDOR-Middle East Oil Refinery?, ?SUMED-Arab Petrolium Co?, ?Enppi-Engineering for the petroleum and Process İndustries? və ?Petrojet? kimi neft və qazın qəbulu, emalı və nəqli ilə məşğul olan və neft-kimya məhsullarını istehsal edən şirkətlərin texniki imkanları ilə yaxından tanış olmuş və bu şirkətlərin ekspertlərinin təqdim etdiyi prezentasiyaları dinləmişdir. MƏR-in Baş naziri Əhməd Nəzif ilə görüşdə Azərbaycan və Misir xalqları arasında tarixi dostluq əlaqələrinin olduğunu bildirən Nazir N.Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Qahirəyə səfər etdiyini xatırladaraq, bu səfərin Azərbaycan ilə Misir arasında daim dərinləşən dostluq münasibətlərinin formalaşmasında xüsusi rola malik olduğunu nəzərə çatdırmışdır. N.Əliyev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2007-ci ilin mayında Misirə səfərini və MƏR-in Prezidenti cənab Hüsnü Mübarək ilə keçirdiyini görüşünü qeyd edərək, prezidentlərin ikitərəfli əlaqələrin daha da yaxınlaşmasına və yeni əməkdaşlıq sahələrinin inkişafına mühüm əhəmiyyət verdiklərini qeyd etmiş və hər iki ölkənin malik olduğu iqtisadi potensialı nəzərə alaraq, yanacaq və energetika sahəsi daxil olmaqla, ikitərəfli əməkdaşlığın daha da inkişafı və ticarət dövriyyəsinin artırılması üçün əlverişli imkanların olduğunu diqqətə çatdırmışdır. Baş Nazir Ə.Nəzif Misir və Azərbaycan arasındakı tarixi dostluq əlaqələrindən çıxış edərək, MƏR-in Azərbaycan ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi maraq göstərdiyini qeyd etmişdir. Baş Nazir Ə. Nəzif hər iki ölkənin rəhbərliyinin nümayiş etdirdiyi yüksək siyasi iradə əsasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün bütün imkanların mövcud olduğunu bildirərək, bu xüsusda neft və qazın ixracı və emalı sənayesinin xüsusi payının olduğunu vurğulamışdır. Nazir N.Əliyev Misirin Baş Nazirinə Azərbaycanın son dövrlərdə əldə etdiyi iqtisadi nailiyyətləri, Azərbaycanın iqtisadiyyatının inkişaf dinamikası və aparılan iqtisadi islahatlar haqqında ətraflı məlumat vermişdir. Misirin Neft Naziri S.Fəhmi bu ilin iyun ayında Azərbaycana səfərini və keçirdiyi məhsuldar görüşlərini xatırladaraq, Azərbaycan ilə Misir arasında neftin satışı və emalı sahəsində əməkdaşlığın dinamik surətdə inkişaf etdiyini qeyd etmiş və qarşılıqlı maraq doğuran bir sıra layihələr üzrə müzakirələrin aparıldığını bildirmişdir. Nazir N.Əliyev Misirin neft-qaz emalı infrastrukturu ilə yaxından tanış olduğunu qeyd edərək, Misirin neft və qazın emalını və nəqlini həyata keçirən müəssisələrinin texniki imkanlarının onda yüksək təəssüratlar doğurduğunu nəzərə çatdırmışdır. Misirin Aralıq dənizi sahilində yerləşən ?MİDOR-Middle East Oil Refinery? neft ayırma zavodunda ARDNŞ-ın alt-strukturu olan ?SOCAR Trading? şirkətinin neftinin artıq emal olunduğunu qeyd edən N.Əliyev bu rəqəmin daha da artırılması və Misirin Aralıq və Qırmızı dəniz sahillərindəki dəniz limanı infrastrukturundan istifadə edərək, daha böyük həcmdə Azərbaycan neftinin iqtisadi baxımdan daha səmərəli yolla Cənub-şərqi Asiya bazarına çıxarılması imkanlarının olduğunu diqqətə çatdırmışdır. Eyni zamanda N.Əliyev aparılan müzakirələrin praktiki müstəvidə davam etdirilməsi üçün Nazir S.Fəhmini yaxın vaxtlarda Azərbaycana səfərə dəvət etmişdir. Öz növbəsində Nazir S.Fəhmi bu dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirmişdir. Səfərin sonunda AR Sənaye və Energetika Naziri N.Əliyev və MƏR-in Neft Naziri S.Fəhminin iştirakı ilə Azərbaycan Dövlət Neft Akademiyası və MƏR-in Neft Nazirliyinin tərkibində fəaliyyət göstərən ?OGS-Egyptian Oil and Gas Skills Company? şirkəti arasında kadrların hazırlanması, təcrübə və tədris proqramlarının mübadiləsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanmışdır. Səfərin yekunlarına dair AR Sənaye və Energetika Naziri N.Əliyev və MƏR-in Neft Naziri S.Fəhmi tərəfindən Misirin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir. Səfər yerli kütləvi informasiya vasitələrində ətraflı şəkildə işıqlandırılmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA