Şeyx Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi

img

12-11-2010 [12:01]


Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətindən MİA-ya daxil olan təbrikdə deyilir: Bismillahir-rəhmanir-rəhim! Əziz müsəlman bacı və qardaşlarım, möhtərəm həmvətənlərim! Dünya müsəlmanlarının əziz günü - mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Pərvərdigari-Aləmdən rica edirəm. Peygəmbərlər sələfi Həzrət İbrahim əleyhissəlam yadigarı olan Eydül-Əzha ? Qurban bayramı İslam ümmətinin ən müqəddəs və şərəfli günlərindəndir. Bəşər nəslinin Uca Yaradanına təqva və məhəbbətinin, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin təcəssümü olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir. Həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də Azərbaycan məscidlərində dualar edən mömin müsəlmanlar Vətənimizin taleyinin ən çətin anlarında bizə ulu öndər olmuş, millətimizi faciələrdən qurtarmış Heydər Əliyev həzrətlərinin ruhu üçün rəhmət diləyir, onun ən layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin müstəqilliyimizi təmin etmək, xalqımızı firavan gələcəyə aparmaq, Azərbaycanın haqq işinin təntənəsi yolunda fəaliyyətinə yardımçı olmasını Allahdan arzulayırlar. İslami dəyərlərə sahib duran müdrik dövlətçiliyimizin qayğısı sayəsində biz bu mübarək məqamı 2 gün bayram etmək şərəfinə nail olmuşuq. Bu əziz gündə şəhidlərimizin ruhlarına rəhmət diləyərək, Allah-Təalaya torpaqlarımızın işğalçılardan təmizlənməsində, Vətənimizin ərazi bütövlüyünü bərpa etməkdə, Azərbaycanın dövlət bayrağını tezliklə doğma Qarabağda ucaltmaqda bizlərə yardımçı olması üçün dualar edirik. Qaçqın, köçkün, kimsəsiz soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, onun sevincini ehtiyacı olanlara yaşatmaq Allaha xoş gedən savab əməllərdəndir. Şeyxülislam olaraq, Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın nəzərinin üzərimizdə daima bərqərar olmasını diləyirəm. Allah-Təala qurbanlarımızı qəbul, ülvi niyyətlərimizi müstəcab etsin, inşallah! Amin! Allah Qurban bayramımızı mübarək etsin! Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA