05-12-2010 [05:06]
[b]"Elm lazımlı və şərəfli sahədir, bu səbəbdən də çalışmaq lazımdır, elə tədbirlər həyata keçirilsin ki, gənclərin elmə gəlişini stimullaşdırmaq mümkün olsun" [/b]
Yeni qəbul edilən "Təhsil haqqında" qanunun tələblərinə uyğun olaraq qarşıdakı aylarda Azərbaycanda ilk dəfə doktoranturaya qəbul imtahanları keçiriləcək. Artıq elm ictimaiyyətinin də diqqəti bu sahəyə yönəlib. Burada əsas müzakirə mövzularından biri kənd təsərrüfatı sahəsinə gənclərin yetərincə maraq göstərməməsidir. Bunun isə müxtəlif səbəbləri var. Bu səbəbləri öyrənmək üçün, uzun illər Milli Elmilər Akademiyasında elmi fəaliyyətlə məşğul olan və hazırda Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun elmi katibi, torpağın iqtisadi qiymətləndirilməsi sahəsində yeganə alimlərimizdən olan Akif Vəliyevlə söhbətləşdik. Akif müəllim problemlərdən danışaraq, onların həlli yolları ilə bağlı maraqlı təkliflər verdi:
- Son illər elmə olan münasibət müsbətə doğru dəyişməkdədir. Çox təəssüf ki, müstəqilliyimizin əvvələrində elmə bir o qədər maraq yox idi, dövlətin elm sahəsinə qayğısı aşağı səviyyədə idi. Ancaq son dövrlər bu tendensiya müsbətə doğru dəyişib. Təbii ki, bunlarla yanaşı, çatışmazlıqlarımız da var. Birinci çatışmazlıq elm sahəsində çalışanların əmək haqlarının aşağı olmasıdır. Sözsüz ki, bu da bazar iqtisadiyyatı şəraitində elmlə məşğul olanları qane eləmir, çətinliklər var. Bu sahəyə diqqə yetirilsə, hesab edirəm ki, daha çox inkişafa nail olmaq mümkündür.
- Akif müəllim, son dövrlər gənclərin elmə marağının az olduğu, gənc nəslin digər sahələrə daha çox meylləndiyi bildirilir. Gənclərin elmə marağı Sizi qane edirmi?
- Real danışsaq, Azərbaycan gənclərinin elmə marağı məni o qədər də qane eləmir. Çünki elmdən fərqli olaraq, başqa sahələrdə daha çox qazanmaq imkanları var. Ancaq bir şeyi bilmək lazımdır ki, elm çox gözəl, lazımlı və şərəfli sahədir. Bu səbəbdən də çalışmaq lazımdır, elə tədbirlər həyata keçirilirsin ki, gənclərin elmə gəlişini stimullaşdırmaq mümkün olsun. Çünki elmi əsası olmaya heç bir şeyin inkişafı yoxdur. Bunu mən demirəm, tarixən dahilərimiz deyib və sübuta da yetirilib. Bu mənada elmə xüsusi diqqət yetirilməlidir. Gənclərin diqqətini digər sahələrdən ayırıb elmə yönəltmək üçün müxtəlif yollar axtarıb tapmaq lazımdır. Yəni dövlət səviyyəsində stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir ki, gənclərimizi elm sahəsinə təşviq etmək mümkün olsun.
Elm sahəsindəki digər bir problem sahələr üzrə qeyri-bərabər bölgünün olmasıdır. Bu da bizim elm və təhsilimizə ciddi təsir göstərən amillərdən biridir. Məsələn, bir vaxtlar hüquq sahəsinə daha çox meyl var idisə, indi iqtisadiyyat sahəsinə meyl güclənib. Digər sahələr isə yaddan çıxıb. Ümumi xalq təsərrüfatının inkişafı üçün bütün sahələrin paralel inkişafı lazımdır.
Bundan əlavə, təhsil sistemi ilə elmin arasındakı koordinasiya gücləndirilməlidir. Buna ali təhsil pillələrindən - bakalavrdan, magistraturadan başlamaq lazımdır. Əvvəlcədən seçilən tələbələr sonrakı mərhələlərə buraxılmalıdır. Yəni hər mərhələdə "süzgənc"dən keçirmək lazımdır ki, lap yuxarıya daha savadlı, qabiliyyətli insanlar gəlib çıxa bilsin. Bəzən savadlıların elm sahəsinə gəlib çıxmasına imkan olmur. Ancaq bir də görürsən ki, kimlərsə başqa yollarla gəlib elm sahəsinə çıxır və müxtəlif vasitələrlə elmi ad alırlar. Bu da elmin səviyyəsinə mənfi təsir göstərir, ağır nəticəsini isə Azərbaycan elmi yaşayır. Bunun da səbəbi odur ki, təhsillə elm arasındakı koordinasiya çox əvvəldən yaradılmayıb. Vaxtiylə yalnız savadlı və bacarıqlı tələbələr sonradan elm sahəsinə gələ bilirdilər. İndi isə bu məsələlərdə bir qədər səthi yanaşmalar olur. Təbii ki, indi də savadlı gənclərimiz var, öz güclərinə elmin daha yüksək pillələrinə qədər gəlib çatırlar. Amma hesab edirəm ki, bu məsələyə daha diqqətli yanaşmaq lazımdır. Bir sözlə, Azərbaycanda elmimizin inkişafını istəyiriksə, öncə təhsil sistemi ilə elm sistemi arasındakı koordinasiyanı gücləndirmək vacibdir.
- Qeyd etdiniz ki, gənclərin elmə maraq göstərməmələri maddiyyatla bağlıdır. Elm sahəsinə maddiyyata görə gəlməyən gənclərimizə məsləhətiniz nədir?
- İlk olaraq, gənclərə məsləhət görürəm ki, elmə gəlmək lazımdır. Yenə də deyirəm, elm çox maraqlı sahədir. "Təhsil haqqında" qanunun tələblərinə uyğun olaraq, bu il Azərbaycanda ilk dəfə doktoranturaya qəbul imtahanları keçiriləcək. Artıq Azərbaycan Respublikasının ?azirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nı da təsdiqləyib. Mən savadlı gənclərin hamısını doktoranturaya sənəd verməyə çağırıram.
Elmlə məşğul olmayanlar deyirlər ki, elmdir də, getdin nəsə yazdın, vəssəlam. Xeyr, elə deyil! Elmlə məşğul olanda görürsən ki, doğrudan da maraqlı sahədir. Bəzən elmin dərinliklərinə girəndə elmin qədrini bilən insanları heç o maaş da maraqlandırmır. Onu apardığı tədqiqatın nəticəsi düşündürür ki, ortaya nəsə maraqlı bir iş qoya bilsin. Bu baxımdan gənclərə məsləhət görərdim ki, elmə daha çox üstünlük versinlər. Çünki elmsiz inkişaf yoxdur. Bir də ki, elm hər yerdə lazımdır. İnsanın formalaşmasında da, inkişafında da, ailəsinin, övladının gələcəyinin inkişafında, tərbiyəsində də elmin böyük rolu var. Ona görə də arzulayıram ki, gənclərimiz daha çox elmə istiqamətlənsinlər.
- Elmin inkişafı üzrə Milli strategiyada respublika üzrə elmlər doktoru və elmlər namizədlərinin yaş tərkibinin dünya elmi ilə müqayisədə təhlükə həddinə çatdığı göstərilib. Yəni Azərbaycan elmində qocalma tendensiyasının yaşandığı vurğulanıb. Bu məsələyə münasibətiniz necədir?
- Bu, sovet dövründən qalma bir bəladır. Şükürlər olsun ki, bu tendensiya yavaş-yavaş aradan qalxır. Son vaxtlar Ali Attestasiya Komissiyası bu yöndə çox ciddi tədbirlər həyata keçirib. Artıq bu addımların müsbət nəticələri özünü göstərməkdədər. Xüsusilə qeyd etmək istəyirəm ki, son vaxtlar Ali Attestasiya Komissiyasında gənclərin irəli çəkilməsi tendensiyası başlayıb və bu, olduqca müsbət haldır.
Digər tərəfdən, yeni qəbul edilən "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nda nəzərdə tutulan müddəalar əsas verir ki, istedadlı gənclərimiz daha 60 yaşdan sonra yox, gənc yaşlarda doktor olsunlar. Yəni bu sahədə iş gedir. Əslində bu çox düzgün istiqamətdir. Elm sahəsinə gənclərin gəlməsi, yaş məsələsinə görə hansısa məhdudiyyətlərin qoyulması düzgün deyil. Əvvəllər gənclərin elmin daha yüksək pillələrinə buraxılmaması qocalma tendensiyasının ortaya çıxmasına səbəb olmuşdu. Son dövrlər bu sahədə aparılan istahatlar isə elmimizin gəncləşməsinə yönəlib. Bu mənada görülən işləri alqışlayıram. Ancaq hələ də vəziyyət tamamiylə istənilən kimi deyil. Hələ də elmə yad olan adamların bu sahəyə gəlməsi və hansısa elmi adları alması tendensiyaları var. Ali Attestasiya Komissiyası ciddi-cəhdlə bu istiqamətdə işlər görür, amma təkcə bir qurumun fəaliyyəti yetərli deyil.
Elmimizin mərkəzində Elmlər Akademiyası dayanır. Gərək Akademiya müəyyən məsələlərdə daha ciddi addımlar atsın. Yəni Akademiyanın özündə də gənclərin inkişafına, onların elmin daha yüksək pillələrinə doğru irəliləməsinə imkanlar yaradılmalıdır. Düzdür, son illər Akademiyanın özündə də müəyyən dərəcə gəncləşmə gedir, amma bu, yetərli deyil. Bəzi sahələr var ki, demək olar, vəziyyət lap ağırdır.
- Akif müəllim, son illər Ali Attestasiya Komissiyası gənc alimlərə dissertasiya müdafiə etmək üçün xarici elmi jurnallarda da məqalə çapı tələbi qoyub. Bu tələbin gənc alimlərimizə hansısa faydaları var, yoxsa bunu bir sədd kimi qiymətləndirmək olar?
- Təbii ki, xarici dövri nəşrlərdə məqalə dərc etdirmək Azərbaycan elminin dünya miqyasında təbliği baxınmından müsbət addımdır. Hər bir alim istəyər ki, onun yazdığı məqalə dünyanın nüfuzlu elmi nəşrlərində dərc olunsun. Amma bu tələblər qoyularkən elə etmək lazıdır ki, xaricdə məqalə çapı gənclərin elmə gəlişində maneəyə çevrilməsin. Əksinə, onlarda elmi məqalə yazmaq üçün maraq yaratsın. Yəni bu tələbin mütləq yerinə yeritirilməsi şərt kimi qoyulanda və gənclərin dissertasiya işlərinin müdafiəsi gecikdiriləndə müəyyən çətinliklər, problemlər yarada bilir. Burada müəyyən baryerlər, müəyyən bürokratik əngəllər var. Bəzən xaricdə nəşr olunan jurnallarda elə məqalələr qəbul edilmir ki, adam lap təəccüblənir. Halbuki həmin jurnalların redaksiya heyətinin üzvləri tanınmış elm adamlarıdır. Yəni bu kimi problemlər olur. Həmçinin xaricdəki bəzi jurnalların məqalələrin çapı üçün müəllifdən pul tələb etməsi də elm adamları üçün problemlər yaradır. Amma çətinliklərin olmasına baxmyaraq, bu tələb elmin inkişafı baxımından müsbət haldır. Ona görə ki, qabiliyyətli, savadı olan insan xaricdə də məqalə çıxara bilir. Bu sahədə çətinliklərlə üzləşən gənclərə kömək etmək üçün müvafiq qurumlar hərəkət keçsələr və yaxşı məqalələrin xaricdə dərcində gənc alimlərə köməklik göstərsələr daha da yaxşı olar. Çünki hər şeyə ədalətli yanaşmaq, həqiqətən əziyyət çəkən gənclərimizi qiymətləndirmək lazımdır. Onsuz da işbazlar, biznes adamları harda olsa, necə olsa, həmin məqalələri dərc etdirəcəklər. Amma elə savadlı alimimiz var ki, hansısa nüfuzlu jurnalda məqalə dərc etdirmək imkanı yoxdur, çünki həmin jurnalda məqalənin dərci çox bahadır. Yəni elə etmək lazımdır ki, bu, hər kəsin imkanları çərçivəsində olsun. Bundan əlavə, alimlərimizi inkişaf etmiş ölkələrin jurnallarında məqalə dərc etdirməsi imkanları artırılmalıdır. Şəxsən mən istəməzdim ki, alimlərimiz yalnız Rusiyanın jurnalları ilə kifayətlənsinlər. Eyni zamanda məqalələrin keyfiyyətinə fikir verilməsi də önəmli məsələlərdəndir. Bəzən elə olur ki, kiminsə məqaləsini köçürüb verirlər. Ona görə də deyirəm ki, bu məsələlərə diqqə artırılsa daha yaxşı olar. Son vaxtlar AAK-ın Azərbaycandakı elmi jurnallarla bağlı tələblərini sərtləşdirməsi və bu sahəyə nəzarəti gücləndirməsi müsbət haldır. Ümumilikdə isə qeyd etdiyiniz məsələ çox yaxşı haldır və istərdim ki, bu istiqamətdə daha da inkişaf edək.
- Bayaq dediyiniz kimi, bu il ilk dəfə olaraq, ölkəmizdə doktoranturaya qəbul keçiriləcək. Hazırda kənd təsərrüfatı elmi sahəsində vəziyyət necədir, gənclər bu sahəyə maraq göstərirmi, imtahanda rəqabət olacaqmı?
- Təbii ki, rəqabət olur. Yerlər ayrılır, o yerlərə də iddialılar ortaya çıxır və sənədlərini verirlər. Ona görə də rəqabət hər zaman var. Düzdür, doktorantuaya qəbul bütün elmi-tədqiqat institutlarına verilmir. Məsələn, elmi kontingenti, elmi dərəcəsi az olan institutlara vermirlər. Əslində bu da düzgün addımdır. Çünki geniş elmi kontingent olmayan yerdə alimi kim yetişdirəcək? Aqrar və digər sahələrdə bir qədər az olur, amma iqtisadiyyatda və bu kimi sahələrdə çox olur. İmtahana gəlincə, iddialılar çox olur, hər kəs keçmək istəyir, amma bunun üçün yoxlamalar var, komissiyalar yaradılıb, onlar sənədlərə baxırlar, kim daha qabiliyyətli, daha savadlıdırsa, təbii ki, o da keçməlidir. Bir sözlə, rəqabət var. Çox təəssüf ki, əsas rəqabət iqtisadiyyat sahəsindədir, ancaq kənd təsərrüfatının digər sahələrinə maraq bir qədər azdır.
- Ümumiyyətlə, bu gün kənd təsərrüfatı elmi gənclər üçün cəlbedici görünürmü?
- Səmimi deyək ki, bu gün cəlbedici görünmür. Bunun da müəyyən səbəbləri var. Ən inkişaf etmiş dövlətlərdə də kənd təsərrüfatı elmi bir qədər çətin sahə kimi qəbul olunur. Yəni heç kim istəmir ki, gedib çöldə hansısa iş görsün, nəsə tədqiqat aparsın. Adətən gənclər də, elm sahəsində olanlar da daha çox oturaq işləri sevirlər. Ancaq buna baxmayaraq, çalışmaq lazımdır ki, hərtərəfli inkişafa nail olaq. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetində bu sahədə yaxşı işlər görülür.
- Gələn il "Elm haqqında" qanunun qəbulu gözlənilir. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu qanunun qəbul olunması müsbət haldır. Amma öncə qanunlara riayət etmək, onların həyata keçirilməsinə nəzarət mexanizminin təşkil olunmasına çalışmaq lazımdır. Müxtəlif sahələrlə bağlı çox mütərəqqi qanunlarımız var, ancaq təəssüflər olsun ki, bəzən bu qanunlar işləmir. "Elm haqqında" qanunun qəbulundan sonra bəzi məsələlər bir qədər aydınlaşsa, daha yaxşı olar. Əsas qanunların işləməsidir. Bir də görürsən ki, hansısa məmurun ucbatından qanuna əməl olunmur, sonra da deyirlər ki, bu qanun inkişafa təkan vermədi, əslində məsələnin kökü başqadır...
- Gənc alimlərin sosial problemlərinin həlli ilə bağlı dövlət proqramının qəbulu gözlənilir. Necə düşünürsünüz, bunun müsbət nəticəsi olacaqmı?
- Ümumiyyətlə, gənclərin sosial problemlərinin həlli ilə bağlı qəbul olunan nə varsa, hesab edirəm ki, mütləq müsbət nəticəsini verəcək. Bu dövlət proqramı da elm sahəsində çalışan gənclərimizi sosial qayğılardan uzaqlaşdırarsa, onlar elmə daha yaxşı nəticələr əldə edə bilərlər. Sosial problemlərin həllinin ölkəmizdə elmin inkişafına təkan verəcəyi şübhəsizdir.
- Elmimizin inkişafı, gənclərin elmə təşviqi üçün hansı addımlar atılmalıdır?
- Burada təbliğat məsələsi də vacibdir. Bizim təbliğatımız çox zəifdir. Mətbuatda az-çox elm sahəsindən məlumatlar verilir, amma televiziyada, ümumiyyətlə, bu barədə təbliğat getmir. Bu sahədə kompleks tədbirlər həyata keçirilməlidir ki, hərtərəfli inkişaf olsun.
Z.ƏHMƏD