Prezident İlham Əliyev “DP World” şirkətinin rəhbərini qəbul edib - Müzakirə

img

09-05-2018 [15:08]


Prezident İlham Əliyev mayın 9-da "DP World” şirkətinin prezidenti Sultan Əhməd bin Sulaimi qəbul edib.

Mia.az xəbər verir ki, Sultan Əhməd bin Sulaim Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir və Dubayın hökmdarı Şeyx Məhəmməd bin Raşid Al Məktumun salamlarını Prezident İlham Əliyevə çatdırıb.

Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçirilən illik konfransında iştirakından məmnunluğunu ifadə edən Sultan Əhməd bin Sulaim bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu və beynəlxalq əməkdaşlıq işinə mühüm töhfə verdiyini vurğulayıb. O, hər dəfə Azərbaycana səfəri zamanı ölkəmizdə böyük inkişaf proseslərinin şahidi olduğunu, Bakıda xarici turistlərin sayının sürətlə artdığını müşahidə etdiklərini deyib.

Prezident İlham Əliyev Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransının Bakıda keçirilməsinin önəmini qeyd edib və bunu beynəlxalq nəqliyyat daşımalarında ölkəmizin rolunun artmasının göstəricisi kimi dəyərləndirib. Dövlət başçısı nəqliyyat infrastrukturu sahəsində Azərbaycanın son illər böyük uğurlar qazandığını deyib. Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, ölkəmizdə turizmin inkişaf etdirilməsi sahəsində də ardıcıl addımların atıldığını, Azərbaycana müxtəlif ölkələrdən, o cümlədən Birləşmiş Ərəb Əmirliklərindən gələn qonaqların sayının durmadan artdığını qeyd edib.

Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazir və Dubayın hökmdarı Şeyx Məhəmməd bin Raşid Al Məktumun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Şeyx Məhəmməd bin Raşid Al Məktuma çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA