Bakıda 7 aylıq körpənin qaraciyəri dəyizdirildi

img

30-11-2010 [04:28]


Noyabrın 28-də Mərkəzi Neftçilər Xəstəxanasının İnsan orqan və toxumalarının transplantasiyası Mərkəzində doktor Mircəlal Kazıminin rəhbərliyi altında 7 aylıq körpənin - Hüseyn Əbülfəz oğlu Nağdəliyevin üzərində yaxın qohumu Cəfər Hüseynovun donorluğu ilə qaraciyər köçürülməsi əməliyyatı həyata keçirilib. ARDNŞ Sosial İnkişaf İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu, Rusiya və Ukraynadan sonra keçmiş SSRİ məkanında uğurla gerçəkləşdirilən ilk əməliyyatdır. Sözügedən orqan transplantasiyasının başlıca özəlliyi kiçik yaş qrupuna daxil olması ilə yanaşı, həm də birbaşa canlıdan-canlıya köçürülməsindədir. 12 saatlıq əməliyyatı uğurla başa çatdıran İnsan orqan və toxumalarının transplantasiyası Mərkəzinin tibbi heyəti sensasiya sayıla biləcək bu hadisənin təfərrüatları ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının akt zalında KİV nümayəndələri üçün düzənlənən mətbuat konfransında məlumat veriblər. Azərbaycan səhiyyəsində baş verən növbəti yeniliyə həsr olunmuş həmin tədbirdə köçürmə əməliyyatına rəhbərlik edən Mircəlal Kazımi, donor üzərində aparılan əməliyyata rəhbərlik edən doktor Eldar Əhmədov jurnalistlərin suallarını cavablandırıblar. Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Həbib Yüzbaşıyev bildirib ki, ARDNŞ Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən bu səhiyyə ocağının maddi-texniki bazası son illərdə əsaslı şəkildə yeniləşdirilib, burada ən müasir tələblərə cavab verən tibbi avadanlıq quraşdırılıb, yeni Mərkəzlər, şöbələr yaradılıb. Xəstəxanada təzəlikcə fəaliyyətə başlayan İnsan orqan və toxumalarının transplantasiyası Mərkəzində icra olunan unikal və mürəkkəb əməliyyatlar isə ölkəmizin və bütövlükdə Qafqaz regionunun səhiyyə tarixinə yenilik kimi daxil olmaqdadır. Noyabrın 28-də icra olunan qaraciyər köçürülməsi son 2 ildə icra olunan sayca 12-ci belə əməliyyatdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA