Səlim Müslümov cari ilin ötən 9 ayının yekunlarına dair hesabat verdi

img

29-10-2010 [03:51]


Bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov cari ilin ötən 9 ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. S.Müslümov deyib ki, yanvar-sentyabr aylarında ölkədə əhalinin pul gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 11,3%, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 6,6%, əmək pensiyasının orta aylıq məbləği isə 11,1% artıb: ?Azərbaycanda yeni sığorta-pensiya sistemi fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4 dəfə artıb. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edilməklə növbəti dəfə 13,6 faiz artırılması təxminən 1 milyon 254 min 200 nəfər pensiyaçıya şamil olunub. Hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 106 ABŞ dolları təşkil edir ki, bu göstəriciyə görə, Azərbaycan MDB-də ikinci yeri tutur?. S.Müslümov onu da bildirib ki, cari ilin ötən dövrünün nəticələrinə əsasən, ölkə üzrə pensiyanın orta aylıq məbləği 111 manat təşkil etdiyi halda, yeni təyin olunan pensiyalar üzrə orta aylıq məbləğ 162 manat olub. Bundan başqa Fond sədri qeyd edib ki, hesabat dövründə kəndlərdə plastik kartla pensiya alanların sayı 7803 nəfər artıb. Hazırda şəhərdə yaşayan pensiyaçıların 100 faizi, kənd əhalisinin isə 97,6 faizinin pensiyaları plastik kartlarla ödənilir: ?Fond tərəfindən 9 ay ərzində əlavə olaraq 122 082 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 762 min nəfərə yüksəlib. Fondun mərkəzi məlumat bazasında ölkə əhalisinin üçdə biri, yəni 1 milyon 287 min nəfər pensiyaçı və 1 milyon 760 min nəfərdən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb?. S. Müslümov həmçinin qeyd edib ki, Azərbaycanda 1 oktyabr 2010-cu il tarixinə əmək pensiyası alan şəxslərin sayı 1 milyon 287 min nəfər təşkil edir. Onlardan 512 min nəfəri kişi, 775 min nəfəri qadındır. Əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 10,3 min nəfər təşkil edir. Ümumilikdə əmək pensiyaçılarının 133 min nəfəri işləyən pensiyaçılardır: ?Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 318 min nəfər, yaşa görə əmək pensiyası alanların sayı 832 min nəfər təşkil edir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı 137 min nəfərdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA