ADU-nun 445 tələbəsi pedaqoji təcrübəni baza vurub

img

05-11-2010 [04:46]


Noyabrın 5-də Azərbaycan Dillər Universitetində (ADU) 1 və 2 saylı İngilis dili, Alman və Fransız dili fakültələrinin IV kurs tələbələrinin pedaqoji təcrübəsinin yekunlarına həsr olunmuş konfrans keçirildi. Konfransda ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov, 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev, 2 saylı İngilis dili fakültəsinin dekanı, dosent Vəfa Bənnayeva, Alman dili fakültəsinin dekanı, dosent Ulduz Aslanova, eləcə də pedaqoji təcrübədən qayıdan tələbələr iştirak edirdi. Konfransda çıxış edən ADU-nun Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov pedaqoji təcrübənin tələbələrin gələcək karyeralarında vacib rol oynadığını, bilik və bacarıqlarının üzə çıxarılmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. İndiyədək həyata keçirilən pedaqoji təcrübələrin uğurlu başa çatdığını vurğulayan prorektor bu təcrübənin də yüksək səviyyədə həyata keçirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırdı. O, əldə olunan uğurlarda əməyi olan pedaqoji təcrübə rəhbərlərinə, eləcə də təcrübədə iştirak edən tələbələrə ADU-nun rektoru, professor Səməd Seyidovun təşəkkürlərini çatdırdı. Sonra söz alan 1 saylı İngilis dili fakültəsinin IV kurs tələbəsi Fatma Qurbanzadə pedaqoji təcrübə müddətində apardığı müşahidələrlə bağlı fikrlərini konfrans iştirakçıları ilə bölüşdü. F.Qurbanzadə bildirdi ki, 3 il müddətində mənimsənilən bilik və bacarıqların praktik şəkildə tətbiqi önəmli rol oynayır. O, Milli Pedaqogikanın tədris prosesinə bəxş etdiyi yeniliklərin tələbənin müəllim kimi yetişməsində mühüm rol oynadığını vurğuladı. 1 saylı İngilis dili fakültəsinin tələbəsi təcrübə zamanı şagirdlərlə müxtəlif mövzularda disputların da keçirildiyini qeyd etdi. Digər çıxış edən tələbələr də pedaqoji təcrübə müddətində nəzəriyyədə mənimsənilən biliklərin, yeni ideyaların və təlim metodlarının təcrübədə tətbiq edilməsindən və təcrübənin uğurla keçməsindən danışdılar. Konfrans zamanı 115 saylı məktəbdə pedaqoji təcrübə prosesindən bəhs edən slayd da nümayiş olundu. 1 saylı İngilsi dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev isə çıxışında bildirdi ki, pedaqoji təcrübənin uğurla keçməsi ADU-da tətbiq olunan təhsil modelinin effektiv nəticəsindən xəbər verir. ADU-nun Pedaqogika kafedrasının müdiri, professor Nurəddin Kazımov Milli Pedaqogikada tətbiq olunan yeniliklərdən söz açdı. O, tələbələrin nailiyyət əldə etməsində Milli Pedaqogikanın əsas prinsiplərinin vacib rol oynadığını bildirdi. Sonda çıxış edən ADU-nun Pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev təcrübənin yekunları ilə bağlı hesabatını təqdim etdi. O, 44 saylı orta ümumtəhsil məktəbində təcrübə keçən 409-cu qrup tələbələrinin məktəb müdiriyyəti tərəfindən Tərifnamə ilə təltif edildiyini vurğuladı. B. Həmzəyev qiymət cədvəllərinin hazır olduğunu və fakültələrə verildiyini dedi. Rəhbərlik etdiyi pedaqoji təcrübənin yüksək səviyyədə keçdiyini bildirən Bəxtiyar Həmzəyev bu uğurun qazanılmasında rolu olan pedaqoqlara öz minnətdarlığını bildirdi. Qeyd edək ki, 2010-2011-ci il tədris ilində ADU-nun 447 tələbəsi Bakının 37 məktəbində pedaqoji təcrübə keçib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA