"Biz buna heç vaxt imkan verməyəcəyik..." - Prezidentdən AXC ilə bağlı tədbirdə mühüm mesajlar

img

28-05-2018 [16:59]


"Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub". 

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda bildirib.

Prezident bildirib ki,  Azərbaycan Xalq Cümhiriyyətimin yaranması mühüm hadisə idi. Dövlət başçısı xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti iiə təbrik edib. Prezident İlham Əliyev vurğulayıb ki, xalqımız müsəlman şərqində ilk respublikanın yaranması ilə haqlı olaraq fəxr edə bilər: "Bu bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, azadlıqsevər və mütərəqqi xalqdır".

Prezident dövlətimizin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə hörmətlə yanaşdığını, onların adlarının əbədiləşdirildiyini, bir neçə il öncə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldıldığını, 2018-ci ilin isə ölkədə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunduğunu bildirib.

Dövlət başçısı Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu xalqımızın böyük faciəsi adlandırıb: "Müstəqillik əldən verilməsə idi, indi Azərbaycan dünyanın ən zəngin ölkələri sırasında ola bilərdi".

Prezident İlham Əliyev vurğulayıb ki, bu bir daha müstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən çətin olduğunu göstərir.

 Prezident İlham Əliyev bugünkü uğurların əsasında xalq-iqtidar həmrəyliyinin dayandığını, ölkəmizin beynəlxalq nüfuzunun və mövqelərinin daha da möhkəmləndiyini bildirib.

Dövlət başçısı 1991-ci ildə ikinci dəfə müstəqilliyə qovuşan Azərbaycanın çətin sınaqlardan keçdiyini, o vaxtkı hakimiyyətin ölkəni idarəolunmaz vəziyyətə saldığını, torpaqlarımızın işğal olunduğunu bildirib.  O, qeyd edib ki, xalqımız nicat yolunu, çıxış yolunu Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü: "Çünki Heydər Əliyev hələ ölkəyə rəhbərliyinin birinci dövründə respublika və xalq üçün böyük işlər görmüşdü. 1990-cı ildə qanlı 20 Yanvar faciəsinə Moskvada öz etiraz səsini ucaltmışdı".

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəlməsindən sonra müstəqillik dayaqlarının möhkəmləndiyini, ölkəmizin inkişaf yoluna qədəm qoyduğunu deyən dövlət başçısı 2003-cü ildən sonra da Azərbaycanın dinamik inkişafının təmin edildiyini, bu gün sözün əsl mənasında müstəqil siyasət yürüdən ölkəyə çevrildiyini vurğulayıb. 

İlham Əliyev çıxışında Ermənistanın işğalçılıq siyasətinə də toxunub. 

İlham Əliyev bildirib ki, görülən kompleks tədbirlər nəticəsində Azərbaycan bu məsələ ilə bağlı siyasi və diplomatik üstünlüyü tam təmin edibdir. Məhz bunun nəticəsidir ki, nə qədər dünya erməniliyi çalışsa da, heç bir dövlət qanunsuz Dağlıq Qarabağ rejimini tanımayıb:

"Biz yaxşı bilirik ki, bu gün beynəlxalq hüququn normaları bir çox hallarda pozulur, işləmir. Güc amili ön plana çıxır və bu, reallıqdır. Ona görə dünya birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləməsi böyük nailiyyətimizdir. Hesab edirəm ki, beynəlxalq hüququn normalarından başqa, burada güclü Azərbaycan amili dayanır. Biz güclü dövlət qura bilmişik. Bir daha demək istəyirəm ki, bizimlə əməkdaşlıq edən və etmək istəyən ölkələrin sayı artır. Bizə hörmət artır, bizim işimizə göstərilən rəğbət göz qabağındadır. Belə bir vəziyyətdə heç bir ölkə qanunsuz rejimlə heç bir əlaqə qura bilməz və biz buna heç vaxt imkan verməyəcəyik. Biz heç vaxt imkan verməyəcəyik ki, tarixi torpağımızda ikinci erməni dövləti yaradılsın".

Prezident vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünün bərpasıdır:

"Biz güclü ordu yaratmışıq. 1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi.

Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir".

Dövlət başçısı deyib ki, sosial dövlət olan Azərbaycanda son illər bu sahədə görülən işlər, icra olunan infrastruktur layihələri bir daha təsdiqləyir ki, ölkəmizin təbii resursları insan kapitalına çevrilir: "Məhz Azərbaycanın təşəbbbüsü ilə nəhəng neft kəmərlərinin istismara verilməsi sahəsində dənizlər nəqliyyat infrastrukturunun qurulması ilə qitələr birləşib. Cənub qaz dəhlizinin icrası, şimal-cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı addımlar atılıb. Bununla da ölkəminiz uzunmüddətli inkişaf strategiyası təmin olunub".

Ölkəmizin dünyada multikultiralizmin mərkəzlərindən biri kimi tanındığını, Azərbaycanın dünyanın idman ölkəsinə çevrildiyini, idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr əldə etdiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu gün müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidir. 

"Cümhuriyyətin qurucuları bunu görsə idilər onlar da ölkəmizlə fəxr edərdilər" deyən dövlət başçısı bir daha bəyan edib ki, Azərbaycan xalqının taleyi öz əlindədir: "Bizim taleyimiz öz əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bugünkü Azərbayacn bir daha onu göstərdi ki, müstəqilliyimiz ən böyük sərvətimizdir, ən büyük xoşbəxtliyimizdir. Müstəqilliyimiz əbədidir".

İlham Əliyev deyib ki, son illərdə Azərbaycanın iqtisadi müstəqilliyi təmin olunub, iqtisadiyyat 3,2 dəfə artıb, böyük valyuta ehtiyatları yaranıb, bunu beynəlxalq reytinqlər də təsdiqləyir: 

"Belə ki, Davos İqtisadi Forumunun hesabatına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerdədir. Bundan əlavə, sosial dövlət olan Azərbaycanda son illər bu sahədə görülən işlər, icra olunan infrastruktur layihələri bir daha təsdiqləyir ki, ölkəmizin təbii resursları insan kapitalına çevrilib. Azərbaycanın təşəbbüsü ilə nəhəng neft kəmərlərinin istismara verilməsi sayəsində dənizlər, nəqliyyat infrastrukturunun qurulması ilə qitələr birləşib. Cənub Qaz Dəhlizinin icrası və Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı addımlar atılıb. Bununla da ölkəmizin uzunmüddətli inkişaf strategiyası təmin olunub”.

Prezident qeyd edib ki, son 15 il ərzində iqtisadi inkişafımız dünya miqyasında rekord səviyyədədir - Azərbaycan iqtisadiyyatı 3,2 dəfə artıb və bu, dünya miqyasında analoqu olmayan inkişafdır: "Biz böyük valyuta ehtiyatlarımızı yaratmışıq. Bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuza bərabər səviyyədədir. Bizim xarici borcumuz o səviyyədədir ki, ehtiyatlarımız xarici borcumuzu 4-5 dəfə üstələyir. Yəni, əgər dünyanın iqtisadi xəritəsinə baxsaq görərik ki, belə göstəricilər çox nadir hallarda baş verir. Bunu biz özümüz yaratmışıq, heç bir yerdən kömək, yardım almadan, düşünülmüş siyasət, atılan düzgün addımlar nəticəsində. Bu gün Azərbaycan iqtisadi cəhətdən tam müstəqil dövlətdir, heç kimdən asılı deyil və məhz buna görə də inamla öz müstəqil siyasətini aparır. Güclü iqtisadi əsaslar gələcəkdə də imkan verəcək ki, Azərbaycan heç kimdən asılı olmayaraq uğurla inkişaf etsin”.”.

İlham Əliyev vurğulayıb ki, ölkənin müstəqilliyini gücləndirən güclü infrastruktur yaradılıb: "O infrastruktur ki, bundan sonra onilliklər ərzində Azərbaycan xalqına xidmət edəcək. Demək olar ki, bütün əsas infrastruktur layihələrini sıfırdan yaratmışıq.Biz dənizləri neft–qaz kəmərləri ilə birləşdirdik. Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə, Aralıq dənizi ilə neft kəmərləri vasitəsilə birləşdi. Bizim təşəbbüsümüzlə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edildi.

Enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrildi. Hazırda Cənub Qaz Dəhlizinin icrası ilə bağlı böyük işlər görülür və sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq. Bu da böyük tarixi qələbəmizdir”.

Prezident təbii ehtiyatlardan da danışaraq bildirib ki, Azərbaycanın təbii qaz resursları ən azı 100 il bundan sonra bizə və bizdən bu əməkdaşlıq nəticəsində faydalanan ölkələrə kifayət edəcək: "Amma buna baxmayaraq, biz yenə də qabağa baxmalıyıq. Biz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişaf strategiyasını təmin etməliyik. Bu məsələ ilə bağlı bizim çox aydın fikirlərimiz, baxışlarımız var”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA