14-11-2010 [05:21]
[b]"Hakimiyyət yeni siyasi münasibətlər sisteminin yaranmasına imkan verməsə, qanundan kənar formalaşan qüvvələr meydana çıxacaq" [/b]
Parlament seçkiləri başa çatan kimi ölkənin siyasi düşərgəsi iki yox, üç hissəyə bölündü. Bir tərəfdə "AXCP-Müsavat" bloku radikal mövqe sərgilədi, digər tərəfdə hakim partiya və parlament müxalifəti seçkini baş tutmuş saydı, bir tərəf isə orta mövqe nümayiş etdirdi. Orta mövqedə çıxış edən "Qarabağ" blokunda təmsil olunan Ümid, Aydınlar və Demokrat partiyaları oldu. Seçki və seçkisonrakı vəziyyətlə bağlı müsahibə verən Ümid Partiyasının sədri, yeni seçkidə mandat qazanan İqbal Ağazadə ilə bu və ya digər məsələlər toxunduq.
- Seçkinin nəticələrinə "Qarabağ" bloku olaraq qiymət vermişik. İlk növbədə onu qeyd edim ki, biz seçkini bütün dairə və məntəqələrdə müşahidə edə bilmədik. Cəmi 31 dairədə müşahidə aparmaq imkanımız oldu və həmin dairələrdə müşahidə etdiyimiz seçkilərin nəticəsi "Qarabağ" bloku olaraq bizi qane etmədi. Həmin dairələrdə baş verən qanun pozuntuları ilə bağlı ciddi arqumentlər və sənədlərlə Mərkəzi Seçki Komissiyasına şikayət ərizəsi ilə müraciət etmişik.
[b]- Digər müxalifət partiyaları, daha dəqiqi, "AXCP-Müsavat" bloku seçkinin nəticələri ilə bağlı kəskin mövqe bildirdi. Onların seçkiyə verdiyi qiymətlə razısınızmı? [/b]
- Əslində bu seçki ilə bağlı müxalifətin vahid mövqe sərgiləməsi və ortaya vahid mövqe qoyması ilə bağlı ümumi fikirlər səslənirdi. Amma sonradan qeyri-səmimi münasibətlər nəticəsində bu ümumi fikir formalaşmadı. Mən onun detalları barədə mətbuata danışmaq istəmirəm. Sərdar bəy bu barədə bəzi məqamları qeyd edib. Ona görə də "Qarabağ" bloku buna qoşulmadı. Başqasının mövqeyini dəyərləndirmək, başqasının mövqeyinə münasibət bildirmək fikrimiz də yoxdur.
[b]- Sizdə seçkinin nəticələrini tanımamaq barədə mövqe varmı? [/b]
- Seçkini müşahidə etdiyimiz məntəqələr üzrə verdiyimiz şikayətlər, rəylər həmin məntəqə və dairələrə münasibəti açıq şəkildə ortaya qoyur. Əvvəla, seçki bir mərhələdən yox, üç mərhələdən ibarətdir. Biz də "Qarabağ" bloku olaraq üç mərhələdən ibarət olan seçki ilə bağlı geniş hesabat hazırlayırıq. Yaxın günlərdə bu hesabatı təqdim edəcəyik.
[b]- Bəs öz dairənizlə bağlı nə deyə bilərsiniz? Düzdür, elan olunan nəticələrə görə, qalib Sizsiniz. Seçki günü dairədə hər hansı qanun pozuntuları oldumu? [/b]
- Dairədə seçki günü texniki məsələlərlə bağlı bir sıra problemlər var idi. Məsələn, müşahidə missiyasını həyata keçirən şəxslər, yerlər darısqal olduğuna görə müşahidə imkanlarından tam istifadə edə bilmirdilər. Yaxud hərbi hissədə müşahidə missiyasını məntəqəyə 20 dəqiqə gec buraxdılar və s. Bu kimi texniki problemlər oldu. Amma bizim 140-dan yuxarı müşahidəçimiz var idi, o cümlədən vəkillərimiz və səlahiyyətli nümayəndələrimiz seçkini izləyirdi. Biz çalışdıq ki, seçki həmin dairədə ədalətli və demokratik keçirilsin, hər hansı qanun pozuntusuna yol verilməsin.
[b]- Müxalifətin bir hissəsi seçkinin nəticələrini tanımamaqla və yeni seçkilərin keçirilməsi tələbi ilə bəyanat verdi, digər hissəsi - parlament partiyaları əks mövqedən çıxış etdilər. Siz isə heç bir tərəfdə olmadınız. Bunun özəl bir səbəbi var idimi? [/b]
- Özəl səbəbi odur ki, "Qarabağ" blokunun mövqeyi Yeni Azərbaycan Partiyasının qərargahında mövqe ifadə edən siyasi partiyaların mövqeyi ilə üst-üstə düşmür. Biz də Ümid Partiyası olaraq, "Qarabağ" blokunun tərkibindəyik və blokdan ayrı fəaliyyət göstərmirik. Biz "Qarabağ" blokunun seçkinin nəticələri ilə bağlı elan etdiyi mövqe ilə razı olduğumuza görə, həmin tədbirdə iştirak etmədik.
[b]- Bu, seçki ilə bağlı idi, yoxsa onlardan fərqli müxalifətçilik mövqeyi idi? [/b]
- Müxalifətçilik mövqeyi elə bu tipli hadisələrdən formalaşır. Bir siyasi qüvvənin əsas mövqeyi bu tipli proseslərə münasibətdə ortaya çıxır. Başqa müxalifətçilik mövqeyi yoxdur. Onsuz da kimsə hakimiyyətdə təmsil olunmur, hakimiyyət ortağı deyil.
[b]- Belə bir fikir ifadə etmək olarmı ki, yeni formalaşacaq parlamentdə əsas müxalifət qüvvəsi Ümid Partiyası olacaq?
[/b]
- Ümid Partiyası bu gün Azərbaycanda iki aparıcı müxalifət partiyasından biridir. Müxalif mövqedə olduğunu da dəfələrlə ifadə edib. Bu barədə bizim hər hansı problemimiz yox idi ki, "bu gündən sonra məsələ bu şəkildə olacaq",- deyib, belə bir mövqe sərgiləyək.
[b]- İki aparıcı müxalifət partiyasından biri Sizsiniz, bəs o biri? [/b]
- Mən o mənada demədim. Deyirəm ki, iki partiya varsa, ondan biri Ümid Partiyasıdır.
[b]- "Qarabağ" blokunu seçki ərəfəsində yaratdınız. Artıq seçki başa çatıb, bu birliyi seçkidən sonrakı mərhələlərdə də qoruyub saxlamaq fikriniz varmı? [/b]
- Hələlik seçki prosesi bitməyib. Bildiyiniz kimi, Konstitusiya Məhkəməsi hələlik öz rəyini açıqlamayıb. Mərkəzi Seçki Komissiyasının yekun qərarı da yoxdur. Təkrar seçkilər olacaqmı, neçə dairədə olacaq, hansı dairələrin nəticələri ləğv ediləcək, buna "Qarabağ" blokunun münasibəti necə olacaq? Bütün bu sualların cavabı bəlli olandan sonra məsələlər danışılacaq və blokun növbəti dövrlərdə fəaliyyəti ilə bağlı qərar veriləcək. Amma hər halda, istər mən, istər Sərdar bəy, istər Qulamhüseyn bəy bu prosesin davam etməsində maraqlıyıq.
[b]- Seçki mövzusuna qayıdaq. Bildiyiniz kimi, seçkini yerli müşahidəçilərlə yanaşı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatların müşahidəçiləri də izlədilər. Nəticələr elan olunduqdan sonra rəylərini açıqladılar. Həmin rəyləri necə qiymətləndirirsiniz? [/b]
- Mən beynəlxalq müşahidə missiyasının seçkinin nəticələri ilə bağlı rəylərinə hörmətlə yanaşıram. Bu rəylərdə dedikləri və demədikləri məsələlər var. Amma Azərbaycan vətəndaşları da, siyasi partiyalar da birmənalı şəkildə qəbul etməlidirlər ki, ölkədə demokratik cəmiyyət quruculuğu beynəlxalq müşahidəçilər, beynəlxalq təşkilatlar yox, məhz Azərbaycan xalqı, onun siyasi sistemində yeri və mövqeyi olan, həmin sistemin dayağı sayılan siyasi partiyaların təşkilatçılığı ilə həyata keçiriləcək. Bu istiqamətdə işimizi qurmalıyıq. Hesab edirəm ki, bizim nə qədər güclü olmağımız və ictimai rəyə təsir etməyimiz nəticə etibarı ilə onların da möqeyinə təsir göstərəcək. Obyektiv və subyektiv səbəblərdən seçici aktivliyinin aşağı olması, siyasi dialoqların və müzakirələrin, ictimai televiziyadakı debatların nəticə etibarı ilə siyasilikdən daha çox fərdi namizədlər çərçivəsinə salınması seçkidə siyasi partiyaları arxa plana keçirdi. Bu da seçici aktivliyinə və proseslərə təsirsiz ötüşmədi. Ona görə hesab edirəm ki, biz bu barədə düşünməliyik. Beynəlxalq təşkilatların Azərbaycanda baş verən proseslərə çox zaman obyektiv və obyektivliyə çox yaxın mövqe ifadə etdiyinin şahidi olmuşuq.
[b]- ABŞ Dövlət Departamentinin seçkinin nəticələri ilə bağlı rəyi bir qədər sərt oldu, hətta hakimiyyət nümayəndələri də bundan təəssüfləndiklərini bəyan etdilər...[/b]
- Hesab edirəm ki, ABŞ Dövlət Departamentinin mövqeyi ATƏT-in müşahidə missiyasının rəyi əsasında formalaşıb. Ona görə də düşünürəm ki, ABŞ Dövlət Departamentinin rəyi obyektivliyə çox yaxındır.
[b]- İqbal bəy, bir müddət öncə 2010 parlament seçkilərinin dəyişiklik astanası olacağını bildirirdiniz. Artıq seçki oldu və bitdi. Əvvəlki fikrinizdə qalırsınızmı, həmin dəyişiklik zamanı yetişdimi? [/b]
- Bəli, həmin fikrimdə qalıram. Hesab edirəm ki, siyasi arenada yeni dövr başlayacaq. Elektorata, siyasi təşkilatlara münasibətdə, siyasi təşkilatlarla hakimiyyət arasındakı münasibətlərdə yeni münasibətlər sistemi ortaya çıxacaq. Bunun alternativi yoxdur. Bunun alternativi növbəti seçkilərdə bütün partiyaları kənarda saxlaya bilər. Bunda isə nə beynəlxalq təşkilatlar, nə regionda marağı olan dövlətlər, nə də Azərbaycan vətəndaşları, o cümlədən hakimiyyət də maraqlı olmamalıdır. Çünki region həddən artıq həssasdır və etnik milli konfliktlərlə çox üz-üzə qalmış bir regiondur. Bura daxili qeyri-stabillik də əlavə olunsa, bu qeyri-stabillikdə qanunların vasitəsi ilə idarə olunan siyasi partiyalardan kənarda formalaşan qruplar da ortaya çıxsa, çətin olacaq. Yəni hakimiyyət yeni siyasi münasibətlər sisteminin yaranmasına imkan verməsə, qanundan kənar formalaşan qüvvələr meydana çıxacaq. Hakimiyyət də, beynəlxalq təşkilatlar da bunun fərqindədir. Ona görə də hesab edirəm ki, bu istiqamətdə parlament seçkilərindən sonrakı dövr həm yeni düşüncə dövrü olacaq, həm də proseslərin fərqli istiqamətdə inkişaf etməsinə imkan verəcək.
[b]- Fərqli istiqamət deyəndə nəyi nəzərdə tutursunuz? Yeni qüvvələrmi, yoxsa... [/b]
- Daha çox seçici ilə fərqli şəkildə işləmə mexanizmləri və siyasi partiyaların sistemdəki yeri məsələsi yenidən dartışılacaq. Bu da artıq yeni insanların, yeni seçicinin də prosesə cəlb olunması formasını ortaya qoyacaq.
[b]- Yəni bu proses hansısa ənənəvi qüvvənin siyasi sferadan getməsi, yoxsa indiki statusundan daha aşağı sürüklənməsi ilə nəticələnəcək? [/b]
- Bunu təbii qəbul etmək lazımdır. Hər bir partiyanın qalxış və eniş dövrləri olur. Ola bilər ki, hansısa partiya tənəzzül dövrünü yaşasın, proseslər fərqli istiqamətə getsin, amma bütövlükdə köhnələrdən daha çox əslində yeni mübarizə üsulu olan siyasi xətt üstün gələcək.
Diqqət etdinizsə, bəzi müstəqil şəxslər adlı-sanlı müxalifət nümayəndələrindən daha yaxşı kampaniya apardılar. Bu adamlar artıq siyasətin qapısını döyürlər, siyasətə yeni nəfəs gətirirlər. Təbii ki, bu, növbəti illərdə özünü göstərəcək.
[b]- Deyirsiniz ki, yeni dönəm başlayır. Bu dönəmdə narazı elektoratı arxasınca aparan əsas siyasi qüvvə hansı ola bilər? [/b]
- Mən əvvəllər də qeyd etmişəm, Ümid Partiyası bu proseslərin favoritidir. Hesab edirəm ki, növbəti seçkiyə qədər də bu şəkildə davam edəcək.
[b]- Artıq bir seçki başa çatdı, qarşıdan prezident seçkiləri gəlir. Bu prosesə hansısa hazırlıqlara başlamısınızmı? [/b]
- Partiyanın yeni fəaliyyət proqramını hazırlamışıq. Qurban bayramından dərhal sonra əvvəlcə Rəyasət Heyəti çərçivəsində müzakirə edəcəyik və genişmiqyaslı və fərqli planla proseslərə başlayacağıq. Hesab edirəm ki, bu proseslərdə yeni insanları görəcəksiniz. 2013-cü il prezident seçkilərinə gəlincə, bu barədə rəy söyləmək çox tezdir. Onu 2011-ci ilin ortalarında söyləmək mümkün olacaq.