Ombudsman Aparatının nümayəndələri və ATƏT eksperti cəzaçəkmə müəssisəsinə baxız keçiriblər

img

30-10-2010 [02:19]


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), ATƏT-in Bakı Ofisinin birgə təşkilatçılığı ilə Ombudsmanın yanında yaradılmış İşgəncələr Əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri üçün MPM-in fəaliyyətinin gücləndirilməsinə yönəlmiş dörd günlük treninq-seminar keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, aparatın bütün əməkdaşlarının iştirakı ilə keçirilən tədbirin ilk günü Ombudsman Elmira Süleymanova və ATƏT DTİHB-nin eksperti Liana Adler treninq-seminarın məqsəd və məramını açıqlayıb. E. Süleymanova nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən ATƏT və bu qurumun Bakı Ofisi ilə sıx əməkdaşlıq əlaqələri yaratdığını, həmin ofisin Azərbaycan hökumətinə insan hüquqlarının müdafiəsi, habelə işgəncə və pis rəftar hallarına qarşı mübarizədə kömək göstərdiyini, Ombudsmanın fəaliyyətinə dəstək verdiyini diqqətə çatdırıb, ATƏT-lə birgə bu istiqamətdə birgə konfrans və seminarların keçirdiyini söyləyib. Tədbirdə hazırda Müvəkkilin MPM qismində daha səmərəli fəaliyyət göstərməsini təmin etmək üçün Ombudsman Aparatında yeni struktur vahidinin yaradılmasının nəzərdə tutulduğu, tərkibinin və əsasnaməsinin hazırlandığı vurğulanıb. Müvəkkil bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsinin vacibliyini vurğulayış, bununla əlaqədar Milli Məclisə təkliflər göndərdiyini söyləyib, Ombudsmanın təkliflərinin nəzərə alınmaqla, MPM-in fəaliyyəti sahəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi üzrə tədbirlər görüləcəyi barədə məlumat verib. E.Süleymanova qeyd edib ki, müvafiq sahədə beynəlxalq əməkdaşlığın qurulmasına da xüsusi əhəmiyyət verilib, Ombudsman və Aparatın əməkdaşları işgəncələrlə mübarizə məsələlərinə həsr olunmuş bir neçə beynəlxalq tədbirdə iştirak ediblər. Liana Adler MPM-yə dair milli qanunvericiliyin təkmilləşdirilməsi, BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt-komitəsinin (SPT) və İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) rolu, MPM prinsiplərinin qısa xülasəsi, beynəlxalq, regional və yerli səviyyədə aidiyyəti qurumlar arasında əməkdaşlıq, birgə səfərlər barədə məlumat verib, həmçinin, tədbir çərçivəsində Azərbaycan MPM-nin fəaliyyətinin nəzərdən keçirilməsinin, onun daha da gücləndirilməsinin və vətəndaş cəmiyyəti iştirakçılarının fəaliyyəti ilə əlaqələndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb. Dörd gün davam edən tədbirlər zamanı ATƏT-in ekspertinin iştirakı ilə MPM tərəfindən baxışların keçirilməsi metodikası, müvafiq hesabatların hazırlanması, eləcə də dövlət orqanları və QHT sektoru ilə əlaqələrin qurulması perspektivlərinin inkişaf etdirilməsi və s. məsələlər müzakirə olunub. Tədbir çərçivəsində Ombudsman və MPM qrupunun üzvləri L.Adlerin iştirakı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinə və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlama təcridxanasına (MST) başçəkmə həyata keçiriblər. Cəzaçəkmə müəssisəsində məhkumların və MST-də saxlanılan şəxslərin saxlanma şəraiti və vəziyyəti öyrənilib. Bir sıra məhkumlarla və MST-də saxlanılan şəxslərlə söhbət zamanı onlar saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər. Saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı həmin müəssisələrin rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA