Azərbaycanda ət və ət məhsullarının qiymətləri bahalazıb

img

10-11-2010 [05:07]


Seçkidən sonra ciddi qiymət artımlarının baş verəcəyi gündəmin əsas müzakirə mövzularından biri kimi qalmaqdadır. Artıq oktyabr ayının alternativ inflyasiya hesablamaları ərzaq məhsullarının bahalaşdığını göstərir. Noyabr, dekabr aylarında artımların davam edəcəyi istisna olunmur. Xüsusilə nəzərə alsaq ki, qarşıdan bayramlar gəlir, bahalaşma ölkə üçün xarakterik prosesə çevrilib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (ISIM) rəhbəri Vüqar Bayramov noyabr ayının əvvəlindən bir sıra məhsulların qiymətində artımların müşahidə edildiyini söyləyir. Xüsusilə ət və ət məhsullarının qiymətinin son 5 ildə rekord səviyyədə bahalaşdığını vurğulayan iqtisadçı satıcıların bunu yem və yem məhsullarının, eləcə də nəqliyyat xərclərinin artrması ilə əlaqələndirmələrinə müsbət yanaşmır: ?Bütün hallarda bu artımlar qarşıdakı bayramlarla bağlıdır. 2009-cu ildə bayramların gəlişinin qiymətlərə təsiri minimum olsa da, cari ildə situasiya fərqlidir?. V.Bayramov növbəti həftədən bir sıra məhsulların qiymətində artımların davam edəcəyini düşünür: ?Bu həm də ərzaq məhsullarına tələbatın artması ilə bağlıdır. Digər tərəfdən artıq dünya bazarında bir sıra məhsulların qiymətində artımlar müşahidə edilməkdədir. Hansı ki, bu ölkəyə idxal olunan məhsulların qiymətini də artıracaq. Düzdür bəzi məhsullar var ki, ölkədə istehsal olunur. Amma yerli istehsalın ərzaq məhsullarında payı aşağıdır?. Ekspert deyir ki, bəzi dövlət qurumları qiymət artımlarının qarşısının alınması əvəzinə bahalaşmanı sürətləndirən, eləcə də şərtləndirən addımlar atırlar: ?Dövlət Baytarlıq Xidməti Qurban bayramında rayonlardan ölkəyə gətiriləcək ət məhsulları üçün yerli baytarlıq xidmətlərindən xüsusi arayışın alınmasını tələb edir. Bu da rayonlardan gətirilən ət məhsullarının qiymətinin artmasına səbəb olacaq. Çünki bütün hallarda arayışın alınması əlavə xərcdir?. Mütəxəssisin fikrincə, baytarlıq xidmətinin bu sahədə fəaliyyətini möhkəmləndirməsi vacibdir: ?Amma nəzərə almaq lazımdır ki, belə addımlar atmazdan əvvəl Baytarlıq Xidmətinin özünün öz fəaliyyətinə nəzarəti gücləndirməsi, bu sahədə ciddi nizam-intizam yaratması lazımdır?. Dünya bazarında şəkərin, çayın, düyü və buğda məhsulları qiymətinin bahalaşmasının müşahidə edildiyini deyən iqtisadçı bildirir ki, bu həmin məhsulların istehsal həcminin aşağı düşməsindən irəli gəlir: ?Yalnız son 1 ayda dünya bazarında çayın qiyməti 8 faiz artıb. Düyünün qiymətində 6 faiz, buğdanın qiymətində 8-14 faiz təşkil edib?. Onun sözlərinə görə, bahalaşmanın qarşısını almaq üçün İqtisadi İnkişaf Nazirliyinin süni qiymət artımlarına qarşı mübarizəni genişləndirməlidir: ?İndiki halda baş verən artımlar süni qiymət artımlarıdır. Hər hansı iqtisadi faktorla əsaslandırıla biməz. Yeri gəlmişkən, əksər müsəlman ölkələrinə Qurban bayramında ət və ət məhsullarının qiymətində endirimlər edilir". V.Bayramov hazırkı qiymət artımlarının parlament seçkiləri ilə heç bir əlaqəsi olmadığını düşünür: ?Çünki parlament seçkilərində namizədlərin kampaniyaya ayırdıqları vəsaitlərin həcmi əvvəlki seçkilərlə müqayisədə xeyli aşağı idi. Dövriyyədə pul artımına iqtisadi baxımdan təsir göstərmək imkanına malik deyil. Bundan əlavə indiki seçkilərdən sonrakı vəziyyət ötən seçkilərlə müqayisədə fərqlidir. Hökumətin seçkidən sonra ciddi qiymət artımlarına gedəcəyi gözlənilmir. İlin sonuna qədər tənzimlənən qiymətlərin artırılması yönündə qərarın qəbulu baş verməyəcək. Bununla belə güman edilir ki, 2011-ci ilin əvvəlində bir sıra sahələrdə qiymətlərin artırılması məsələsi Tarif Şurası tərəfindən müzakirə olunacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA