31-10-2010 [04:12]
Müxalifət parlament seçkilərində aktiv iştirak etməyə çalışır. Təbliğat-təşviqat kampaniyası tam demokratik şəraitdə keçməsə də, müxalifət nümayəndələri mümkün qədər fikirlərini, görə biləcəkləri işləri seçicilərin diqqətinə çatdırırlar.
69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən "Qarabağ" blokunun vahid namizədi, Aydınlar Partiyasının sədri Qulmahüseyn Əlibəyli şərtlərin ağır olduğunu desə də, mübarizəni sona qədər aparmağın tərəfdarıdır.
- Bütövlükdə götürəndə hazırkı seçkilər olduqca sönük və zəif keçir. Digər tərəfdən, seçkiyə qatılmaq istəyənlərin xeyli hissəsinin qanunsuz olaraq prosesdən uzaqlaşdırılması da bu sönüklüyə səbəb olan amillərdən biridir. Eyni zamanda icra hakimiyyəti orqanlarının seçkiyə kobud müdaxiləsi də vəziyyəti ağırlaşdırır. Düzdür, imza toplanması dövründə ölkə miqyasında qanun pozuntuları qeydə alınmadı. Qeydə alınma mərhələsi isə tamamiylə özbaşınalıq şəraitində keçdi, hakimiyyət sadəcə olaraq, istədiyi adamı qeydə aldı, istədiyini yox. Hakimiyyət tərəfindən irəli sürülən namizədlərin əksəriyyəti isə olduqca zəifdirlər. Onların səsləndirdikləri şablon ifadələrdir, hamıya yazılıb verilib, eyni sözləri deməlidirlər, eyni rəqəmləri sadalamalıdırlar, müxalifəti eyni qaydada söyməlidirlər. Yəni təxminən forma, standart müəyyənləşib. Seçki kampaniyasının indiki gedişi bəlkə də kənardan normal görünə bilər, amma faktiki olaraq, seçkidən əsər-əlamət yoxdur. Fəal kampaniya aparan namizədlərin işinə icra strukturlarının müdaxilələri göz qabağındadır. Görüşlərə maneə yaradılması, ayrı-ayrı namizədlərin vəkillərinə, səlahiyyətli nümayəndələrinə hədə-qorxuların gəlinməsi və s. Azərbaycanın seçki praktikasına uyğun hallardır. Bu səbəbdən də təəccüblənməyə dəyməz.
[b]- Qulamhüseyn bəy, ötən müsahibənizdə bildirmişdiniz ki, hakimiyyət budəfəki parlament seçkiləri ilə bağlı taktikasını müəyyənləşdirməyib. İndi isə bir sıra detalları qeyd etdiniz, ümumilikdə hakimiyyətin seçki taktikası nədən ibarətdir? [/b]
- Hakimiyyətin seçki taktikası parlament seçkilərini cəmiyyətdə əhəmiyyətsiz hadisəyə çevirməkdir. Bununla yanaşı, mübarizə apara biləcək, əslində parlamentari funksiyasını yerinə yetirmək iqtidarında olan müxalifətin və müstəqil şəxslərin xeyli hissəsini zorla uzaqlaşdırmaq və səsvermə gününə qədər öz namizədlərini əksər dairələrdə təyin etmək bu taktikanın əsas prinsipdir. Təşviqat taktikasına gəlincə, hər şey göz qabağındadır. Ancaq iqtisadi yüksəlişdən danışmaq, müxalifət və onun nümayəndələrini, daha dəqiqi, 92-93-cü il hakimiyyət illərini söymək hakimiyyətin təbliğat taktikasının tərkib hissəsidir. Hesab edirəm ki, bu, çox uğursuz və zəif taktikadır. Çünki seçkilərin əhəmiyyətinin azaldılmasına yönəldilmiş hər bir addım, hakimiyyətin özünə başaşağılığı gətirir.
[b]- Müxalifət seçkinin saxtalaşdırılacağını bəyan edir. Bu mənada hansı saxtalaşdırma taktikasına əl atıla bilər? [/b]
- Düşünürəm ki, ənənəvi saxtalaşdırma taktikasından istifadə olunacaq. Burada iki əsas taktika var, biri xüsusi nümayəndələr vasitəsi ilə "karusel" üsulundan istifadədir, digəri isə daha qədim üsul - bülletenləri topa ilə qutulara salmaqdır. Ən asan üsullardan biri də, vaxtiylə Azərbaycanda tətbiq olunmuş variantdır - yəni istənilən rəqəmləri yazmaqdır. Belə olduqda, bülletenlər sayılmır, yuxarıdan hansı göstəriş gəlirsə, ona uyğun protokol hazırlanır. Çox güman ki, hakimiyyət bu dəfə əksər dairələrdə bu taktikdan istifadə edəcək, yəni qutulara daha çox bülleten salınacaq və rəqəmləri öz istədikləri kimi yazacaqlar.
[b]- Məlum olduğu kimi, müxalifət bir neçə blokla seçkiyə getdi. Necə düşünürsünüz, müxalifətin pərakəndə olması hakimiyyətə daha çox qanunsuzluq etmək imkan yaratmadımı? [/b]
- Yaxşı olardı ki, müxalif qüvvələrin hamısı bir araya gəlib, ya bir, ya da iki blokla seçkidə iştirak edəydi. Hamının bir blokda çıxış etməsi də müəyyən problemlər yarada bilərdi, çünki keçmiş təcrübədə bu cür problemlər yaşanıb. Bu baxımdan müxalifətin iki blok şəkilində seçkiyə getməsi məqsədəuyğun olardı. Yəni bu mənada müxalifət qüvvələrinin səsləri ayrı-ayrı dairələrdə parçalanmazdı. Ancaq bir məsələ var, müxalif qüvvələr bir arada olsaydı da, hakimiyyət taktikasını dəyişməyəcəkdi. Hakimiyyətin taktikası odur ki, güclü namizədlərin bir hissəsi seçkiyə buraxılmamalıdır, təbii ki, hamının buraxmamaq da qeyri-mümkündür. Elə öz daxilindən də parlamentdə söz deyə bilən adamların namizədliyi bu dəfə verilməyib. Verilən namizədlərin əksəriyyəti isə proqramlarını üzündən oxumağı bacarmayan adamlardır. Yəni necə olursa-olsun, hakimiyyətin taktikası dəyişməyəcəkdi. Bu mənada müxalifətin bir araya gəlib-gəlməməsinin heç bir əhəmiyyəti yoxdur.
[b]- Ümumiyyətlə, demokratik şərait olsa, müxalifətin bu seçkini udmağa gücü çatarmı? [/b]
- Baxmayaraq, hazırda müxalifət dağınıqdır, 2005-ci ilə nisbətən zəifdir, hər halda bir çox dairələrdə demokratik seçki keçiriləcəyi təqdirdə seçkiləri udmaq şansı var. Müxalifətin nüfuzlu namizədləri var ki, seçki kampaniyasını təşkil edə, yaxşı təbliğat apara bilirlər. Eyni zamanda, əhalinin böyük hissəsinin hakimiyyətdən narazı olduğunu nəzərə alıb, amma onların passivliyini aradan qaldırmaq üçün müəyyən tədbirləri həyata keçirirlər. Məsələn, insanları səfərbər edib, seçkiyə gəlməyin vacibliyini inandıra bilirlər. Bu mənada hesab edirəm ki, müxalifətin qalib gəlmək şansı çox yüksəkdir. Əgər bu dəfə protokol dəyişmək yox, müəyyən qədər demokratik seçki olsa, müxalifət qalib gələ bilər. Təəssüf ki, hakimiyyət seçkiyə nəzarət edir. Belə halda isə ya protokol dəyişməklə, yaxud da bülleten atmaqla, öz namizədlərinin qalib olmasını təmin edirlər.
[b]- Qulamhüseyn bəy, artıq təbliğat-təşviqat kampaniyası başa çatmaq üzrədir. Namizəd olduğunuz dairədən Sizin kampaniya necə gedir? [/b]
- Təbliğat kampaniyası normal gedir. Düzdür, ilk dövrlərdə yerli icra orqanları tərəfindən görüşlərin keçirilməsinə müəyyən maneçilik cəhdləri oldu. Daha dəqiqi, insanlara görüşə gəlməyə imkan verməməyə çalışdılar, amma buna baxmayaraq görüşlərimizi keçiririk. İnsanlar maraq göstərirlər. Bəzi adamlar üçünsə məcburi görüşlər təşkil edirlər, amma məcburi görüşlə, əhalinin istəkli görüşləri bir-birindən fərqlənir. İnsanlar müxalifət nümayəndələrinin parlamentdə nəyi etmək, hansı fikirləri səsləndirmək istədiklərini öyrənməyə çalışırlar.
Təbii ki, əhalinin müəyyən problemələri var. Bunlar işsizlik, yolsuzluq, elektrik enerjisi, əmək haqları, pensiya və müavinətlə bağlı problemlərdir. Onlar görüşlərdə bu problemləri səsləndirirlər. İstəyirlər ki, parlamentdə bu problemlər gündəmə gəlsin, seçdikləri deputatlar bu problemlərin həlli istiqamətində Milli Məclisdə məsələ qaldırsınlar. Təbii ki, görüşlərdə müəyyən fərdi problemlər də səslənir, onlar namizəddən, yaxud deputatdan kömək istəyirlər. Biz də öz fikirlərimizi, problemlərin həlli ilə bağlı sözümüzü deyirik. Görürük ki, bizim fikirlərimizlə əhalinin əksəriyyətinin fikirləri üst-üstə düşür.
[b]- Siz əvvəllər deputat olmusunuz, bu, Sizə təbliğat-təşviqat işində hər hansı divident verirmi? [/b]
- Mən daha çox görmək istədiyim işlər barədə danışıram. Hesab edirəm ki, deputat olduğum dövrdə gördüyüm işlər barədə kampaniya ərəfəsində danışmağım uğursuz taktika olardı. Ona görə də deputat seçiləcəyim təqdirdə gələcəkdə hansı işləri görəcəyim və hansı məsələləri qaldırmaq istəyim barədə danışıram.
[b]- Görüşlərdə qarşı tərəfdən, yəni seçicilərdən hansı mesajı alırsınız? [/b]
- Keçirdiyim kollektiv və fərdi görüşlərdə insanlarda mənə qarşı müsbət əhval-ruhiyyə hiss eləmişəm, əksəriyyət də bildirir ki, mənə səs verəcəklər. Bu baxımdan hesab edirəm ki, seçkiyə gələcək insanların əksəriyyətinin səsini indidən qazanmışam.
[b]- Seçki qərargahınızın yaydığı məlumata görə, kampaniya dövründə Sizə müəyyən maneələr yaradılır, eyni zamanda hakimiyyətin dəstəklədiyi Fəzail İbrahimlinin xeyrinə iş gedir... [/b]
- İlkin dövrlərdə belə cəhdlər oldu. Qeydə alınma mərhələsində nümayəndələrimiz təhsil şöbəsinə çağırıldılar. Təhsil şöbəsinin müdiri tərəfindən onlara təzyiq olundu. Sonra təhsil şöbəsinin müdiri icra başçısı ilə əlaqə yaradıb, o da bizim nümayəndələrə hədə-qorxu gəlib ki, hakimiyyətin namizədi olmayan şəxsin kampaniyasını aparırsınız, bunun mənfi nəticəsi ola bilər. Cəlilabad rayon təhsil şöbəsinin müdiri də nümayəndələrimizə təzyiqlər elədi. Hətta onları dövlət çevrilişən cəhddə ittiham etməyə çalışıb. Son dövrlər isə hər hansı probem yoxdur. Hansısa namizədin xeyrinə təbliğat aparmağa gəlincə, belə faktları mən də eşidirəm. Ancaq mən diqqətimi bu kimi məsələlərə yox, öz təbliğatımızı aparmağa, işimizlə məşğul olmağa yönəldirəm. Bütün seçkilərdə hakimiyyət bu və ya digər namizədin xeyrinə işləyir. Amma bu o demək deyil ki, bütün diqqətimizi ona yönəltməliyik.
[b]- Hakimiyyətin inzibati resursları ilə, Sizin resurslarınızın mübarizəsi nə ilə nəticələnə bilər? [/b]
- Nəticəni qabaqcadan demək çətindir. Bizim dairədən ən şanslı namizəd hesab olunuram. Hakimiyyət seçkini saxtalaşdırmaq qərarı verəndən sonra fərqi yoxdur ki, kimin xeyrinə təbliğat aparılır. İndi hakimiyyət qərar versə, nəticlər bir nəfərin xeyrinə olacaq. Ümid etmək istəyirəm ki, hakimiyyət saxtakarlıq qərarı verməsin. Bir də ki, elə dairələr olacaq ki, o dairənin real nəticələri nəzərə alaıncaq. Belə dairələrdən biri bizimki olacaq, ya olmayacaq, onu deyə bilmərəm. Bəlkə mənim hansısa sözüm, çıxışım xoşlarına gəlmədi, dedilər ki, bu dairədən filankəs seçilməlidir. Onda deməli, seçkinin nəticələrini seçicilər yox, hakimiyyət müəyyənləşdirəcək.
[b]- Siz eyni zamanda "Qarabağ" blokunun namizədisiniz. Bu amilin önmi nə dərəcədədir? [/b]
- Seçkiyə blok şəklində getmək hər bir partiyaya müəyyən üstünlüklər verir. Biri var, bir partiya öz resursları hesabına təbliğat-təşviqat kampaniyası aparsın, biri də var müvafiq dairələr üzrə digər partiyaların resurslarından da istifadə edəsin. Məsələn, təkbaşına getsəydik, təkcə Aydınlar Partiyasının nümayəndələri hesabına təbliğat aparacaqdıq, indi isə bu prosesə ADP-nin də, "Ümid"in də fəallarını cəlb etmişdik. Bu baxımdan hesab edirəm ki, bizim insan resurslarımız genişlənib. Düzdür, biz yüzdən çox namizəd vermişdik, onlardan cəmi 31-i qeydə alınıb. Hər halda seçkidə blok şəklində iştirak etmək daha səmərəlidir.
[b]- Son olaraq seçicilərə hansı çağırışı etməyi nəzərdə tutursunuz? [/b]
- Mən bütün seçiciləri seçkiyə dəvət edirəm. Elan edirəm ki, ilk növbədə mənə görə yox, seçkiyə gəlin ki, öz istədiyinizi seçəsiniz. Çünki seçici seçkiyə çox gələndə saxtakarlıq imkanı bir qədər azalır. Düdür, hakimiyyətin əlində saxtalaşdırmaq imkanı çoxdur. Hər halda seçicilərin əksəriyyətinin seçkiyə gəlməsi hakimiyyəti çətin duruma sala bilər. Ona görə də hər kəsi seçkiyə dəvət edirəm. Əgər bütövlükdə Azərbaycan üzrə seçicilərə müraciət etsəm, deyirdim ki, "Qarabağ" blokunun namizədlərinə səs verin. Çünki "Qarabağ" blokunun namizədlərinin parlamentdə görəcəyi işlərlə bağlı müəyyən fikirlər var və bununla bağlı əhali arasında rəy yaradılıb. İndi "Qarabağ" blokunun da namizədləri 30 dairədədir. İnsanlar həmin dairələrdə digər müxalifət qüvvlərinə, xeyli sayda bitərəf namizədlərimiz var ki, onlara səs verə bilərlər. Bütün hallarda insanlar aktiv olub, prosesdən kənarda qalmamalıdır. Kim indiki vəziyyətdən narızıdırsa, əks mövqedə olan, bu gün mövcud problemləri həll edə biləcək şəxslərə səs versin.