BAKI MERİ POSTU: iki komitə sədri, iki icra başçısı, bir nazir və QSC sədri... - Kim təyin olunacaq?

img

22-04-2018 [11:34]


Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dünən əzifəsindən azad olunaraq, Baş nazirin müavini təyin edilib.
 
Bəs, onun keçmiş postuna kim gətiriləcək?
 
Mia.az xəbər verir ki, bu postla bağlı istər ciddi dairələrdə, istərsə də sosial şəbəkələrdə maraqlı şəxslərin adları hallanır, müxtəlif ehtimallar üzərində proqnozlar verilir.Məsələn, "Yeni Müsavat" qəzeti bu posta "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Sumqayıtın icra başçısı Zakir Fərəcov, Gənclər və idman naziri vəzifəsini icra edən Azad Rəhimovun, hətta Daşkəsənin icra başçısə Əhəd Abıyevin namizəd olduğunu yazıb. 
 
Mia.az-ın məlumatına görə isə, əslində, adıçəkilən məmurların adlarının dövriyyəyə buraxılmasında xüsusi məqsəd güdən dairələr var. Belə ki, onlar şanslı namizədlərin adlarını gündəmə gətirməklə, sanki onları hədəfə gətirmək və bununla da öz məqsədlərinə nail olmaq istəyirlər:

"Əslində isə Bakı meri postuna kağız üzərində hazırda daha çox şəxsin namizədliyini hallandırmaq mümkündür. Amma belə götürəndə, yuxarıda qeyd edilən 4 namizədlə bərabər, bu posta Statistika Komitəsinin sədr əvəzi Tahir Budaqovla komitə sədri əvəzi Kərəm Həsənovun gətirilmə planı daha ciddidir. Unutmayaq ki, hər iki komitə sədri hələ də hazırkı vəzifələrinə təsdiq edilməyiblər. Və onlardan biri - Tahir Budaqov hazırkı vəzifəsinə qədər Nizami rayonunun icra başçısı işləyib. Yəni Bakıya yad deyil. Kərəm Həsənov isə tutduğu hazırkı uzunmüddətli postla nəinki Bakının, o cümlədən ölkənin bütün "gizli və açıq nöqtələri"nə bələddir... 

Bunlardan əlavə, Nərimanovun icra başçısı Abdin Fərzəliyevin də "qolunu çırmaladığı" haqda xəbərlər dolaşır. Sonuncunun hətta bu postu tutmaq üçün açıq şəkildə iddiasını da gizlətmədiyi deyilir. Ancaq böyük ehtimalla bu posta seçim Kərəm Həsənovla Tahir Budaqov arasında aparılacaq. 

Söz yox ki, son sözü Prezident deyəcək. Mümkündür ki, dövlət başçısı növbəti sürprizə imza ata və tamam ilə başqa bir şəxsi paytaxtın icra başçısı təyin edəcək".
 
Bildirlir ki, yaxın müddətdə şəhərin başçısı postu ilə bağlı sərəncam veriləcəyi gözlənilir. 
 
Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA