Minsk qrupunun həmsədrləri ilham Əliyevlə görüzüblər

img

06-10-2010 [05:03]


Bakıdan Naxçıvan Muxtar Respublikasına (NMR) səfər edən ATƏT-in Minsk qrupunun həmsədrləri prezident İlham Əliyevlə görüşüblər. NMR Ali Məclis Aparatından ANS PRESS-ə verilən məlumata görə, qapalı şəraitdə keçən görüş bir saatdan artıq davam edib. Görüşdə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ ətrafındakı ərazilərdə qiymətləndirici missiyasının üzvləri, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kasprşik də iştirak edib. Dövlət başçısı ATƏT-in qiymətləndirici missiyasını Naxçıvan Muxtar Respublikasında salamlamaqdan məmnunluq hissi keçirdiyini bildirib və bu səfəri müsbət hal kimi dəyərləndirib. Missiyanın fəaliyyətini alqışlayan prezident 2005-ci ildə ATƏT-in faktaraşdırıcı missiyasının işğal olunmuş ərazilərdə olarkən oradakı dağıntılar barədə hazırladığı məruzənin önəmini qeyd edib. Qiymətləndirici missiyanın tərkibinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndələrinin də daxil edilməsinin önəminə toxunan dövlət başçısı missiyanın işğal olunmuş ərazilərə budəfəki səfərlərinin və müşahidələrinin nəticəsi kimi obyektiv məruzənin hazırlanacağına, bu məruzədə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma, dağıntılar və ümumiyyətlə işğalla bağlı faktların öz əksini tapacağına ümidvar olduğunu bildirib. Nümayəndə heyətinin üzvləri Naxçıvan Muxtar Respublikasında olmalarından məmnunluq hissi ifadə ediblər və qiymətləndirici missiya çərçivəsində görüləcək işlər barədə dövlət başçısına məlumat veriblər. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dünəndən Naxçıvan Muxtar Respublikasında səfərdədir. Məlumata görə, ATƏT nümayəndələri Naxçıvandan İrəvana yola düşəcəklər. Onlar elə bu gün də İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcəklər. Faktaraşdırıcı missiyanın üzvləri sabah Xankəndiyə gedəcəklər və buradan hər gün növbəli şəkildə Dağlıq Qarabağ ətrafındakı rayonların birinə səfər edəcəklər. Missiyanın hava şəraitindən asılı olaraq oktyabrın 13-ü və yaxud 14-də yekunlaşdırılması planlaşdırılır. Xatırladaq ki, sonuncu dəfə faktaraşdırıcı missiya Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlarda 2005-ci ilin fevralında olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA