Əhməd Yəsəvi adına Türkiyə-Qazaxıstan Beynəlxalq Universitetində Azərbaycan bölməsi yaradılıb

img

07-11-2010 [03:47]


[b]"Turan" diaspor mərkəzində formalaşdırılan Azərbaycan bölməsi orada təhsil alan əcnəbi tələbələrə ölkəmizin həqiqətlərini təbliğ edəcək [/b] Qazaxıstanda fəaliyyət göstərən Əhməd Yəsəvi adına Qazaxıstan-Türkiyə Beynəlxalq Universitetində "Turan" diaspor mərkəzi yaradılıb. Mərkəzin tərkibində bütün türkdilli dövlətlərin təbliğatını aparacaq və hər biri üç nəfər tərkibdən ibarət bölmələr də formalaşdırılıb. Sözügedən universitetin "Mühasibat uçotu və audit" fakültəsinin 4-cü kurs tələbəsi Tariyel Əhmədovun verdiyi məlumata görə, ali təhsil ocağının tərkibində yaradılan "Turan" dispor mərkəzindəki Azərbaycan bölümünə də 3 nəfər nümayəndə seçilib: "Bizim üçün fəxredicidir ki, universitetin Türkiyə tərəfindən rektoru Mahir Nakip də bizim bölümə seçilib. Rektorla bərabər, mən və bir qız da bölümdə təmsil olunuruq". Tariyel Əhmədovun sözlərinə görə, bölümün yaradılmasında məqsəd universitetdə Avropa dövlətləri də daxil olmaqla, müxtəlif ölkələrdən təhsil alan tələbələrə ölkəmizlə bağlı həqiqətləri, həmçinin, ölkəmizin potensialı, onun inkişafı, o cümlədən ermənilərin işğalçılıq siyasəti haqda ətraflı bilgilər veriləcək: "Artıq lazımı məlumatların toplanılması istiqamətində əməli fəaliyyətə keçmişik. Çox istərdik ki, Azərbaycanın Diaspora Komitəsi də bizimlə əlaqə yaradıb, öz tövsiyələrini və təbliğat məlumatlarını versinlər". Tariyel Əhmədov onu da bildirib ki, hər il Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən bu universitetə qəbullar keçirilir: "Biz də çalışacağıq ki, ildən ilə azərbaycanlıların bu universitetə axını yüksəlsin. Çünki bu halda bizim burada apardığımız təbliğatlar, gördüyümüz işlər müvəqqəti deyil, daimi xarakter alacaq. Hesab edirəm ki, kifayət qədər əhəmiyyətli olan bu iş o zaman daha səmərəli sayıla bilər". Hazırda hər il Azərbaycandan universitetə 5-15 nəfər arası tələbə qəbul olunduğunu da sözlərinə əlavə edən Tariyel Əhmədov bildirib ki, əcnəbi tələbələr Azərbaycanı əsasən neft və qaz ehtiyyatlarına görə tanıyırlar: "Biz isə onlara Azərbaycanın digər tükənməz sərvətləri, iqtisadi potensialı haqda bilgi verməklə bərabər, əsas gücümüzü Qarabağ həqiqətlərinin olduğu kimi tanınmasına yönəltmişik. Bir sözlə, Azərbaycanın Qafqazın lider dövləti olduğunu faktlarla xarici tələbələrin diqqətinə çatdırıb, ölkəmizin hərtərəfli təbliğinə nail oluruq. "Turan" diaspora mərkəzinin yaradılması isə bu işin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsinə imkan verir". T.Əhmədov onu da bildirib ki, oktyabrin 25-27-si arası universitetdə Türk Dünyası Gənclər Birliyinin Forumu keçirilib. Azərbaycan, Türkiyə, Qırğızıstan və Rusiyadan gələn qonaqların iştirakı ilə forum çox möhtəşəm alınıb: "Həmin tədbirdə Azərbaycandan sözügedən birliyin Azərbaycan təmsilçisi Vüsalə Təhməzova və Əkbər Qoşalı iştirak edirdilər. Universitetin Qazaxıstan tərəfindən rektoru Lesbek Tahsimov məni onlara qazax dilində tərcüməçi kimi verdi. Konfrans, toplantı və şəxsi görüşlərində onlara tərcüməçilik etdim. Qeyd edim ki, foruma Qazaxıstanın böyük şairləri və deputatları qatılmışdılar. Sonda isə forumun qərarı ilə 3 türkiyəli tələbə və məni universitet rəhbərliyi Azərbaycan və Türkiyənin Qazaxıstandakı səfirliklərinə ezma edəcəklər. Bundan əlavə, yaxın vaxtlarda Azərbaycan və Türkiyədən universitetə ya deputatlardan, ya da dövlət adamlarından qonaqlar dəvət edəcəyik. Çünki türkiyəli tələblərlə birlikdə universitetdə Qarabağ haqqında böyük bir toplantı keçirəcəyik". Xatırladaq ki, sözügedən universitet 1991-ci ildə türkdilli dövlətlərin, həmçinin, dünyanın müxtəlif ölkələrində yaşayan türk əsilli insanların əlaqələrinin daha da yaxınlaşması üçün Türkiyənin o vaxtkı prezidenti Süleyman Dəmirəlin təklifi ilə Türkiyə və Qazaxıstan dövlət başçılarının birgə sazişi əsasında yaradılıb və dövlət universiteti statusuna sahiblənib. Qazaxıstanda fəaliyyət göstərən, ancaq türkiyəli elm adamlarının rəhbərlik etdiyi universitetdə 7 türkdilli dövlətin tələbələri ilə bərabər, dünyanın müxtəlif ölkələrində yaşayan türkdilli tələbələr Türkiyə dövlətinin hesabına yüksək səviyyəli təhsil alırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA