Ramil Usubov ATƏT-in parlament seçkilərini müzahidə missiyasının rəhbərini qəbul edib

img

07-10-2010 [05:42]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə missiyasının rəhbəri Odri Qloveri qəbul edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, nazir asayişin qorunması sahəsində görülən işlər, eləcə də seçkiqabağı və seçki dövründə polisin qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, parlament seçkilərinə hazırlıq dövründə və seçki zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin müvafiq qanunların tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi və bu məsələ ilə əlaqədar daxili işlər orqanlarının üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədi ilə DİN tərəfindən xüsusi Tədbirlər Planı hazırlanıb. Eyni zamanda Mərkəzi Seçki Komissiyası ilə birlikdə ?Polis əməkdaşlarının Milli Məclisə seçkilərdə iştirakına dair yaddaş kitabçası? hazırlanaraq çap etdirilib. Kitabçada polis əməkdaşının seçkiqabağı təşviqat dövründə, rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması prosesində, eləcə də səsvermə günü öz xidməti vəzifələrini yerinə yetirərkən həyata keçirəcəyi tədbirlər barədə ətraflı məlumat verilib. Seçkilərdə polisin əsas vəzifələrindən birinin seçicilərin, seçki məntəqələrinin və namizədlərin təhlükəsizliyini təmin etməkdən ibarət olduğunu, bununla bağlı zəruri tədbirlərin görüləcəyini, qanunla nəzərdə tutulan bütün vəzifələrin yerinə yetiriləcəyini deyən R.Usubov, eyni zamanda, seçki kampaniyası dövründə DİN-in digər əsas vəzifəsinin vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi olduğunu bildirib, bu istiqamətdə də lazımi işlər görüldüyünü nəzərə çatdırıb. O da qeyd olunub ki, seçki gününədək 18 yaşı tamam olacaq şəxslərin müəyyən edilməsi və onlara ilk növbədə şəxsiyyət vəsiqələrinin verilməsi təmin olunur və artıq bu kateqoriyadan olanların 99 faizə qədəri şəxsiyyəti təsdiq edən sənədi alıb. Odri Qlover ətraflı məlumata və seçkilərə hazırlıqla əlaqədar daxili işlər orqanlarının həyata keçirdiyi tədbirlərə görə minnətdarlığını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA