Akademik Teymur Bünyadov: "Biz qocaman alimlər stuldan bərk yapızmamalıyıq, gənclərə meydan verməliyik"

img

12-12-2010 [06:22]


Son dövrlər elm sahəsində inkişafa nail olmaq üçün dövlət tərəfindən ayrılan vəsait gənclərin bu sahəyə marağını müəyyən qədər artırıb. Amma bununla belə, elm sahəsinə maraq lazımi səviyyədə deyil. AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, Milli Məclisin elm və təhsil komissiyasının keçmiş sədri Teymur Bünyadov da elm və təhsil sahəsində irəliləyişlərlə yanaşı, çatışmazlıqların da olduğunu bildirib. - Hesab edirəm ki, Azərbaycanda elm inkişaf edir. İstər humanitar, istərsə də texniki elmlər sahəsindən çoxsaylı uğurlarımız var. Bu işdə Elmlər Akademiyası aparıcı qüvvədir. Burada xeyli sayda gəncləri elmi işçilər kimi hazırlayırıq. Düşünürəm ki, son dövrlər, xüsusiylə son on ildə elm sahəsində inkişafa nail olmuşuq. Əvvəlki dövrlərdə, müharibədən yeni çıxmağımızla əlaqədar təhsilə, elmə münasibətdə hardasa bir geriləmə var idi, inkişafda durğunluq hiss olunurdu. Son illərdə isə Azərbaycanda istər elm, istər təhsil sahəsində uğurlarımız olmaqla bərabər, bu sahəyə bir axın da var. Məsələn, hər bir Azərbaycanlı ailəsi övladını oxutmaq istəyir. Bunu alqışlamaq lazımdır. Ona görə ki, təhsili olmayan xalqın gələcəkdə varlığı da müəyyən deyil. Təhsil elə bir sistemdir ki, o daim inkişafdadır, təkamüldədir. Təhsili güclü olan ölkəni dünya xalqları tanıyır, qəbul edir və o xalq yenilməz olur. - Teymur müəllim, hazırda elmə sahəsinə meyl hansı səviyyədədir? - Bu gün Akademiya sistemində elmə böyük axın var. Ancaq bəzən elə olur ki, biri gəlib daxil olur, aylarla görünmür. Belə olduqda isə elm də çox şey itirir, həmin adam da. Qeyd etməliyəm ki, bu, nadir hallarda baş verir. Bu gün Akademiyada elə bir qüvvə yetişir ki, elmin müxtəlif sahələrində özlərini layiqincə göstərə bilirlər. Mən öz institutumuzu götürürəm, istər oğlan, istər qız olsun, hamısı dissertasiya müdafiə edirlər, yazdıqları dissertasiyaları kitab şəklində çap etdirirlər. Bu da elmimizin inkişafına bir təkandır, elmə olan bir maraqdır. Amma bununla yanaşı, o da həqiqətdir ki, elm və təhsil işçilərinin, xüsusiylə Akademiyada çalışanların əmək haqları istənilən səviyyədə deyil. Elm sahəsində çalışanların əmək haqlarının aşağı olması isə görülən işlərin daha yüksək səviyyədə olmasına əngəl törədir. Tarixin bütün dövrlərində biz öz mədəniyyətimizlə, tariximizlə var olmuşuq. Məsələn, Mingəçevirdə bizim ulu əcdadlarımıza - albanlara məxsus 52 hərfdən ibarət yazı tapılıb. O həm daş, həm də dulus məmulatı üzərində öz əksini tapıb. Bu yazıya dünya alimlərinin diqqəti cəlb olunsa da, hələ də onu oxuyub məzmunu ilə tanış ola bilməmişik. Bu onu göstərir ki, bizdə hələ o zamandan elm və təhsil olub. Kitabi-Dədə Qorqudu oxuyanda da görürsən ki, təhsillə, mənəviyyatla, tərbiyyəvi məzmunla bağlı o qədər gözəl nümunələr var. 1259-cu ildə Marağada bizim böyük alimimiz ?əsrəddin Tusi tərəfindən rəsədxana açılıb. Bütün bunlar isə Azərbaycanın hələ xeyli əsrlər öncə elm və təhsilin beşiyi olduğunu göstərir. - Bəs bu gün vəziyyət necədir? - Bu gün dünyanın bir sıra ölkələrində Azərbaycanın yüzlərlə gənci müxtəlif sahələr üzrə təhsil alırlar. Bizim ölkənin daxili imkanları ilə barəbər, xaricdə təhsil alan gənclərimizin də öz gücü, öz qüdrəti var. Həmin gənclərin elələri var ki, həmin təhsil müəssisələrində işlərini davam etdirirlər. Bizim alimlərimiz var ki, Amerikada, Türkiyədə və digər qüdrətli ölkələrdə dərs deyirlər. Öz təcrübəmdən deyə bilərəm, həmi o tələbələr Azərbaycana qayıdıb yüksək vəzifələr tuturlar, onların biliyi, digər dilləri bilmələri, təfəkkür tərzi şərait yaradır ki, bu və ya digər müəssisələrdə onları nadir inci kimi axtarırlar ki, işə götürsünlər. Bu da bizim təhsilmizin gücüdür, elmimizə olan qayğının nəticəsidir. - Gənclərin elmə axınının olduğunu bildirirsiniz. Amma bu da bir həqiqətdir ki, bəziləri maddi problemlər səbəbindən elm sahəsinə gəlmirlər, bəziləri isə maddi sıxıntılar ucbatından elmdən uzaqlaşırlar... - Təhsillə, elmlə məşğul olan adam üçün maddiyyat ikinci dərəcəli məsələdir. Amma madiyyat olmayan yerdə nə təhsil, nə elm ola bilər. Gənclərin müəyyən hissəsi elmə gəlirlər. Bunun səbəbi odur ki, onların ailəsinin maddi durumu imkan verir ki, oxuyub elmlə məşğul olsun. Bir də görürsən ki, aspiranturaya daxil olurlar, müəyyən müddət oxuyurlar, amma yarım il, bir il keçəndən sonra itirlər. Biz onları axtarıb araşdıranda məlum olur ki, aspiranturanı buraxıb bizneslə məşğul olur. Bu da maddi durumla bağlı olan məsələdir. - Belə halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? - Bunun qarşısını almaq üçün seçim eləmək, yaxşı ilə pisi müəyyənləşdirmək lazımdır. Kimisə elm sahəsinə qəbul edəndə, üç il oxudanda, vəzifə verəndə düzgün seçim etməlisən. Həmin seçimə görə də ona qiymət verməlisən. Gəlin açıq danışaq, bizdə elmlər namizədi 150 manat maaş alır. 150 manat maaşla elmlə məşğul olmaq olarmı? Tamamiylə mümkün deyil. Əgər hər hansı təhsil, elm ocağında müəyyən konkurslar keçirib, yaxşıları, xalqa lazım olanları, vətənpərvərlik hissi yüksək olanları seçib qiymətləndirsək, maaşlarını artırsaq, müsbət nəticələr əldə etmək olar. Yəni dövlətin imkanlarını Azərbaycan elminin inkişafına, gənclərimizin elmə təşviqinə səfərbər etmək lazımdır. Bu gün yüksək balla ali təhsil müəssisələrinə daxil olanlara Prezident təqaüdü verilir. Amma bu istiqamətdəki fəaliyyəti daha da artırmaq lazımdır. Bu, işə diqqət yetirmək, xalqın taleyini düşünməkdir. Mən heç də onun tərəfdarı deyiləm ki, elmlə məşğul olanların hamısı çox yüksək maaş alsın. Dərəcə olmalıdır, hər kəs öz bacarığına görə qiymətləndirilməlidir. Hesab edirəm ki, bu işlər qısa zamanda yoluna qoyulmalıdır. - Bir vaxtlar hüquq sahəsinə meyl çox idisə, indi iqtisadiyyata meyl artıb. Bu mənada tarix sahəsində vəziyyət necədir? - Biz o vaxt indiki Bakı Dövlət Universitetində oxuyanda 3 fakültəyə - geologiya, tarix, hüquqa böyük axın var idi. Ona görə ki, geoloq olacaqlar, dağlarda qızıl axtaracaqlar, həm də bu bir növ maraqlı sahə idi. Tarix fakültəsinə gələnlər isə hesab edirdilər ki, buranı bitirənlərin hamısı raykom katibi olacaqlar. Hüquqa da meyl güclü idi, amma tarix və geologiya qədər deyildi. Onlar da düşünürdülər ki, prokuror olacaqlar. Mən Dövlət Ali Ekspert Komissiyasının üzvü olmuşam, özəl universitetlərin təsdiqində mənim də imza var. Hansına əl atırdıqsa, orada hüquq fakültəsi var idi. İndi də hüquq fakültəsinə daxil olmaq böyük bir sevinc sayılır. Elə bilirlər ki, buranı bitirənlərin hamısı prokuror olacaq. Amma sizin sözünüzə qüvvət, indi iqtisadiyyata meyl daha çox güclənib. Bu gün ölkədə tələbələrin daha çox iqtisadiyyata axını var. Bakı Dövlət Universitetində də, İqtisad Universitetində də, özəl universitetlərdə də bu meyl hiss olunur. Bu da təsadüfi deyil. Hazırda ölkədə istənilən qədər bank fəaliyyət göstərir. Onlarda işləmək imkanı genişdir, hamısında da 600-700 manat maaş verilir. Bu da o istiqamətə meyli artırır. Amma nadir istedadlar istəyirlər ki, iqtisadiyyat üzrə böyük elmi yeniliklər eləsinlər. Bir qrup şəxslərin isə övladlarının yalnız adları yazılır, özləri bilmirsən, hardadır. Ona görə də deyirəm ki, bu xalqın müdafiəsi də, taleyi də, gələcəyi də yalnız kasıblara məxsusdur. Bu mənada həmin ailələrin övladlarının elm sahəsində daha da yüksək pillələrə qalxması üçün təkan verilməlidir. - Mən onu soruşmaq istəyirdim ki, bu gün tarix elmi gənclərimizə cəlbedici görünürmü? - Bir müddət öncə yeddi cildlik Azərbaycan tarixi kitabı, üç cildlik Azərbaycan etnoqrafiyası kitabı çıxıb. Bununla yanaşı, çoxsaylı ədəbiyyat tariximiz var. Bunların hamısı gənclərin stolüstü kitablarıdır. Elə gənclərimiz var, bəzən o qədər ifrata varırlar ki, hətta özlərini belə unudurlar. Mən gənc tanıyıram, istəyir ki, fars dilini bilsin, xalqımızın tarixi ilə bağlı araşdırma aparsın, ona görə də gedib fars dili kurslarına yazılıb. Amma meşə çaqqalsız olmaz deyiblər, siz deyən tayqanadlar da var. Ümumiyyətlə, götürəndə hesab edirəm ki, tarix elmində vəziyyət sağlamdır, inkişafdadır, təkamüldədir. Gəlin açıq danışaq, bundan sonra mən nə edə bilərəm? Ona görə də gənclərimiz öndə olmalıdır. Bunun üçün də gənclərimizi yetişdirməliyik. Gənci yetişdirmək üçün birinci növbədə müəllimin yüksək əxlaqi keyfiyyəti olmalı, nəfsi olmamalıdır, tələbəyə övlad münasibəti bəsləməlidir, ailə ilə müəllim arasında ünsiyyət yaranmalıdır. - Elmin inkişafı üzrə Milli Strategiyada göstərilir ki, Azərbaycanda elmlər namizədi və elmlər doktorlarının yaş həddi dünya təcrübəsi ilə müqayisədə təhlükə həddindədir. Yəni Azərbaycan elmində qocalma mövcuddur. Bu barədə nə deyə bilərsiniz? - Sovet dönəmində bizdə təhsilin səviyyəsi heç də aşağı deyildi, güclü təhsilimiz, güclü alimlərimiz var idi. Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə, Ziya Bünyadovumuz var. Bizim Lütfi Zadəmiz dünyaya meydan oxuyur. Eyni zamada Türkiyədə çoxsaylı alimlərimiz, adi Kipr universitetində bizim 6 professorumuz çalışır. Bilirsiniz, təhsil müəssisəsindən çox şey asılıdır. Gənclərə yaşıl işıq yandırmaq lazımdır. Onların ürəyində vətənpərvərlik şamı yanmalıdır. Biz yaşlıların vəzifəsi ondan ibarətdir ki, onlara arxa-dayaq olaq, onları lazımi səviyyədə yetişdirək. Biz qocaman alimlər stuldan bərk yapışmamalıyıq, gənclərə meydan verməliyik. Onlara etimad göstərmək lazımdır. Səhv eləmirəmsə, prezidentimiz İlham Əliyev hakimiyyətə gələndə 44 yaşı var idi, komandasında da xeyli sayda gənclər var. Amma bu o demək deyil ki, yaşlı mütəxəssislər tamamiylə kənara çəkilməlidir. Elə yaşlı mütəxəssislər var ki, onların elmindən, bacarığından istifadə etmək lazımdır. Məsələn, Xoşbəxt Yusifzadə kimi şəxslərdən. - Bir ara təklif səslənirdi ki, vəzifəsindən, elmi dərəcəsindən asılı olmayaraq, elmlə məşğul olanlar 70 yaşından sonra pensiyaya getsinlər... - Bu, çox yaxşıdı, amma yerində kimi qoyub gedəcək? Hamını ucdantutma çıxarmaq düzgün deyil. Hər bir alimə fərdi yanaşmaq, hər bir alimin yerini, qiymətini bilmək lazımdır. Eləsi var ki, stulu tutub, heç nə də eləmir. Eləsi də var ki, yaşının çox olmasına baxmayaraq, yüksək səviyyədə işləyir. Mən 10-a qədər elmlər doktoru, 25-dən çon aspirant yetişdirmişəm. Onlar mənim qolum-qanadımdır. Bu dəqiqə fikirləşirəm ki, onlardan hansı mənim yerimdə ola bilər? Bu vəzifə mənim dədəmin mirası deyil ki... Hətta yoldaşlara deyirəm ki, kimin ürəyindən keçirsə, özünü göstərib, yerimdə əyləşə bilər. Mən çox mənuniyyətlə həmin şəxsin işçisi olmağa hazıram. Gənclərə belə qayğı lazımdır. Ürəkdən yanan, o işlə yaşayan gənclərimiz elmdə olsalar, işlərimiz yaxşı gedəcək. Bəzən görürsən ki, yaşlılar qısqanclıq edirlər, pensiyaya getmək istəmirlər... - O fikirlər də səslənir ki, elm sahəsində hansısa vəzifə tutmaq, irəli getmək üçün kiminsə adamı olmalısan, hardansa tapşırılmalısan... - Bu, təkcə elmlə, təhsillə bağlı deyil. Vəzifəli adamların qohum-əqrəbasının hamısı yaxşı yerlərdə işləyirlər. ?ə vaxta qədər bunları gizlətməliyik? Elə vəzifəlilər də var ki, onların övladları hamıya nümunədir. Tapşırığı, kiminsə adamı olmaq kimi məsələləri isə təkcə elmlə, təhsillə bağlamayaq, belə hallar hər sahədə var. Amma unutmayın, zaman gələcək, hər kəs öz yerini tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA