Beynəlxalq Bankın Müşahidə Şurası yeni tərkibdə toplandı - Təyinat və qərarlar

img

09-04-2018 [16:07]


 Bu gün "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Müşahidə Şurasının yeni tərkibdə ilk toplantısı keçirilib. 

Mia.az ABB-yə istinadən bildirir ki, iclasda Bankın bu ilin I rübünwn maliyyə nəticələri, daxili komitələrinin tərkibi və əsasnamələri, qurumun təşkilati strukturu, İdarə Heyətinə (IH) 2 yeni üzvün qəbulu və cari məsələlərə baxılıb.

İclasda Bankın İH sədrinin müavini Aqşin Əmirov İH-nin üzvü və Baş risk inzibatçısı təyin edilib. Nəbi Əliyev isə İH-nə üzv qəbul edilməklə İH sədrinin müavini, Baş maliyyə inzibatçısı vəzifəsinə təyin olunub.

İclasda qeyd edilib ki, Azərbaycan dövlətinin dəstəyi ilə sağlamlaşdırma prosesini uğurla başa çatdırmış ABB hazırda yeni inkişaf mərhələsindədir. Bankın kapital mövqeyinin bərpası, dayanıqlılığı, gəlirliliyi təmin olunub. Görülən işlərin müsbət nəticəsi kimi, ABB 2018-ci ilin ilk rübünü mənfəətlə başa vurub. Ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutu kimi bankın fəaliyyətinin səmərəliliyinin və effektivliyinin artırılması, idarə edilməsinin müasir korporativ standartlar əsasında təşkili, kadr siyasətinin təkmilləşdirilməsi və s. istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı kimi, MŞ-nın iclasında bankın daxili komitələrinin tərkibi və onların yeni əsasnamələri təsdiqlənib. ABB-nin təşkilati strukturunun optimallaşdırılmasına, institusional inkişafı məqsədilə qabaqcıl təcrübəyə uyğun bir neçə ixtisaslaşmış struktur bölmənin yaradılmasına, bəzi struktur bölmələrin isə yenidən təşkilinə qərar verilib.

Xatırladaq ki, ABB Müşahidə Şurasının yeni tərkibi martın 14-də keçirilən toplantıda yenidən formalaşdırılıb. 

Belə ki, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov bankın Müşahidə Şurasının sədri, maliyyə nazirinin müavini Emin Hüseynov, iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov Müşahidə Şurasının yeni üzvləri təyin olunublar.

Bankın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrası isə bankın İdarə Heyəti sədrinin 1-ci müavini Abbas İbrahimova həvalə edilib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA