Prezident İlham Əliyev ailə üzvləri ilə konsertdə gənclərə çağırış etdi: "Taleyimiz öz əlimizdədir" + VİDEO

img

12-04-2018 [23:07]


Bakıda Heydər Əliyev Mrəkəzinin qarşısında prezident İlham Əliyevin seçkilərdə qalib gəlməsi münasibətilə möhtəşəm konsert keçirilib. 

Tədbirdə Azərbaycan prezidenti ailə üzvləri ilə birlikdə iştirak edib.

Mia.az xəbər verir k, tədbirdə Prezident İlham Əliyev çıxış edib:

"Əziz dostlar, hamınızı ürəkdən salamlayıram. Sizə və bütün Azərbaycan xalqına mənə yenidən göstərilən böyük dəstəyə görə təşəkkürümü bildirirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi çox vacib rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim.

Azərbaycan xalqı dünən öz seçimini etdi. Azərbaycan xalqı dünən bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi.

Sözün əsl mənasında müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıb. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır.Azərbaycan dünya miqyasında çox böyük bir hörmətə layiq ölkədir, daxili vəziyyətimiz sabitdir. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Bütün azadlıqlar təmin olunub.

Dünən keçirilmiş prezident seçkiləri bir daha onu göstərir ki, Azərbaycanda bütün azadlıqlar təmin olunub. Azərbaycan demokratiya yolu ilə uğurla gedir. Açıq, şəffaf, ədalətli şəkildə keçirilmiş seçkilər Azərbaycan xalqının iradəsini əks etdirib. Seçkilərdə mənə göstərilən dəstək məni daha da ruhlandırır, mənə daha böyük güc verir. Seçkilərdə xalqımız həm görülən işlərə, həm real nəticələrə, həm də bizim gələcəyimizə səs verib. Əminəm ki, bundan sonra da ölkəmiz uğurla inkişaf edəcək.

Bu gün dünya miqyasında Azərbaycan sabitlik adası kimi tanınır. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər nəticə göstərən ölkə olmayıb. Azərbaycan xalqı öz seçimini etdi. Biz hamımız çalışmalıyıq ki, bundan sonra da ölkəmizi gücləndirək. Bu gün də Azərbaycan güclü dövlətdir. Daha güclü dövlət, daha güclü Azərbaycan qurmalıyıq. Yolumuz müstəqillik yoludur. Bizi bu yoldan heç bir kənar qüvvə döndərə bilməz. Bu yol Azərbaycan xalqının şüurlu seçimidir. Biz müstəqil ölkə, böyük xalqıq. Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər.

Bizim taleyimiz öz əlimizdədir. Üzümü Azərbaycan gənclərinə tutub deyirəm: ölkəmizin gələcəyi sizin əlinizdədir. Bu gün yetişən gənclik gələcəkdə Azərbaycanı idarə edəcək”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA