Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqini ertələdi

img

26-11-2010 [01:37]


Bu gün Konstitusiya Məhkəməsi 7 noyabr parlament seçkilərinin nəticələrinin yoxlanılması və təsdiq olunmasına baxıb. Məruzəçi hakim Rafael Qvaladze seçki pozuntuları iddiası ilə Respublika Baş Prokurorluğuna daxil olan müraciətlər barədə məlumat verib. Həmin müraciətlərdən biri - 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə daxil olmuş müraciətlə əlaqədar cinayət işi başlandığını deyib. Hakimin sözlərinə görə, cinayət işi həmin dairədən namizəd olmuş şəxsin seçki günü səsvermə prosesinə müdaxiləsi, bununla da, seçki qanunvericiliyini pozması ilə bağlı başlanıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxışında deyib ki, onlara daxil olan bütün müraciətlər diqqətlə araşdırılıb. O, dövlət və hökumət strukturlarının seçki prosesinə müdaxilə etməsi barədə iddiaların əsassız olduğunu bildirib. İclasda ekspert qismində çıxış edən Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov seçki prosesinə müsbət rəy verib. O, parlament seçkisinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib. Məhkəmənin sədri Fərhad Abdullayev məhkəmə baxışının başa çatdığını bildirib. O, məhkəmənin noyabrın 29-u saat 9.00-dək təxirə salındığını elan edib. 7 noyabr seçkilərində 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb. Seçkilərdə ölkə üzrə seçicilərin 50,14%-i iştirak edib. MSK 20 DSK üzrə 46 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib, DSK-lar tərəfindən nəticəsi ləğv olunan məntəqələrin sayı isə 3 olub. Seçkilərdə Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Seçkilərdə qələbə qazanmış digər şəxslər bitərəflərdir. MSK seçkilərlə bağlı yekun protokolu noyabrın 22-də təsdiqləyərək Konstitusiya Məhkəməsinə göndərib. ATƏT-in rəhbərlik etdiyi Beynəlxalq Müşahidə Missiyası parlament seçkilərinin texniki cəhətdən yaxşı təşkil olunduğunu desə də, bu seçkinin demokratik inkişaf yönündə əhəmiyyətli addım olmadığını vurğulayıb. ABŞ Dövlət Departamenti isə parlament seçkisinin ümumiyyətlə beynəlxalq standartlara uyğun keçirilmədiyini bəyan edib, seçki pozuntularına yol verənlərin məsuliyyət cəlb olunmasına çağırıb. Əsas müxalifət partiyaları seçkinin nəticələrini tanımır, yenidən seçki keçirilməsini tələb edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA