Komitə sədri sələfinin ətrafını kənarlaşdırdı - Bəs, müaviniylə bacaracaqmı?

img

30-04-2018 [19:27]


Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilən Rövşən Rzayev komitə dəyişikliklərə başlayıb.

O, artıq sələfi, hazırda Baş nazirin müavini olan Əli Həsənovun dövründən komitə sədrinin köməkçisi işləyən Əkbər Əkbərovu, qurumun Mənzil  istismar departametinin direktoru Akif Mirzəyevi, Komitənin Repatriasiya departamentinin direktoru Elman İsmayılov və bir neçə nəfəri də vəzifələrindən azad edib.

Bu barədə "Report” saytının yaydığı məlumata görə, Əkbər Əkbərov komitənin sabiq sədri, baş nazirin müavini Əli Həsənovun baldızının oğlu,  Akif Mirzəyev isə yaxın qohumdur. Elman İsmayıovun da kənar adam olmadığı deyilir.

Mia.az-ın komitədə əldə etdiyi məlumata görə, yeni komitə sədir şöbə müdirləri statusunda olan rəhbər heyətin bütövlükdə mütləq əksəriyyətini dəyişmək niyyətini gizlətmir: "O, eyni zamanda, Əli Həsənovun dövründən komitədə müavin vəzifəsi daşıyanlarla da yollarını ayırmaq niyyətindədir.  Əsasən də Əli Həsənovun daha bir qohumu, komitə sədrinin müavini Gəray Fərhadovun daha tez uzaqlaşdırması gözləniləndir. Bu, o Gəray Fərhadovdur ki, bu gün azad edilənlərdən iki nəfəri Elman İsmayılovla Akif Mirzəyev əsasən onun "çətiri" altında fəaliyyət göstərir, onun birbaşa tapşırıqlarını icra edirdilər. Bu haqda zamanında mətbuatda da çox yazılıb”.

Məlumata görə, ta Əli Həsənovun dövründən qaçqın və məcburi köçkünlər üçün çoxsaylı bina və fərdi evlərin tikintisi monopoliyasını da öz əlində cəmləşdirən Gəray Fərhadov və ona bağlı olan qohumlarından ibarət qrup bununla bərabər, mənzillərin məcburi köçkünlərə paylanmasında da əsas rol alıblar.

Bu barədə "Reytinq” qəzetinin son sayında verilən məlumata görə, Gəray Fərhadov komitə sədrinin müavini kimi, tender, tikinti, mənzil paylanması, hətta mal-material alınması və kadr siyasətinə qədər əsas sahələri demək olar ki, əlində cəmləyib: "Bütün bu "əməliyyatlar”da isə Gəray Fərhadovun ən yaxın ortağı rolunda komitənin departament rəhbəri Elman İsmayılovla Akif Mirzəyev adlı yaxın qohumlarının da adı çəkilirdi ki, bu gün Rövşən Rzayev də onların "ayaqlarını komitədən kəsdi”. Hansı ki, Əli Həsənovun dövründə bu qohumları haqda mətbuatda çox yazılırdı. Lakin görünən odur ki, Əli Həsənov zamanında qaldırılan məsələri, edilən şikayətləri nəinki araşdırıb, əksinə, yaxın qohumu Gəray Fərhadovun "əl-qolu”nun daha da uzanmasına şərait yaradıb. Təsadüfi deyil ki, məhz Gəray Fərhadov geniş səlahiyyətlərindən istifadə edərək, demək olar əksər qohumlarını da komitəyə toplayaraq, bütün qanuni və ya qeyri-leqal maliyyə trafikini də şəxsi nəzarətinə götürüb. İndi də bu gəlirdən imtina edib, onları yeni komitə sədrinin sərəncamına buraxmaq niyyətində deyil. Hətta onun Rövşən Rzayevə onsuz buranı, məcburi köçkünləri idarə eləməyin çətin olduğunu anlatmaq üçün cəhdlər etdiyi də bildirilir. Bu, bir növ yeni sədrə təhdid kimi də sayıla bilər”.

Məlumata görə, çox böyük maddi kapitala sahib olan Gəray Fərhadovun yeni sədr Rövşən Rzayevi ram edəcəyi ağlabatan görünmür: "Açığı, düşünmürəm ki, Gəray Fərhadov Əli Həsənova güvənib, əvvəlki kimi yenə də burada hegemonluq edə biləcək. Birincisi, ona görə ki, Əli Həsənovun mövqeyi əvvəlki kimi güclü deyil. İkincisi və ən əsası isə Rövşən Rzayev nə təhdidə boyun əyəcək, nə də bunların təsiri altında "anlaşma”ya gedəcək. Çünki onun daha nüfuzlu, daha güclü fiqura bağlı olduğunu hamı bilir.  Məncə, yaxın müddətdə Gray Fərhadov da yola salınacaq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA