Bakıda ölmüz heyvan əti istehsal edən müəssisə azkarlanıb

img

07-12-2010 [11:52]


Azərbaycanda ölmüş heyvanların ətindən yeyinti məhsulu hazırlanması faktı aşkarlanıb. Respublika Baş Prokurorluğu və İqtisadi İnkişaf Nazirliyinin birgə məlumatında bildirilir ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi, 45 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rzaxanov Mirzə Ehtiqat oğluna məxsus obyektdə ət məhsullarının istehsalı və satışının qanunauyğunluğu yoxlanılıb. Yoxlama zamanı obyektin soyuducusundakı 1847 kiloqram və satış yerində olan 609 kiloqram mal ətinə orqonoleptik baxış keçirilərkən qaralma və qeyri-spesifik qoxunun olduğu müəyyən edilib. Bununla əlaqədar həmin məhsulların yararlılığının müəyyən edilməsi məqsədilə nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Aparılmış bakterioloji müayinə ilə satış yerindən götürülmüş nümunələrdə bakterioloji çirklənmə aşkar edilib, eyni zamanda soyuducu və satış yerindən götürülmüş bütün nümunələrin qida üçün yararsız olması, həmçinin ətin xəstə və ya öləndən sonra kəsilmiş mal əti olduğu müəyyən edilib. İqtisadi İnkişaf Nazirliyi tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Aparılmış araşdırma zamanı toplanmış materiallarda külli miqdarda ziyan vurmaqla istehlakçıların aldadılması və fiziki şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması ilə nəticələnən vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin əlamətləri müəyyən edildiyindən, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3 (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə həvalə edilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA