14-11-2010 [05:16]
[b]"Elmi işçinin, alimin məvacibini qaldırmadan, ona lazımi şərait yaradılmadan gənclərin elm sahəsinə meyllənməsini təmin etmək mümkün deyil"
[/b]
Məlum olduğu kimi, 2005-ci ildə prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında sərəncamı əsasında komissiya yaradılıb və fəaliyyət göstərir. Sərəncama əsasən, bu komissiyanın əsas fəaliyyət prioritetləri Azərbaycan Respublikasının təhsil sisteminin müxtəlif pillələrində təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, təhsil müəssisələrində təhsilin keyfiyyətinin monitorinqini həyata keçirmək, təhsil sahəsində mövcud problemləri vaxtaşırı təhlil edərək müvafiq tədbirlər görülməsini təmin etməkdir. Görəsən, bu komissiya təhsilin son mərhələlərinin, yəni doktorantura və elm sahəsindəki problemlərin aradan qaldırılması ilə bağlı hansı tədbirləri həyata keçirib?
Bu və ya digər suallarımızı sözügedən komissiyanın üzvü, Bakı Dövlət Universitetinin professoru, deputat Cəmil Həsənli cavablandırır.
[b]- Üzvü olduğunuz komissiyanın fəaliyyət prinsiplərindən biri də təhsil sisteminin müxtəlif pillələrində təhsilin səviyyəsinin müasir standartlara uyğunlaşdırılmasıdır. Bu sahədə vəziyyət necədir? [/b]
- Məsələyə iki yöndən yanaşmaq lazımdır. Azərbaycan cəmiyyəti, dövləti necədirsə, təhsil də onun bir hissəsidir. Yəni təhsili bu cəmiyyətin içərisində mələk donunda əyləşdirmək olmaz. Eyni zamanda təhsillə bağlı deyilənlərin böyük bir hissəsi ilə razı deyiləm.
Mən universitetdə dərs deyirəm. Çox savadlı, intellekli, bacarıqlı tələbələrim var. Hər halda, 5-10 il öncə ilə müqayisədə bu dəyişikliyi görürəm. Başqaları haqqında bu sözü deyə bilmərəm, ancaq dərs dediyim auditoriya barədə deyirəm.
Sizə bir nümunə deyim, Azərbaycanda magistraturaya daxil olanların təxminən 80 faizi Bakı Dövlət Universitetinin məzunlarıdır. Bizim Prezident təqaüdü ilə xeyli sayda tələbələrimiz dünyanın ən nüfuzlu təhsil müəssisələrində oxuyurlar. Son illər isə orta məktəbin səviyyəsinin qaldırılması istiqamətində faydalı iş gedir. Çünki orta məktəblərdə səviyyəni qaldırmadan təhsilin sonrakı mərhələlərindəki problemləri həll etmək çətindir.
[b]- İlkin mərhələ barədə məlumat verdiniz. Bəs sonrakı mərhələlərdə - magistratura, doktorantura və elm sahəsində vəziyyət necədir?
[/b]
- Bu sahədə ciddi problemlər var. Öncə onu deyim ki, magistratura təhsilinə hazır olmaq lazımdır. Burada sadəcə, nazirliyin hazırlığından söhbət getmir. Magistratura auditoriyasına girən müəllimin, professorun hazırlığı ən önəmli məsələdir. Bakalavr sistemində deyilən dərsi magistratura pilləsində təkrar eləmək olmaz! Çünki magistrin müstəqilliyi bakalavrın müstəqilliyindən çox genişdir. O, təxminən müəllimin həmsöhbəti səviyyəsindədir. Onunla daha dərin biliyə, daha yüksək intellektə malik olan müəllimlər danışmalıdır.
Onu da nəzərə çatdırmaq istəyirəm ki, bütövlükdə Azərbaycanın sosial-iqtisadi həyatı magistratura təhsilinə hazır deyil. Bizim inteqrasiya etmək istədiyimiz Avropada elə ənənə yoxdur ki, tələbə bakalavrı bitirən kimi magistraturaya sənəd versin. İstisna hal kimi ola bilər, amma magistratura təhsilin o mərhələsidir ki, bakalavr pilləsində aldığı nəzəri bilikləri istehsalatda, iqtisadiyyatda, siyasi həyatda aldığı təcrübi biliklərlə möhkəmləndirir və nəzəriyyə ilə təcrübənin yekunu kimi, şəxs magistraturaya gedir ki, ixtisası üzrə daha dərinləşmiş biliklər alsın. Azərbaycanda isə bu istiqamətdə vəziyyət acınacaqlıdır.
[b]- Bu sahədəki problemlərdən biri də magistratura və doktoranturaya qəbul olmaq istəyənlərə hərbi xidmətlə bağlı möhlətin verilməməsidir. Bu barədə də fikirlərinizi bilmək istərdik... [/b]
- Magistratura təhsilində yaranmış böhranın ən mühüm göstəricisi magistrlərin əsasən qızlardan ibarət olmasıdır. Bunun ən öyük səbəbi də odur ki, oğlan gənclər bakalavr pilləsini bitirən kimi hərbi xidmətə aparılırlar. Mən əsgər getməyin əleyhinə deyiləm, amma bu, elmə və təhsilə vurulan ziyan hesabına olmamalıdır. Əsgəri xidmətə gedəcək kontingentin səfərbər edilməsinin optimal yolları var. Bundan səmərəli istifadə edilsə, heç bir narahtlıq yaranmaz. Doktorantura və magistraturaya daxil olmaq istəyən gənclərin qarşısına hərbi xidmət əngəlini qoymaq lazım deyil. ?ə qədər ki, bu həvəs onda var, o həvəsi işlək mexanizmə çevirmək lazımdır. Hələ məlum deyil ki, əsgərlikdən sonra elmə və təhsilə həvəs onda qalacaq, yoxsa yox. Eyni zamanda mən ona da tərəfdar deyiləm ki, magistratura və doktorantura əsgəri xidmətdən yayınma mexanizminə çevrilsin. Hesab edirəm ki, bu məsələ bizim oğlan gənclərin elmə olan marağına böyük zərbə vurur. Bir qayda olaraq, böyük əksəriyyət əsgəri xidmətdən sonra elmə qayıtmırlar. Bax, bu problemin də aradan qaldırılması üçün müvafiq addımların atılması labüddür.
[b]- Belə anlaşılır ki, əgər magistratura sahəsində vəziyyət belədirsə, doktorantura və elm sahəsində vəziyyət daha acınacaqlıdır... [/b]
- Doktorantura keçmiş aspiranturanı əvəz edir. Bildiyim qədər bu ildən doktoranturaya qəbul keçirmək istəyirlər. Elm sahəsində də vəziyyət ürəkaçan deyil. Bu, bütövlükdə elmə olan münasibətdir. Elmə ayrılan büdcə xərcləri büdcənin xüsusi çəkisinin 0,9 fazini təşkil edir. Bu, olduqca az rəqəmdir. Yəni bu, hər hansı böyük elmi proqramların, layihələrin həyata keçirilməməsinin bilavasitə göstəricisidir. Ümumiyyətlə, dünyada bir qanunauyğunluq var. Əgər hər hansı ölkənin büdcəsində elm sahəsinə ayrılan vəsait büdcə xərclərinin ümumi çəkisinin iki faizindən aşağıdırsa, orda elmin inkişafından söhbət gedə bilməz. Azərbaycanda isə heç bir faiz də deyil. Bu rəqəm ötən il 0,8 idisə, bu il 0,9-a qaldırılıb. O artım da qiymətlərin bahalaşması ilə bağlıdır. Yəni artım qiymət artımını qarşılamaq üçün edilib. Demək istəyirəm ki, elm sahəsinə dövlət səviyyəsində ayrılan vəsait kifayət qədər azdır.
[b]- Necə düşünürsünüz, gənclərin elmə gəlməməsi, bəzilərinin isə elm sahəsindən uzaqlaşması bu amillə bağlı deyilmi? [/b]
- Hər şeydən öncə elmin inkişafına maraq olmalıdır. Bu maraq nədir? Dövlətin iqtisadi-sosial siyasəti elmin üzərində qurulmalıdır! Bizdə elmə olan münasibətin ən acınacaqlı tərəfi odur ki, sosial-iqtisadi həyatımız, yaxud proqramlaşdırmamızla elm arasında çox böyük məsafə var. Bizim sosial-iqtisadi həyatımız elmi proqnozlar, elmi təhlillər üzərində qurulmayıb. Ən faciəlisi isə odur ki, dövlət buna ehtiyac da duymur. Bunun da ən böyük səbəbi korrupsiya ilə bağlıdır. Çünki bizim ölkəmiz elə bir böyük korrupsiya bataqlığıdır ki, kimisi topuğuna, kimisi dizinə, kimisi də xirtdəyinə qədər bu korrupsiya bataqlığına batıb. Elmə münasibət də korrupsiyanın sosial-iqtisadi həyatdakı izlərinin və tazahürünün bilavasitə nəticəsidir.
Bir dəfə hakimiyyət nümayəndələri ilə belə bir mübahisəmiz oldu və dedilər ki, akademiyanın institutları layihələr versin, biz də onları maliyyələşdirək. Məsələn, akademiyanın müvafiq institutu layihə verir ki, 1 kvt. enerjini 420 qr. mazutdan yox, 250 qr. mazutdan da almaq olar. Məsələ ondadır ki, bizim iqtisadiyyat bunda maraqlı deyil. Bizim elmimizlə iqtisadiyyatımız arasında heç bir uyğunluq yoxdur. Hətta sovet dönəmində elmlərin nəzəri tərəfi çox güclü idi, onun praktikada tətbiqi yox idi. Ancaq bununla bərabər, sistem elmi saxlamaqda maraqlı idi. Bu gün biz onu da itiririk. Hazırda Azərbaycan cəmiyyətində elmə tələbat yoxdur.
Dövlət canlı orqanizmdir, hər şeyi özü tənzimləməlidir. Əgər 3-4 milyonluq şəhərdə teatr binaları boşdursa, teatra gedən yoxdursa, ona mənəvi tələbat duyulmursa, demək, həmin cəmiyyətin sosal mənəvi böhranı yaranıb. Elmin də vəziyyəti təxminən belədir. Bu gün elmə sosial-siyasi maraq yoxdur. Çünki dövlət heç bir fəaliyyətini elmi araşdırmalar, proqnozlar üzərində qurmur. Ona görə də əhəmiyyətini itirməyə doğru gedən bir sahəyə gələnlərin sayı azalır.
[b]- Cəmil müəllim, bu vəziyyət elmdə qocalma tendensiyasının yaranmasına səbəb olub. Son dövrlər gənclərin elm sahəsindən kənarlaşması, bu sahəyə meyl göstərməməsi ciddi problemə çevrilib. Bununla bağlı nə düşünürsünüz? [/b]
- Gənclərin elmə gəlməməsinin çox böyük səbəbləri var. Bunun ən böyük səbəbi iqtisadi amillə bağlıdır. Bir vaxtlar alim cəmiyyətdə iqtisadi cəhətdən ən yaxşı təmin olunan təbəqə idi. Amma bu gün akademiyada elə bir acınacaqlı vəziyyət yaranıb ki, hər bir normal gənc gəlib o vəziyyəti görsə, şübhəsiz ki, elmdən qaçacaq. Gəlin görək, nəyə görə vaxtiylə elmə axın var idi? Çünki görürdülər alim fəhlədən də, ticarətçidən də, kolxozçudan da, hətta partiya işçisindən də yaxşı yaşayır. Ona görə də elmə böyük maraq var idi. O cəmiyyətin kostyumlu, qalstuklu, şlyapalı təbəqəsi alimlər idi. Cəmiyyəti mənəvi cəhətdən diri saxlayan təbəqə Azərbaycan Elmlər Akademiyası, Tibb Universiteti, Bakı Dövlət Universiteti idi. Bir vaxtlar milləti diri saxlayan təbəqənin özü indi ölüdür.
[b]- Bir professor kimi elmin inkişafı və gənclərin elmə təşviqi olunması üçün nə təklif edərdiniz? [/b]
- Elmin inkişafı və gənclərimizin elmə təşviq olunması üçün stimul olmalıdır. Bayaq, təhsildən danışdıq. Nə edirsən, et, müəllimin normal əmək haqqı olmasa, təhsilin səviyyəsini qaldırmaq mümkün deyil. Müəllimə normal əmək haqqı verilməlidir və verilən əmək haqqının şagirdin, ali məktəblərdə isə tələbənin biliyinə çevrilməsinə effektli nəzarət olmalıdır. Bu mexanizm olmadan təhsili qaldırmaq mümkün deyil. Eləcə də elmi işçinin, alimin məvacibini qaldırmadan, ona lazımi şərait yaradılmadan elmdə inkişafa, gənclərin elm sahəsinə meyllənməsini təmin etmək mümkün deyil.
Bir tərəfdən deyirik ki, analoqu olmayan inkişafımız var, o biri tərəfdən bizi əhatə edən dairədə müəllimlərin, o cümlədən elm sahəsində çalışanların əmək haqları ən az Azərbaycandadır. Hətta Gürcüstan, Qazaxıstan, Rusiya ilə müqayisədə Azərbaycanda təhsil və elm sahəsində çalışanların təminatı olduqca aşağıdır. Əgər biz analoqsuz inkişafa nail olmuşuqsa, bu, ölkənin elmində, təhsilində, mədəniyyətində, səhiyyəsində özünü göstərməlidir. Bu gün akademiyada çalışan alim dilənçi payı alırsa, ölkənin mədəniyyət yükünü çiyinlərində daşıyan şəxsə simvolik məvacib averilirsə, bununla nə elmi, nə də mədəniyyəti saxlamaq olmaz! Yəni bütün bu problemlərin hamısı maddiyyatla bağlıdır.
[b]- Ancaq son dövrlər elmin inkişafı və bu sahədəki digər problemlərin həlli üçün dövlət tərəfindən vəsait ayrılıb. Hətta Elmin İnkişafı Fondu yaradılaraq qrant müsabiqələri elan edilib. Bu istiqamətdə atılan addımları necə qiymətləndirirsiniz? [/b]
- Əlbəttə, bu sahədə 5-10 faiz üçün müəyyən şərait yaradılıb. Məsələn, akademiyanın həqiqi və müxbir üzvləri yüksək məvacib alırlar. Hesab edirəm ki, bu hal çox yaxşıdır və belə də olmalıdır. Amma elmi dairə yalnız akademiyanın həqiqi və müxbir üzvlərindən ibarət deyil. Elmin əsas yükü institutlardakı fəhlə alimlərin çiynindədir. Elmin vəziyyətinə bu adamların sosial vəziyyəti nöqteyi-nəzərindən yanaşmalıyıq. Azərbaycanda elm də, sənət də, musiqi də çox vaxt fərdlərin çiynində gedib. Milləti yaşadan da bu fərdlər olub. Mən çox bədbin olmaq istəmirəm, çünki Azərbaycan xalqının içərisində çox istedadlı adamlar var, yenə də olacaq. Elmin də, sənətin də, mədəniyyətin də ağırlığını öz çiyinlərində çəkəcəklər.
Elmin inkişafı üçün dövlət stimul hazırlamalıdır. Gənc elm sahəsinə gələndə özü üçün perspektiv görməlidir. Gənc gəlib akademiyanın iqtisadi yoxsulluğunu əks etdirən vicudunu görəndə elmə gəlməyəcək. Ona görə də ilk növbədə elm müəssisələrinin maddi-texniki şəraiti yaxşılaşdırılmalı, burada çalışanların iş prinsipini yüksəltmək üçün ciddi vəsait ayrılmalıdır. Hesab edirəm ki, əgər dövlət elmə münasibətini tamamiylə dəyişərsə, lazımi şəraiti yaradarsa, elm də inkişaf edər, gənclərimiz də elm sahəsinə gəlməkdə maraqlı olarlar. Bizim çox savadlı, qabiliyyətli gənclərimiz var. Onların elmə gəlməsi və bu sahədə çalışmaları böyük nəticələr verə bilər. Bu səbəbdən də dövlət bütün bunları nəzərə alaraq ciddi islahatlar aparmalıdır.