"Parlament seçkilərinin azad və ədalətli keçiriləcəyi böyük zübhə altındadır"

img

03-10-2010 [04:50]


[b]Həsən Kərimov: "Hakimiyyət apardığı anti-milli siyasət, yaratdığı rüşvət və korrupsiya sistemi səbəbindən bütün sosial bazasını itirib" [/b] Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verilməsə də, artıq narazılıqlar yaranmaqdadır. Müxalifət nümayəndələri bildirirlər ki, hakimiyyət seçkinin ilkin mərhələsində onlara maneələr yaradır, yerlərdə təzyiqlər edirlər. Seçkiöncəsi vəziyyətlə bağlı müsahibə verən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov isə deyir ki, hazırkı vəziyyətə nəzərən demokratik seçkilər keçirilməyəcək: - Seçkiöncəsi olsa da, iqtidar, ənənəvi olaraq, sərbəst toplaşmaq azadlığını məhdudlaşdırır, demokratik seçki mühitinin formalaşmasına imkan vermir. Hazırda imzatoplama kampaniyası gedir, amma bir sıra rayonlarlarda buna maneələr törədilir. Sabirabadda, Goranboyda insanlardan şəxsiyyət vəsiqələri alınmış və insanların müxalifət nümayəndələrinə imza vermələrinə ciddi maneələr törədilir. Beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürmələrinə baxmayaraq, iqtidarın ölkədə azad və ədalətli seçki keçirməyə siyasi iradəsi çatmır. Yenə seçki məntəqələri hakim partiyanın monopoliyasındadır. Ona görə də bəri başdan demək olar ki, parlament seçkilərinin azad və ədalətli keçiriləcəyi böyük şübhə altındadır. [b]- Bundan əvvəl belə bir şərait əsas gətirilərək, boykot yolu tutulurdu. Bu dəfə müxalifətin bütövlükdə seçkiyə getməsini nə ilə izah edirsiz? [/b] - Bəli, bizim 2005-ci il təcrübəmiz var. Ötən seçkilərdə əlimizdə olan protokollara görə, "Azadlıq" bloku 62 dairədə birmənalı olaraqa qələbə qazanmışdı. Biz hakimiyyətə gəlməyin yolunu azad və ədalətli seçkilərdə görürük. Bir şey də var ki, biz xalqla təmasları yalnız seçki zamanı qura bilirik. Çünki bundan öncəki dövrlərdə dəfələrlə müraciət etməyimizə baxmayaraq, hakimiyyət elementar olaraq 50 nəfərin iştirakı ilə piketlərin keçirilməsinə imkan vermir. İndi ümid edirik ki, seçkidə xalqla təmasda olacağıq. Bu imzatoplama kampaniyasında bir şeyi yəqin elədik ki, xalq bu hakimiyyətə səs verməyəcək. Biz görüşlərdə iqtidarın mahiyyətini açıb göstərməyə çalışacağıq. Düzdür, bizə irad tutanlar olur ki, nəticənin bəribaşdan bəlli olduğunu bilirsiniz. Ancaq biz həmişə xalqın yanında olmağa çalışırıq. Seçkiyə qatılmağımızın da əsas səbəbi budur. [b]- Ötən parlament seçkiləri ilə hazırkı vəziyyət xeyli fərqlənir. Yəni, 2005-ci ilə nisbətən hazırda bir passivlik var. Bu nə ilə bağlıdır? [/b] - Ola bilər. Amma biz imzatoplama kampaniyasında insanlarla təmaslarda olur, onların hazırkı vəziyyətlə bağlı fikirlərini bilirik. Tam məsuliyyətimlə deyirəm ki, bu hakimiyyətə heç kim səs verməyəcək. Hakimiyyət apardığı anti-milli siyasət, yaratdığı rüşvət və korrupsiya sistemi səbəbindən bütün sosial bazasını itirib. 2003-cü ildən bəri verilən vədlərin heç biri yerinə yetirilməyib. Bu hakimiyyət xalqı aldatmaqdan başqa yol tutmayıb. Bu günə kimi görüşdüyümüz insalar bildirirlər ki, bu seçkilərdə də müxalifət namizədlərinə səs verəcəklər. Bildiyiniz kimi, biz AXCP və Müsavat olaraq kütləvi aksiyalara başlamaq haqqında qərar vermişik. Oktyabrın 10-da "AXCP-Müsavat" bloku mitinq keçirəcək. Bu mitinqlərdə də həmin aktivliyin şahidi olacağıq. Yəni, 2005-ci illə müqayisədə 2010-cu ildə xalqın bu hakimiyyətdən gözlədiklərinin heç biri həyata keçməyib. Ona görə də Azərbaycan xalqının az-çox ümid yeri ancaq müxalifətdir. İnsanlar səsvermədə də, müxalifətin mitinqlərinə dəstək verməkdə də bunu göstərəcək. [b]- Həmişə seçkidən sonra deyirsiniz ki, xalq müxalifət namizədinə səs verib, amma verdiyi səsləri qoruyan yoxdur. Sizcə, problemin kökü bunda deyilmi? [/b] - Bəli, tamamiylə razıyam. Seçicilər səs verir və bununla işlərini bitmiş hesab edirlər. İnsanlar bir şeyi başa düşməlidirlər ki, bu gün seçki qutusunun başına gedib səs verirsə, o qutu millətin şərəf və ləyaqətidir. Onun şərəf və ləyaqəti ayaq altına atılırsa, buna etiraz etməlidir. Biz seçkiöncəsi və seçki günü xalqa müraciət edəcəyik ki, hər kəs bülletenlər sayılan zaman məntəqələrin qarşısında olsunlar, səs verdikləri namizədin hüquqlarını və seçimlərini qorusunlar. [b]- 2005-ci il parlament seçkilərində nəticələrin saxtalaşdırılacağı təqdirdə mandatdan imtina məsələsi gündəmə gəldi, amma Müsavat parlamentə getdi. Budəfəki seçkilərdə necə, bu barədə hər hansı qərar verilə bilərmi?[/b] - Hələlik deputatlığa namizədlərin imzatoplama kampaniyası gedir və az sayda namizədlərimiz dairələrə imza vərəqələrini təqdim ediblər. Yəni, hələ qeydiyyat mərhələsinə baxaq görək, namizədlərimizin neçəsi qeydə alınacaq. Eyni zamanda təbliğat və təşviqat dövründə yaradılacaq şəraiti də nəzərə almaq lazımdır. Qeyd etdiyiniz məsələ ilə bağlı da seçkidən sonra müttəfiqlərimizlə müzakirə edib, hər hansı qərar verə bilərik. Nə AXCP-də, nə Müsavatda bu məsələ hələlik müzakirə olunmayıb. Hələlik seçkiyə qədərki proseslər gündəmdədir. Hazırda əsas məqsədimiz insanlarla daha çox təmasda olub, iqtidarın apardığı yarıtmaz və xalqazidd siyasəti ifşa etməkdir. [b]- Həsən bəy, seçkiyə getməyinizin əsas məqsədinin bir növ təbliğat xarakterli olduğunu deyirsiniz. Qəzetimizin ötən sayında müsahibə verən Qurban Məmmədov isə deyir ki, bu seçkidə sona qədər iştirak edən müxalifət nümayəndəsi hakimiyyətlə anlaşmış, anti-demokratik seçkiyə legitimlik donu geyindirmiş olacaq. Bu fikirlə razısınızmı? [/b] - Bu, Qurban Məmmədovun şəxsi fikridir və onun fikirlərinə şərh vermək istəmirəm. Bilirsiniz, belə fikirlər müəyyən "politoloqlar", partiya funksionerləri tərəfindən səsləndirilə bilər. Zəhmət çəkib, ad çəksinlər görək, hansı partiya, hansı lider hakimiyyətlə işbirliyindədir, yaxud onun keçirdiyi seçkilərə legitimlik donunu geyindirir. Siyasi partiyanın fəaliyyəti seçkilərdə iştirak etməkdir. İndi seçkilərdə də iştirak etməməliyik? Bunun başqa yolu inqilabdır. Biz isə inqilabi yol seçmirik. Əminəm ki, geci-tezi seçki yolu bu hakimiyyəti dəyişəcəyik. Azərbaycanın bundan başqa yolu yoxdur. Qarabağ probleminin, digər sosial-iqtisadi problemlərin həlli də, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi də demokratik seçkilərdən keçir. Hazırda dünya bunu tələb edir, çünki demokratiya elə bir məsələdir ki, heç kimin daxili işi sayılmır. Amma elə bir vəziyyət yaranıb ki, artıq bütün dünyanın Azərbaycanda keçirilən seçkilərlə bağlı informasiyası var. BMT Baş Assambleyasında ABŞ Prezidentinin, digər Avropa dövlət başçılarının çıxışlarındakı sətiraltı ifadələrində Azərbaycan hakimiyyətinə müəyyən mesajlar verirdilər. Ona görə də bu məsələdə kimisə günahlandırmaq, kimisə hakimiyyətlə işbirliyində suçlamaq siyasətçiyə yaraşan addım deyil. Yaxşı olar ki, Qurban Məmmədov özünün təmsil olunduğu siyasi partiyanın mövqeyini ortaya qoysun. [b]- O, təmsil olunduğu partiyanı da bəyənmir, özünün partiyaya aidiyyatının olmadığını deyir... [/b] - Əgər kimsə hər hansı partiyanın fəaliyyətində iştirak eləmirsə, başqalarını günahlandırmağa, ümumiyyətlə, haqqı çatmır. Əslində bu cür çıxışlar hakimiyyətə haqq qazandırmaqdır. [b]- Həsən bəy, AXCP-nin son qurultayında Müsavat Partiyası ilə birləşmək qərarı verdiniz. Hər iki tərəf bu birliyin baş tutması üçün müsbət fikirlər səsləndirir. Necə düşünürsünüz, bu partiyaların birləşməsi reallaşa bilərmi? [/b] - AXCP ilə Müsavatın birləşmə məsələ nə AXCP funksionerlərinin, nə də Müsavatın işidir. Artıq bu birlik cəmiyyətin sosial sifarişidir. Yəni, cəmiyyətdə yaranan fəallığın ən böyük amillərindən biri Xalq Cəbhəsi Partiyasının Müsavatla birləşməsi haqqında verdiyi qərardır. Cəmiyyət çoxdan real müxalifətin bir yerdə olmasını arzu edir. Çox vaxt seçkilərdə passivlik ona görə olurdu ki, real müxalifət bir arada olmurdu. Xalq isə deyirdi ki, bir arada olun, biz də sizin arxanızda duraq. Mənə elə gəlir ki, əgər həm müsavatçılar, həm cəbhəçilər xalqın iradəsi ilə razılaşırlarsa, bu birlik baş tutacaq. Artıq Xalq Cəbhəsi Partiyası son qurultayında bununla bağlı qərarını verib və qarşı tərəfin qərarını gözləyir. Mənə elə gəlir ki, Müsavat Partiyasının da rəhbər orqanları bununla bağlı müsbət qərar verəcək. Sıravi müsavatçılar onsuz da, birliyin tərəfdarıdır. Bu birliyin baş tutmasına problem yaratmaq istəyənlər anlamalıdırlar ki, bizim bir nicat yolumuz var, o da birlikdən keçir. Düşünürəm ki, Müsavat Partiyası bu yolda real və müsbət addım atacaq, birləşmək haqqında qərarını verəcək. [b]- Amma bir məsələ də var ki, Müsavatla AXCP-nin elitası həmişə dartışmada olub. Bu çəkişmələr, intriqalar birliyə mane olmayacaq ki? [/b] - Biz dəfələrlə bəyan etmişik ki, keçmişə yox, gələcəyə baxmaq lazımdır. Artıq qarşılıqlı ittihamlar da, çəkişmlər də, dartışmalar da arxada qaldı. Həmin umu-küsülərə vaxt ayırmağa, yada salmağa ehtiyac yoxdur. İndi gələcəyə baxmaq lazımdır, gələcək də bizdən birliyi tələb edir. [b]- Əsas məsələlərdən biri də birləşmiş partiyaya kimin rəhbərlik edəcəyidir... [/b] [i]- (Tələsik)[/i] Bu, artıq qurultayın səlahiyyətinə aid məsələdir. Bilirsiniz ki, AXCP qurultayında birlik tərəfdarı olduğunu bəyan etdi. Lider məsələsini isə AXCP ilə Müsavatın birləşmiş qurultayı həll edəcək. Birləşmiş partiyanın liderinin kim olacağını hələlik bəlli deyil. Bu, qurultayda bilinəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA