08-12-2010 [06:58]
[b] "Alim o zaman ürəyini, ağlını, bacarığını və zəhmətini elmə həsr edəcək ki, onun ailəsi yemək qayğısını düşünməsin"[/b]
Son dövrlər dünyada əqli mülkiyyətin inkişafı istiqamətində bir sıra ciddi addımlar atılmaqdadır. Əksər Avropa ölkələri maddi sərvətləri intellektual, əqli mülkiyyətə yönəldərək müsbət nəticələr də əldə edirlər. Bu istiqamətdə Azərbaycanda da bir sıra addımlar atılır. Görəsən, Azərbaycanda elmin inkişafı, gənclərin elmə təşviqi üçün görülən işlər yetərlidirmi? Bu və ya digər suallarımızı cavablandıran tanınmış alimi, Bakı Dövlət Universitetinin professoru, Milli Məclisin Elm və təhsil komissiyasının keçmiş sədri Şahlar Əsgərov söhbətə daha geniş aspektdən başladı.
- Öncə ümumilikdə Şərq aləmində, müsəlman dünyasında elmə olan münasibətdən başlamaq istəyirəm. Pakistanlı jurnalist bir araşdırma aparıb və nəticəyə gəlib ki, müsəlman dünyasında elm yayılmır, bu aləmdə elm təsdiq tapa bilmir. Bunu belə izah edir ki, müsəlman dünyasında beşyüz universitet var, bir-ikisi istisna olmaqla, onların heç biri dünyanın universitetlər siyahısında ilk beşyüzlüyə düşmür. Yəni az universitetimiz var, bu azlar da keyfiyyətli deyil. Həmin araşdırmada göstərilir ki, təkcə Hindistanda universitetlərin sayı 6 mindən çoxdur. Eyni zamanda təkcə Amerikada universitetlərin sayı 6-7 mindir. Belə bir nəticəyə gəlmək olar ki, müsəlman gənclərinin hər yüz nəfərindən çox az hissəsi ali təhsil müəssisələrindən, universitet, akademik mühitdən keçir.
- Bu statistikanı Azərbaycanda necə qiymətləndirmək olar?
- Azərbaycanda da bu sahədəki vəziyyət ürəkaçan deyil. Bizdə hər yüz gəncdən iyirmisi ali məktəbdə oxuyur. Sovet dövründə indikindən yaxşı idi, hardasa, yüz nəfərdən 30-33-ü ali təhsil müəssisələrindən keçirdi. Ümumiyyətlə, bu statistika hər yerdə aparılır. Əsasən hər min nəfərdən nə qədərinin ali məktəblərdən keçdiyi götürülür. 1980-ci illərdə bizim ali məktəblərdə təqribən hər on min nəfər əhaliyə 174 tələbə düşürdü. İndi isə hər on min nəfərə 145-146 tələbə yerimiz var. Yəni ildən-ilə bu rəqəm qalxır, enir. Təbii ki, bu rəqəm olduqca azdır. Azərbaycanda universitetlərin, ali təhsil ocaqlarının sayı dəfələrlə artmalıdır. Şükürlər olsun ki, qardaş ölkə Türkiyə bunu bilir və ildən-ilə bunun sayını artırır. Yəni universitetlərin sayı o qədər çox olmalıdır ki, universitet yaşında olan gənclərin hər yüzündən 70-80-ni ali məktəbi bitirsin. Onsuz da bu gün açıq cəmiyyətdə yaşayırıq, təyinat-filan da yoxdur. Qoy, gənclərimiz orta təhsildən sonra da növbəti, daha yüksək səviyyəli təhsil alsınlar, o zaman onlar özləri-özlərini ziyalılaşdıracaqlar. İşlə necə təmin olunacaqları isə bizim işimiz deyil.
- Şahlar müəllim, elmin inkişaf səviyyəsinin kriteriyalarından biri də ölkədəki ümumdaxili məhsulun neçə faizinin elmə sərf olunmasıdır. Azərbaycanda elminin inkişaf səviyyəsini bu müstəvidə necə qiymətləndirirsiniz?
- Ümumdaxili məhsulun neçə faizinin elmə sərf olunması çox vacib şərtdir. Bu rəqəm inkişaf etmiş ölkələrdə təqribən beş-altı faizdir. Müsəlman ölkələrində isə iki faizdən azdır. Deməli, hər bir müsəlman ölkəsi çalışmalıdır ki, öz ümumdaxili məhsulunun çox böyük hissəsini, yəni ən azı 5-6 faizini elmə sərf eləsin.
Yəqin ki, mətbuatdan da xəbəriniz var. Azərbaycanın bir qrup ziyalısı Türkiyədə təşkil olunan konfransda iştirak elədilər. Mən də həmin tədbirə qatılmışdım. Orada Azərbaycandan olan, vaxtiylə Bakı Dövlət Universitetində işləyən, hazırda Türkiyədə "Ağ Dəniz" Universitetində çalışan bir professorla söhbətim oldu. Deyirdi ki, əgər burda hansısa alim dəyərli bir məqalə yazarsa, həmin məqalənin dəyəri hansı jurnalda çap olunması ilə müəyyənləşdirilir. Yəni dünyada dəyərli jurnallar var ki, orda zəif məqalələr çap olunmur, yalnız elmi yükü olan, əsaslandırılmış, ciddi zəhmət və bacarıq tələb edən məqalələr yer ala bilir. Belə jurnallarda məqaləsi çap olunan alimlərə isə onların Elmlər Akademiyası kimi bir qurumu 2000 dollardan çox, çalışdığı universitet isə 1000 dollardan çox mükafat verir. Yəni alim bir ildə 10 məqalə yazsa, 30-40 min dollar pul qazanar.
- Ancaq Azərbaycanda bəzən hansısa elmi jurnalda məqalə çap etdirmək istəyənlər özləri pul xərcləməli olurlar...
- Təəssüf ki, belə hallar olur. Əslində Azərbaycanda elm sahəsini inkişaf etdirmək üçün bu cür addımlar atılmalıdır. Elmin inkişafı üçün iqtisadi stimul lazımdır. Alim o zaman ürəyini, ağlını, bacarığını və zəhmətini elmə həsr edəcək ki, onun ailəsi yemək qayğısını düşünməsin. Yəni alimə, elm sahəsində məşğul olan insanlara elə şərait yaratmaq lazımdır ki, o, yalnız yeni elmi nailiyyətlər, elmin inkişafı barədə düşünsün.
- Qeyd etdiyiniz kriteriyalar baxımından Azərbaycan elminin, Azərbaycan elm adamının vəziyyəti necədir?
- Bunu bilmək üçün elm və təhsil müəssisələrinə baş çəkmək yetərlidir. Elə gəlin bizim Bakı Dövlət Universitetinə və özünüz şahid olun. Bu gün bizim universitetində vəziyyət bir qədər normaldır. Təqribən bir alimin aldığı məvacib 700 manatdır. İndi həmin 700 manatı üç-dörd nəfərə bölün - bazardakı vəziyyəti də bilirsiniz - nəticəni özünüz çıxarın. Amma bunun müəyyən səbəbləri də var. ?əzərə almaq lazımdır ki, biz müstəqil dövlət kimi müstəqilliyimizin 20 ilini yaşayırıq, amma Türkiyə artıq yüz illiyə hazırlaşır. Həm də dövlət deyə bilməz ki, Şahlar Əsgərov yaxşı alimdir, ona çox pul verin. Ona baxılmalıdır ki, bu adamın məqalələri harda çap olunub. Əgər dünyanın aparıcı elmi jurnallarında məqalə ilə çıxış edibsə, kimliyindən asılı olmayaraq, hesabına pul köçürülməlidir. Yəni burada çox halal, təmiz mexanizm qurmaq olar ki, alim yazdığı yüksək səviyyəli məqaləyə görə pulunu alar. Dövlətin ayırdığı vəsait də onu yüz faiz təmin edər.
- Bu təklif müsbətdir, bəs, bu mexanizmi kim hazırlayıb reallaşdırmalıdır?
- Əlbəttə ki, dövləti idarə edənlər bunu hazırlayıb reallaşdırmalıdır. Akademiyanın prezidenti, Təhsil ?azirliyinin rəhbərliyi bu məsələni bir mexanizm kimi hazırlayıb dövlət başçısının qarşısında məsələ kimi qaldırmalıdır. Burada çətin bir şey yoxdur. Məsələn, mən çox dəyərli bir məqalə hazırlamışam, deyək ki, hansısa bir xəstəliyi müalicə edirəm və bu xəstəliyin müalicəsi ilə bağlı məqaləni dünyanın ən nüfuzlu jurnalında çap etdirmişəm. İndi mənim işim nə olmaldır? Həmin məqalənin bir surətini çıxarıb Elmlər Akademiyasına göndərməliyəm, Akademiya da yoxlayıb, hesabıma pulumu köçürməlidir. Digər tərəfdən, əgər mən Tibb Universitetində işləyirəmsə, mənim məqaləm Azərbaycan xalqı üçün, bəşəriyyət üçün dəyərlidirsə, o da öz mükafatını verməlidir. Yəni çox sadə bir mexanizmdir, yalnız bunu reallaşdırmaq lazımdır. Bax, belə bir şərait olarsa, alimin zəhməti qiymətləndirilərsə, gənclər də elmə gələr. Çünki alimin başqa sahələrdə çalışanlardan fərqi var.
Müsəlman aləminin yetişdirdiyi Nobel mükafatı laureatı var, Adil Salam, Allah rəhmət eləsin! Sən mənə ünvanladığın suallar ki var, o, bu sualları yaşayıb və cəmiyyətə müraciəti oldu. O, bütün müsəlman dövlətlərinin başçılarına, din xadimlərinə, bu ərazilərdə yaşayan zəngin insanlara müraciət edib deyirdi ki, kömək edin, elmlə məşğul olaq. Ona görə yox ki, bu, bizim müqəddəs kitabımızda Allah tərəfindən buyrulub, ona görə yox ki, bunu Həzrəti Peyğəmbərimiz bizə məsləhət görür, ona görə yox ki, elm iqtisadiyyatdır, elm gücdür, elm silahdır, ona görə ki, Qərb alimləri qarşısında xəcalət tərimizi silək. Biz hətta xəstələnəndə onların "aspirin"indən, "pensilin"indən istifadə edirik. Gündəlik həyatda təyyarəsindən, maşınından, telefonundan, televizorundan istifadə edirik. Bunların hamısı xəcalətdir. Bax, bütün bunları nəzərə alaraq, həm müsəlman dünyası, elə Azərbaycan da elmini inkişaf etdirməlidir. Bunun üçün hər kəs çalışmalıdır, dövlət də, cəmiyyət də, elmin inkişafı üçün iş görə biləcək hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirməlidi.
- Siz müəyyən problemlərə toxundunuz, amma dövlət tərəfindən elmin inkişafı üçün müəyyən addımların atıldığı bildirilir. Hətta Elmin İnkişafı Fondu yaradılıb və kifayət qədər də vəsait ayrılıb ki, elmi layihələr qrant şəklində maliyyələşdirilsin. Bu barədə nə deyə bilərsiniz?
- Mən də Elmin İnkişafı Fonduna bir iş vermişəm, amma hələlik nəticəsini bilmirəm. Özü də elə bir iş vermişəm ki, on ildir amerikanlar onun üzərində baş sındırır. On ildir ki, Şahlar Əsgərovun adını öz hesabatlarında yazırlar. Hətta ?ASA-nın bir memorandumunda bir səhifədə doqquz yerdə mənim adım çəkilir. Orda bir prbolem var, o problemin həllini mən vermişəm. Yəni mənim kimi bir alim iş hazırlayıb Elmin İnkişafı Fonduna verib. İndi görək, o qrantı verəcəklər, yoxsa yox. Görək, bu işə məsul adam millət qarşısında məsuliyyətini dərk edirmi?
Bu təşəbbüsün özü çox gözəldir, Prezidentin sərəncamı ilə yaradılan qurumdur, amma bəzən biz əla təşəbbüsü sıfıra endiririk. Məgər məktəblər, xəstəxanalar açmaq əla təşəbbüs deyilmi? Bəs, nəyə görə insanlarımızın çoxu xaricdə müalicə olunur, övladlarını xaricdə oxutdururlar? Yəni yaxşı təşəbbüsü yüksəyə qaldırmaq da, aşağı endirmək də olar.
- Şahlar müəllim, Azərbaycan gənclərinin elmə marağı necə, Sizi qane edirmi?
- Hazırda mənim yanımda xeyli savadlı, bacarıqlı gənclər var. Onlar görəndə ki, Şahlar müəllimin iqtisadi çətinliyi yoxdur, özlərini elmə verəcəklər. Onlar indi məni görür, elmi görmür axı. Özü də mənim işlərimdən xəbərləri var. Yəni Şahlar Əsgərov kimi bir alimə qiymət verilmədiyini görsələr, elmə gəlməzlər. Ona görə elmə və elm adamına qiymət vermək lazımdır.
- Belə çıxır ki, gənclərin elmə marağını artırmaq və onları elmə təşviq etmək üçün bu sahədə çalışanların maddi rifahının yaxşılaşdırılmasına çalışmaq lazımdır...
- Elm sahəsində çox adam çalışa bilər, amma qeyd etdiyim üstünlüklər həqiqi elm adamlarına verilməlidir. Hər şeydən öncə hansısa yollarla diplom almış, amma alimliyi olmayan, alim adını daşımağa haqqı çatmayan adamları elm sahəsindən süpürüb atmaq vacib məsələdir. Digər tərəfdən, elmi mühit yaratmaq lazımdır, seminarlar, konfranslar olmalıdır. Bu konfranslar elmi məlumatların paylanmasına xidmət eləməlidir, "quş qoymaq" xətrinə olmamalıdır. Sizi inandırım ki, çox gözəl nəticə ala bilərsən, amma elmi mühit yoxdursa, heç nəyə nail ola bilməzsən. Ona görə də elmi mühiti zəif olan dövlətlər alimindən tələb edir ki, yazdığın məqaləni dəyərli jurnallarda çap elə. O dəyərli jurnallarda çap olunanda necə alim olduğu bəlli olur. Məsələn, biz bir fakültədə 35 professoruq, inan, birimizin yazdığını 35-dən 5-i bilməz. Çünki hərəmizin öz sahəmiz var. Amma mən onun yaxşı alim olduğunu ondan bilirəm ki, dünyanın ən görkəmli jurnallarında çap olunur. Bir sözlə, elmin inkişafı üçün yalnız keyfiyyətli işlərlə ortaya çıxmalıyıq.
Günlərin bir günü təbii sərvətlər tükənəcək. Bizim neftimiz də, qazımız da nə vaxtsa, qurtaracaq. Təbii mülkiyyətlərdən başqa, əqli mülkiyyət, intellektual mülkiyyət var. Artıq Avropa dövlətləri maddi mülkiyyət yox, əqli mülkiyyətə üstünlük verir. Elə dövlətlər var ki, onların ümumdaxili məhsulunun təqirbən 40-50 faizi intellektual məhsulun hesabına reallaşır. Finlandiya cib telefonu ilə bəlkə də bizim neftdən gələn gəlirimiz qədər var-dövlət qazanır. Deməli, elmə qoyulan kapital sonda daha çox bəhrə verir. 30 ildən sonranı düşünmək lazımdır ki, o müddətdən sonra bu ölkəni nə ilə saxlayacağıq. Onu ancaq əlqi mülkiyyətlə saxlaya bilərik. Bunun üçün də gərək, bütün gənclərimizi ali məktəbdən keçirək, alimlərə yaxşı maaş verək, onlar da özlərini elmə həsr etsinlər, yoxsa universitetə gəlib iki saat dərs deyib, başqa universitetə qaçmasınlar.
[b]Z.ƏHMƏD
[/b]