Oqtay Əsədov parlament seçkiləri üzrə ATƏT-in müzahidəçi missiyasının rəhbərini qəbul edib

img

15-10-2010 [05:12]


Oktyabrın 15-də Milli Məclisin Sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycanda parlament seçkiləri üzrə ATƏT-in müşahidəçi missiyasının rəhbəri Volfqanq Qrossrukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. MM mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, sədr qonaqları səmimi salamlayaraq müstəqil Azərbaycanın dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla addımladığını bildirdi. Qeyd edildi ki, Avropaya inteqrasiya ölkənin xarici siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan nüfuzlu beynəlxalq qurumlar, o cümlədən ATƏT və onun Parlament Assambleyası ilə sıx əməkdaşlıq edir. Biz bu quruma təkcə dialoq forumu kimi deyil, həm də əməli fəaliyyətlə məşğul olan qurum kimi baxırıq. Spiker qeyd etdi ki, dinamik inkişaf edən Azərbaycan həyatın müxtəlif sahələrində mühüm nailiyyətlər əldə etmişdir. İndi ölkə növbəti parlament seçkiləri ərəfəsindədir. Azərbaycanın qanunvericilik orqanında seçkilərin demokratik, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsi üçün müvafiq hüquqi baza yaradılmışdır. İnanıram ki, seçkiləri müşahidəçi kimi izləyəcək missiyanın üzvləri prosesin gedişi zamanı buna əmin olacaqlar. Biz beynəlxalq müşahidəçilərin proseslərə obyektiv mövqedən yanaşaraq, düzgün qiymət verəcəklərinə inanırıq. Səmimi qəbul üçün minnətdarlığını bildirən ATƏT PA-nın seçkiqabağı müşahidə missiyasının rəhbəri Volfqanq Qrossruk Azərbaycan parlamentində olmağından və Bakıda gördüyü inkişafdan məmnun olduğunu dilə gətirdi. Qonaq bildirdi ki, bu onun Bakıya beşinci səfəridir. Hər gəlişində ölkənin necə sürətlə inkişaf etdiyinin şahidi olub. O, Azərbaycana budəfəki səfərinin məqsədini açıqladı. Bildirdi ki, səfər zamanı parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyəti öyrənmək, prosesin gedişini izləmək, Azərbaycan siyasətçiləri ilə görüşlər keçirmək nəzərdə tutulub. Söhbətdə qonaq ATƏT PA ilə Milli Məclis arasında yaranmış əməkdaşlığı yüksək dəyərləndirərək, Azərbaycan nümayəndə heyətinin qurum çərçivəsində gördüyü işləri təqdirəlayiq hesab etdi. Görüşdə tərəfləri maraqlandıran məsələlər arasında fikir mübadiləsi aparıldı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA