ADU-da Müstəqillik Günü qeyd edildi

img

18-10-2010 [02:01]


Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın verdiyi məlumata görə, oktyabrın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev adına muzey-lektoriyasında Müstəqillik Gününə həsr edilmiş geniş tədbir keçirildi. Tədbirdə Universitetin prorektor, müəllim və tələbələri iştirak edirdilər. Universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev görüşün əvvəlində tədbir iştirakçılarını bayram münasibətilə səmimi qəlbdən təbrik etdi və Azərbaycan xalqının müstəqillik yolunda üzləşdiyi çətinliklərdən, məşəqqətli günlərdən danışdı. Eyni zamanda o, XX əsrin əvvəllərində baş verən tarixi proseslər, repressiya dövründən və yaxın keçmişdə baş vermiş Qarabağ müharibəsindən də söhbət açdı. Bildirildi ki, 19 il bundan öncə Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul olunub. Bu aktın qəbulu ilə ötən əsrin əvvələrində cəmi 23 ay müstəqil olan Azərbaycan yenidən azadlığa qovuşdu. Fəlsəfə kafedrasının professoru Məhəmməd Teymurlu isə tarixi faktlara əsaslanaraq Azərbaycan həqiqətlərini müəllim və tələbələrin nəzərinə çatdırdı. M. Teymurlu müstəqilliyin əldə olunmasında gənclərin mühüm rol oynadığını və müstəqilliyimizin qurucusu Heydər Əliyev siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Digər çıxış edənlər də - Azərbaycan tarixi kafedrasının müdiri Xanməmməd İbrahimov və həmin kafedranın baş müəllimi Qorxmaz Mustafayev Azərbaycanın tarixi keçmişi barədə geniş mühazirə etdilər və gəncləri vətənpərvər olmağa səslədilər. Tədbirin sonunda ADU-nun 6 müəllimi, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin 15 və 1 saylı İngilis dili fakültəsinin 10 tələbəsinə Yeni Azərbaycan Partiyasının (YAP) üzvlük vəsiqələri təqdim edildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA