ADP-çi namizədlərə qarzı qanunsuzluq davam edir

img

20-10-2010 [04:31]


Qarabağ Blokunun 23 saylı Nəsimi-Səbail seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd İlqar İsmayılovun namizədliyi qeyri qanuni olaraq qeydə alınmadığına görə, Mərkəzi Seçki Komissiyasına ünvanladığı şikayət əsassız olaraq təmin edilməyib. ADP mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, 23 saylı DSK-nın sədri Ağabala Quliyevin imzaladığı 08 oktyabr tarixli qərarda İlqar İsmayılovun namizədliyindən imtina edilməsinə əsas kimi 450 etibarlı imza toplaya bilməməsi və ilkin maliyyə hesabatını təqdim etməməsi göstərilir. Halbuki, onun topladığı imzalardan neçəsinin və hansı səbəbə etibarsız çıxarılması haqqında həmin qərarda heç bir söz deyilmir və imzaların etibarsız sayılması ilə əlaqədar işçi qrupunun rəyi qərara əlavə edilməyib. Eyni zamanda İlqar İsmayılovun DSK-ya lazım olan sənədləri təqdim etməsi ilə əlaqədar Ağabala Quliyevin imzası ilə verilmiş arayışda aydın şəkildə göstərilir ki, namizəd ilkin maliyyə hesabatını dairəyə təqdim etmişdir. Beləliklə də DSK sədri Ağabala Quliyev Qarabağ Blokunun namizədi İlqar İsmayılov haqqında eyni gündə bir-birini təkzib edən iki sənədə imza atmasına baxmayaraq MSK bu faktları nəzərə almamış və namizədin şikayəti əsassız olaraq rədd edilmişdir. 110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən seçki dairələrində də kobud qanun pozuntuları davam etməkdədir. Qarabağ Blokunun 110 saylı dairədən namizədi Mübariz İsmayılova onun namizədliyinin qeydə alınmasından imtina edilməsi haqqında müxtəlif vaxtlarda DSK-nın iki bir-birindən tamamilə fərqli qərarı təqdim edilib. 111 saylı dairədən Blokun namizədi Əyyub Canqayevə isə qeydiyyata alınıb alınmaması ilə əlaqədar bu günədək heç bir qərar təqdim olunmayıb. 26 saylı Sabunçu birinci seçki dairəsindən Qarabağ Blokunun namizədi Eldəniz Xuduzadənin DSK tərəfindən onun namizədliyinin əsassız olaraq qeydə alınmaması haqqındakı şikayətini MSK da analoji qaydada rədd edib. Halbuki E.Xuduzadənin təqdim etdiyi seçici imzalarını etibarsız kimi qiymətləndirərkən işçi qrupu tamamilə subyektiv mülahizələrə söykənmişdi. Misal üçün deyək ki, namizədin imzaları içərisindən 50-dək imza yalnız ona görə etibarsız hesab olunub ki, şəxsiyyət vəsiqəsinin verilmə tarixi qrafasında ili göstərən tarix tam deyil yalnız sonuncu iki rəqəmlə göstərilir ( 12.06.2005 əvəzinə 12.06.05). Eyni zamanda E.Xuduzadənin seçki qərargahından daxil olan məlumatlarda ona imza vermiş vətəndaşların hələ də müxtəlif icra strukturlarında təzyiqlərə məruz qoyulması prosesi də davam etdirilir. 29 saylı Səbail seçki dairəsindən Qarabağ Blokunun qeydə alınmış namizədi Sadıq Həsənova isə seçiciləri ilə görüş keçirməyə imkan verilmir. Belə ki, Sadıq Həsənovdan qanuna zidd olaraq qapalı görüşdən beş gün əvvəl rayon icra hakimiyyətinə müraciət etmək tələb olunub və onun seçki dairəsinə görüşlə əlaqədar müraciəti əsassız olaraq rədd edilib. Bununla yanaşı bu dairədə namizədlərin bərabər təbliğat aparmaq hüququ da kobud şəkildə pozulur və bütün icra strukturlarına bitərəf namizəd olan Fuad Muradovun xeyrinə təbliğat aparılması tapşırılıb .

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA